Əsas Səhifə > Partiya, Güney Press > “Prezidentin çıxışları Azərbaycanı dəstəkləyənlərin sayını kifayət qədər artıra bilib”

“Prezidentin çıxışları Azərbaycanı dəstəkləyənlərin sayını kifayət qədər artıra bilib”


15-04-2021, 16:17
“Prezidentin çıxışları Azərbaycanı dəstəkləyənlərin sayını kifayət qədər artıra bilib”
“Bakıda ADA-nın rektoru, professor Hafiz Paşayevin təşkil etdiyi “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Prezident İlham Əliyev də iştirak edib. Tədbirdə beynəlxalq politoloqlar, yerli və xarici jurnalistlər və xarici ölkələrin diplomatlarının çoxsaylı suallarını cavablandırıb. Prezident Qafqaz regionunda və ümumiyyətlə, Qafqazla əlaqədar dünya siyasətinə aid verilmiş suallara cavab verib, bu siyasətlə əlaqədar Azərbaycan dövlətinin mövqeyinin çox dərin analizini aparıb”.

Bunu Cebhe.info-ya eks-spiker Rəsul Quliyev deyib.

R.Quliyev qeyd edib ki, verilən suallar və Prezidentin cavablarına diqqətlə qulaq asıb və keçirilmiş bu beynəlxalq konfransın çox böyük əhəmiyyəti olacağına heç bir şübhəsi qalmayıb:

“Hesab edirəm ki, Prezident həm müharibə, həm də müharibədən sonra Ermənistanla əlaqədar Azərbaycanın apardığı siyasətin mahiyyətini bütün dərinliyi ilə iştirak edənlərə çatdıra bilib. İlham Əliyevin müharibə dövründə düşmənə qarşı tutduğu humanitar mövqeyi (bu mövqe Prezidentin sadalağı rəqəmlərlə öz əksini tapır) və müharibədən sonra Ermənistanla diplomatik əlaqələri yaratmaq, nəqliyyat kommunikasiyalarını bərpa etmək və yenilərini açmaq haqqında planları həm konfrans iştirakçıları, həm də səfirlər vasitəsilə dünya ölkələrinə çatdırılacaq. Bununla belə, ermənipərəst dövlətlər Ermənistan dövlətini Əliyevin planını qəbul etməyə məcbur edəcəklər”.

Eks- spiker qeyd edib ki, indiyə qədər Prezidentin dünyanın tanınmış bir çox ölkələrinin TV-lərinə verdiyi müsahibələr Azərbaycanı dəstəkləyənlərin sayını kifayət qədər artıra bilib:

“Hesab edirəm ki, bu konfrans o siyasətin çox güclü davamı oldu. Ən əsası dünyanın proqressiv ölkələrinin hamısında “Azərbaycan vətəndaşları olan ermənilərin problemlərini heç bir xarici qüvvə olmadan həll edə bilər” inamını yaratdı. Bu gün Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycan və Ermənistan arasında guya “barışığı qoruyur” missiyası dünyada çox böyük şübhə doğurur.

Rusiya Federasiyası Asetiya, Abxaziya, Dnester, Krım və Donbasda apardığı ilhaq siyasətini eynilə 30 km eni olan Laçın dəhlizi, Xankəndi və ətrafındakı yaşayış məntəqələrində, o cümlədən Xocalıda həyata keçirir. Rusiya Federasiyasının sülhməramlı qüvvələri bu zonalardan çıxmasa, Ermənistanla Azərbaycan və Türkiyə arasında düşmənçilik münasibətləri aradan qaldırılmayacaq. Rusiya qoşunlarının çıxmasına gərək Azərbaycanla yanaşı, Ermənistanda imza atmış olsun. Düşünürəm ki, hətta Ermənistan imza atsa belə, Rusiya Qarabağ ermənilərinin imzasını tələb etmiş olacaq. Reallıq budur. Reallıq bu kiçik torpağın (Asetiyadan artıq əhalisinə görə 2 dəfə çoxdur) faktiki Donbas kimi Rusiyanın olduğu ideasını reallaşdırmağa cəhd edəcəkləridir”.

Rəsul Quliyev əlavə edib ki, Azərbaycan keçirdiyi bu tipli konfranslarla dünyanın tam dəstəyini qazanmalıdır:

“Ermənistandakı parlament seçkilərində Paşinyanın komandasının qələbəsi də Azərbaycan və Türkiyənin maraqlarına uyğundur”.


Geri qayıt