Əsas Səhifə > Partiya, Güney Press > "Şuşaya, Kəlbəcərə, Ağdama giriş pullu ola bilməz"

"Şuşaya, Kəlbəcərə, Ağdama giriş pullu ola bilməz"


15-04-2021, 08:24
"Şuşaya, Kəlbəcərə, Ağdama giriş pullu ola bilməz"
Sabiq deputat Etibar Hüseynov maraqlı təkliflə çıxış edib. O qeyd edib ki, gələcəkdə istirahətə gələnlər üçün Şuşa və Kəlbəcərə, o cümlədən Ağdama giriş pullu olsun: "Simvolik 50 qəpik, 1 manat və ya kim nə qədər istəsə. Niyə də yox? Bu gün ölkə boyu az qala bütün şəlalə, göl və s. pullu edilib.

Ki, bura filankəs pul qoyub, əziyyət çəkib. İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb. Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı vermək niyə də olmasın? Amma yenə də "YAŞAT" Fonduna yığılmaq şərtilə". Sabiq deputat bildirib ki, bu addım hamının ürəyincə olar: "Hər kəsə istirahətdən əlavə ruhən və mənən bir rahatlıq da gətirər".

Milli Məclisin deputatı Elman Məmmədov təklifə münasibət bildirib. O, "Şərq"ə açıqlamasında bildirib ki, sabiq deputatın bu təklifi təbii ki, xoşməramlıdır. Ancaq Azərbaycanın hər hansı bir bölgəsinə girişi-çıxışı pullu etməyi düzgün hesab etmir:

"Hörmətli sabiq deputat yoldaşımız Etibar Hüseynov təbii ki, bunu xoşməramla və xoş fikirlə deyib. Yəni müəyyən vəsait toplanar və bu vəsait də xeyirə xərclənər. Yəni şəhid ailələrimizə, qazilərimizə, əlillərimizə.

Ancaq Azərbaycanımızın hər hansı bir şəhərinə, kəndinə, qəsəbəsinə şlaqbaumlar qoymaq, keçid məntəqəsinə girişi-çıxışı pullu eləmək fikrimcə, bizə yaraşan iş deyil və qəbulolunmazdır".

Geri qayıt