Əsas Səhifə > Partiya, Güney Press > “O cür şüarlar anti-Rusiya mövqeyinin yaranmasına səbəb olur”

“O cür şüarlar anti-Rusiya mövqeyinin yaranmasına səbəb olur”


31-03-2021, 08:18
“O cür şüarlar anti-Rusiya mövqeyinin yaranmasına səbəb olur”
Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək. Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər. Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” Partiyası özünəməxsus şüar seçib: “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!”.

Məlumdur ki, Rusiyanın bəzi siyasətçiləri ermənilər kimi, xəstə təxəyyüllə sahibdirlər, imperialist siyasət düşüncəsindədirlər. Amma bu cür niyyətlər və açıqlamalar ilk növbədə Moskvanın olduğu həssas bölgələrdə anti-Rusiya meyllərini gücləndirir. Bu sırada Azərbaycan da istisna deyil. Xüsusilə sülhməramlıların Qarabağa yerləşməsindən sonra ölkədə bu cür əhval-ruhiyyə artıb. Mironovun seçki şüarı isə konkret məkrli niyyətlərdən xəbər verir.

Hakim Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov məsələ ilə bağlı “Yeni Müsavat”a şərhində bu cür şüar və açıqlamaların seçkilərdə müəyyən kəsimin səsini qazanmağa hesablandığını bildirdi: “Seçki kampaniyasında reallığa uyğun olmayan populist fikirlər və şüarlara tez-tez rast gəlinir. Ola bilsin ki, Mironovun partiyasının həmin şüarı da bu qəbildəndir. Populist və reallığa uyğun olmayan bu cür şüar müəyyən seçici kəsiminin səsini qazanmağa hesablanıb. Ancaq belə şüarlar əslində heç də uğurlu deyil. Bu, həm də Kremlin, Rusiyanın ziyanına işləyir, region ölkələrinin cəmiyyətlərində anti-Rusiya mövqeyinin yaranmasına səbəb olur. Bu isə əlbəttə ki, Kremlin zərərinədir.

Ona görə də hesab edirəm ki, populist siyasətçilərin və siyasi təşkilatın reallığa uyğun olmayan populist şüarı və fikri heç də Rusiya hakimiyyətinin, rəsmi Kremlin mövqeyi deyil. Rusiya prezidenti qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib. Ötən il Qarabağ müharibəsi zamanı Putin bir neçə dəfə açıq bildirdi ki, Qarabağ Azərbaycanın ərazisidir və ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz Rusiya dövlətinin bu mövqeyini əsas götürürük, hansısa bir partiyanın seçki kampaniyasına hesablanan populist şüarını yox. Bu əlaqələrə kölgə salmaq istəyən siyasətçilərin və siyasi təşkilatların niyyətlərinin reallaşmasına imkan verilməz. Xüsusilə Kreml indiki həssas zamanda zərərli siyasi şüarların, çağırışların yolverilməz və daha çox Rusiyanın özünə ziyan vuran fikirlər olduğunu onu ortaya atanların diqqətinə çatdırmalıdır”.

Politoloq Elxan Şahinoğlu isə məsələyə bu cür münasibət bildirib: “Bu dövlət mövcud ərazilərini inkişaf etdirməkdə, əhalinin tamamını minimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, rusiyalı bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır. Bəs Sergey Mironovun partiyası ”böyümə" dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur? Bunu gizlətmirlər: “Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və keçmiş Dağlıq Qarabağ...” Yəni keçmiş SSRİ məkanında harada separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər.

Abxaziyanın, Cənubi Osetiyanın və Donbasın Rusiya ilə birbaşa sərhədi var, bəs keçmiş Dağlıq Qarabağı Rusiyaya necə “birləşdirməyi” planlaşdırırlar? Azərbaycanın bir parçası olan Qarabağın Rusiya ilə sərhədi yoxdur axı! Tutaq ki, Moskvadakı qüvvələr Dağlıq Qarabağdakı erməniləri “birləşdirməyə” həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar, bəs azad etdiyimiz ərazilər necə olacaq? Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər?"

Geri qayıt