Əsas Səhifə > Partiya, Güney Press > "Rus generalın Qarabağa gəlişi xoş niyyətin göstəricisi sayıla bilməz”
"Rus generalın Qarabağa gəlişi xoş niyyətin göstəricisi sayıla bilməz”5-04-2021, 07:51 |
“Ermənistandan Xankəndiyə səfərlərin dayanmaması bizim narahatlığımızı artırır”. “Sherg.az”ın xəbərinə görə, bu barədə Azərbaycan Yüksəliş (AY) Partiyasının sədri Anar Əsədli sosial şəbəkədə yazıb. Partiya rəhbəri bildirib ki, son vaxtlar Rusiya və Ermənistan hərbi rəhbərlərinin Qarabağda görüşləri intensivləşib: “Ən son Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Qarabağa səfər etdi. Səfərdə məqsəd Rusiya sülhməramlıları üçün nəzərdə tutulan 150, 250 nəfərlik 25-ci modul şəhərciyinin açılışında iştirak etməkdir. Amma bu, sadəcə görüntüdür. Rusların burada “sülhməramlı” adı altında lövbər salması imperiyalist xəyallarını gerçəkləşdirmək niyyətindən başqa bir şey deyil. 1960 nəfərlik kontingent üçün beş mindən çox yerlik şəhərciyin salınması xalqımızı narahat etməyə bilməz. Digər tərəfdən, rus general Qarabağa Ermənistandan keçibsə, bu, ərazi bütövlüyümüzə hörmətsizlik sayıldığından, ilk sərt reaksiyanı Xarici İşlər Nazirliyi verməli idi. Onların "nümunəsi" Müdafiə Nazirliyini də susma mövqeyində saxladı. Bu, yolverilməzdir. Onsuz da rus sülhməramlılarının xoşməramlı olmayan fəaliyyəti Azərbaycan dövlətinin də haqlı narazılıqları ilə müşayiət olunur”. A.Əsədliyə görə, məsələ rus generalın Qarabağa hansı marşrutla gəlməsidir: “Bulqakov Azərbaycan ərazisindən keçərək Qarabağa gəlibsə, o zaman narahatlığa ciddi əsas yoxdur. Çünki bizim əsas tələbimiz, Azərbaycanın əsas gözləntisi Qarabağa, Xankəndiyə gediş-gəlişin bizim ərazimiz vasitəsilə olmasıdır. Ermənistandan oraya gedilməsi ciddi problemdir və biz də haqlı olaraq, bu narazılığımızı dərhal Rusiya sülhməramlılarının rəhbərliyinə çatdırırıq. Əgər general Ermənistandan keçibsə, bu, Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar hörmətsizlikdir. Bəyanatdan kənar amillər Azərbaycan və Türkiyə ilə razılaşdırılmalıdır. Digər tərəfdən, Laçın dəhlizi vasitəsilə Ermənistandan Xankəndiyə hərbçilərin və silahların daşınması, Xankəndidəki separatçıların yürüş keçirməsi, rus dilinin separatçı qurum tərəfindən “dövlət dili” elan edilməsi və s. amillər gərginliyi artırmağa xidmət edir. Bütün bunlardan sonra bir də Bulqakovun gəlişi, 25-ci modul şəhərciyin açılışı xoş niyyətin göstəricisi sayıla bilməz”. Geri qayıt |