Əsas Səhifə > Partiya, Güney Press > "Sosial şəbəkələrdə də gördük ki, xalqımız onunla qürur duyur"

"Sosial şəbəkələrdə də gördük ki, xalqımız onunla qürur duyur"


3-04-2021, 09:39
"Sosial şəbəkələrdə də gördük ki, xalqımız onunla qürur duyur"
“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ”Qarabağ" ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram", - deyə Bayraqdar qeyd edib. Paylaşılan fotolarda prezident İlham Əliyevə Bayraqdar tərəfindən verilən özəl hədiyyə diqqət çəkib. Belə ki, hədiyyə olunmuş gödəkçənin bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə dövlət başçısının ad-soyadı əks olunub.

Azərbaycanın vətən müharibəsində seçdiyi döyüş taktikasında böyük rolu olan PUA-ların istehsalçısı olan şirkətin rəhbərinin ölkəmizə gəlməsi, dövlət başçısı ilə görüşü xalqımız tərəfindən də müsbət qarşılanıb. Sosial şəbəkələrdə sözügedən fotolar trend olub. Ekspertlər, ictimaiyyət nümayəndələri də bu əlamətdar səfəri müsbət qiymətləndiriblər.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Selçuk Bayraktarın hazırladığı BayraktarTB2 təkcə Azərbaycanın vətən müharibəsi üçün deyil, dünyanın hərb sənayesi üçün yeni bir səhifə açır: “Dünya hərbi ekspertləri bunu etiraf edəcəklərmi, deyə bilmərəm. Ancaq artıq PUA-ların əhəmiyyəti ilə bağlı fikirlər səslənir ki, onların istehsalı hərb sənayesində yeni bir mərhələdir. Dünyanın hər yerində bu texnikalar öyrənilir. Bu yeniliyi yaradan insanlara diqqət olmalıdır. Xüsusən də Azərbaycanın apardığı müharibədə PUA-lar xüsusi rol oynadı - həm qələbənin əldə olunmasında, həm itkilərimizin az olmasında.

Ona görə də, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən Selçuk Bayraktarın yüksək səviyyədə qəbul olunması, orderlə təltif olunması çox müsbət haldır. Onun özünün də Azərbaycana xüsusi sevgisini, məhəbbətini gördük. O özü də qürur duydu ki, Azərbaycanın haqq işində o da öz köməyini göstərib. Hər bir azərbaycanlı onun ölkəmizə gəlişinə sevinməlidir, onunla fəxr etməlidir. Sosial şəbəkələrdə də gördük ki, xalqımız onunla qürur duyur”.

Hərbi ekspert Emin Həsənli isə qeyd etdi ki, Selçuk Bayraktar Azərbaycana xüsusi sevgisi olan bir şəxsdir və vətən müharibəsinə bu qədər töhfə verdiyi üçün özü də qürur duyur: “Biz də həmin gün Selçuk Bayraktarla görüşdük, söhbət etdik, Azərbaycan xalqının təşəkkürlərini ona çatdırdıq. Çox pozitiv insandır, Azərbaycanı həddindən artıq sevən biridir. Türk millətçisidir, Türkiyə və Azərbaycana bağlıdır, Turan ideyalarının daşıyıcısı olan biridir. Dünyanın ən böyük mühəndislərindən biridir, Amerikada təhsil alıb. Qarabağ müharibəsindən sonra dünyada orduya, texnikaya münasibət dəyişib. Dünya artıq böyük texnika və böyük ordularla yox, kiçik texnika və kiçik xüsusi təyinatlı qruplarla müharibəyə, pilotsuz uçuş aparatlarına üstünlük verməyə başlayıb.

Müharibəyə baxış dəyişib, hərbi strategiyaya baxış dəyişib. XXI əsrin müharibəsini Azərbaycan özünün apardığı 44 günlük müharibə ilə göstərdi. Orada klassik müharibə metodları da var idi, Şuşanın, Hadrutun alınmasını da unutmamalıyıq. Orada yaxın məsafədə əlbəyaxa döyüş olub, müasir silahlarla silahlanmış xüsusi təyinatlılarımız Şuşanı azad edib. Ancaq ümumilikdə Qarabağ savaşında qələbənin qazanılmasında PUA-ların müstəsna xidmətləri olub. Ona görə də, cənab prezident Selçuk Bayraktarı ”Qarabağ" ordeni ilə təltif etdi. Bu onun halal haqqıdır. Azərbaycan xalqı onu sevir".

Ekspertin sözlərinə görə, sözügedən şirkət müharibədə müstəsna rol oynayan bu silahın müxtəlif versiyasını Azərbaycanla birgə hazırlayacaq: “Onun ”Bayraktar" adı ilə hazırladığı silahı daha da təkmilləşdiriləcək. Azərbaycanla birgə hazırlayacağı pilotsuz uçuş aparatının müxtəlif versiyaları olacaq. Bu PUA-lar düşmənin başına od yağdırdı, nə qədər hərbi texnikasını sıradan çıxardı, hava hücumundan müdafiə sistemindən tutmuş tanklarını, artilleriya qurğularını, zenit-raket qurğularını məhv etdi. Əlbəttə ki, ən böyük rol Azərbaycan prezidentinindir, ordusunundur, xalqınındır, əsgərinin, o qurğuları idarə edən hərbçilərindir. Ancaq silahların da rolu böyükdür, bu danılmazdır, o cür dəqiq vuran silahlar olmasaydı, bizim itkilərimiz daha çox olardı. Düşmənin istehkamlarının dağıdılmasında, 30 illik müdafiə sisteminin yarılmasında, düşmənin arxasına keçərək böyük qələbənin əldə edilıməsində “Bayraktar”ın müstəsna rolu var".

Məlumat üçün qeyd edək ki, Selçuk Bayraktar 2000-ci ildə İstanbul Texniki Universitetini Elektronika ixtisası üzrə bitirib. Sonralar Pensilvaniya Universitetinin magistrantı və Massaçusets Texnologiya İnstitutunun doktorantı olub. 2015-ci ildə BayraktarTB2-nin təqdimatını keçirib. Sonralar silah istehsalçıları və alıcılarının diqqətini cəlb edən bu dron 7 km hündürlükdə 24 saat uçuş müddətinə malikdir. Gövdəsində 50 -60 kq bomba daşıya və 150 km məsafəyə uçuş edə bilir. Bu dronlar Türkiyənin PKK-ya qarşı apardığı mübarizəsində, həmçinin sonralar Liviya və Suriyada müharibələrdə ciddi uğurlar qazandı. Bayraktar TB2 dron sürüləri ən məşhur hava hücumu silahlarından, zenit qurğularından yayınaraq vacib hədəflərə dəqiq zərbələr endirə bilir. İndi məlum olur ki, milyonlarla dəyəri olan zenit kompleksləri, S-300 -lər adi dronlar qarşısında effektiv deyilmiş. Hələlik dron sürüsünə qarşı effektiv mübarizə apara biləcək elə bir ciddi vasitələr də istehsal olunmayıb. BayraktarTB2-nin qiymətinin 5 milyon dollar olduğu deyilir.

Geri qayıt