Əsas Səhifə > Partiya, Güney Press > “Türkiyə-Rusiya əməkdaşlığından maksimum yararlanmaq lazımdır”

“Türkiyə-Rusiya əməkdaşlığından maksimum yararlanmaq lazımdır”


29-03-2021, 08:38
“Türkiyə-Rusiya əməkdaşlığından maksimum yararlanmaq lazımdır”
“Rusiya-Qərb qarşıdurması müşahidə olunur. Lakin burada üçüncü oyunçu kimi Avropada gedən proseslər də birmənalı deyil. Məsələn, Çin-Amerika münasibətləri, digər regional ölkələr və fövqəldövlətlər məsələsi var. Bəli, reallıq budur ki, siyasi mənzərə dəyişir”.

Bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya-ABŞ qarşıdurmasından danışarkən Reyting.az-a deyib.

İndi bu proseslərdə əsas oyunçuların nüvə silahına malik Rusiya və Amerika olduğunu xatırladan Zülfüqrov qeyd edib ki, müxtəlif alyanslar, platformalar da yaradılır.

Bu qarşıdurmada diqqəti Azərbaycanın yerləşdiyi bölgəyə çəkən sabiq nazir Cənubi Qafqaza aid bir məqamı qeyd etməyi vacib sayır: “Bu da onunla bağlıdır ki, hələlik Türkiyə-Rusiya əməkdaşlığının davam etməsinə ABŞ-ın anti-Rusiya siyasəti, eyni zamanda bəzi istiqamətlərdə Türkiyəyə qarşı addımları da səbəb olacaq. Yəni bu ona gətirib çıxaracaq ki, Moskva-Ankara əməkdaşlığı davam edəcək. Bu da istər-istəməz bizim xeyrimizədir. Sözsüz ki, biz bundan maksimum istifadə etməliyik.

Türkiyə-Rusiya əməkdaşlığının nə qədər çəkəcəyini demək çətindir. Amma indiki mərhələdə görünən odur ki, belə bir əməkdaşlıq mövcuddur və davam edir. Biz də bundan yararlanmalıyıq. Çünki indiki mərhələdə belə bir variant bizə uyğundur”.


Geri qayıt