Əsas Səhifə > Partiya, Güney Press > “Dindarları sanki bir töhmət altında saxlamaq doğru deyil”

“Dindarları sanki bir töhmət altında saxlamaq doğru deyil”


16-04-2021, 09:17
“Dindarları sanki bir töhmət altında saxlamaq doğru deyil”
“Əgər kiminsə əlavə imkanı varsa və iftar süfrələri təşkil etmək niyyəti olubsa, buna çəkiləcək xərcləri şəhid ailələrinə, qazilərin müalicəsinə, onların ailələrinə xərcləsin”.

Bu sözləri Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Qazilər Şurasının üzvü Hacı Fuad Nurullayev deyib. Şeyxülislamın müavini həmçinin pandemiya ilə əlaqədar olaraq, insanlara iftar süfrələrində kütləvilikdən qəti çəkinməyi tövsiyə edib.

Deputat Fazil Mustafa məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Deputat Şeyxülislamın müavininin bu tövsiyəsi ilə razılaşmadığını dedi: “Biri deyir ki, Həccə getməyin pulunu ver təhsilə və yaxud 5 yoxsul adamı doyuzdur, ya da tələbənin təhsil haqqını ödə. Bu cür xeyriyyə addımı atmaq başqa bir funksiyadır. Əlbəttə ki, insanın artıq pulu varsa, bu cür işlər görsün. Lakin dini inancla bağlı məsələdə insana yol göstərmək doğru deyil ki, ”sən filan yerə pul xərclə". Onsuz da xeyriyyə addımı atmaq istəyən şəhid ailəsinə dəstək olacaq.

Bunun iftara nə aidiyyəti? Sadəcə, birmənalı şəkildə bilmək lazımdır ki, iftar süfrəsində toplaşmaq olmaz. Ən yaxşı yol budur ki, oruc tutan, lakin iftarda ərzaq baxımından çətinlik çəkən 10 yoxsul ailənin gündəlik yeməyini təmin edəcək dəstək ver. Məsələn, ət, yağ al ver, qoy həmin ailələr də Ramazanın nemətlərindən bəhrələnsin. Yəni dini inancla bağlı məsələləri başqa məsələlərə qarışdırıb, dindarları sanki bir töhmət altında saxlamaq doğru deyil. Onsuz da dindarlar bu cür addımlar atırlar. Deyim ki, xeyriyyə işləri görənlərin əksəriyyəti elə dindarlardır. Onlar şəhid, qazi ailələrinə əllərindən gələn yardımı edirlər. Beləliklə, iftarla bağlı qaydanı bu formada təqdim etmək, fikrimcə, doğru deyil. Bir daha qeyd edirəm ki, buna qarışmaq lazım deyil".

AĞ Partiya sədri Tural Abbaslı Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavininin təklifini bu cür dəyərləndirdi: “Hesab edirəm ki, bu məsələləri bir-birinə qarışdırmaq düzgün deyil. Hər bir dini işin və ya xeyriyyə fəaliyyətinin öz rolu və yeri var. Məsələn, iftar süfrəsini təşkil etməyin dini bir qarşılığı var. Yəni oruc tuta bilməyən insan oruc tutan digər insanlara iftar verir. Burada dini nüanslar var. İndi onu müqayisə etmək ki, iftara çəkilən xərc şəhid ailələrinə və yaxud qazilərə verilsin, bu doğru deyil. Əlbəttə ki, digər formada bunu həyata keçirmək olar. Bəzən deyirlər ki, filankəs Həccə getmək əvəzinə başqa bir xeyriyyə işi gördü. Bir daha qeyd edirəm, dini ritualların öz yeri, xeyriyyəçiliyin də öz yeri, qaydaları, məqamları var. Bunları qarşı-qarşıya qoymaq düzgün deyil. Bildiyimiz kimi, indi pandemiyadır və iftar süfrələrində insanların bir yerə toplaşması təhlükəlidir və qadağandır. Hesab edirəm ki, Şeyxülislamın müavini bu cür problemlərin ortaya çıxmaması və başlarının ”ağrımaması" üçün bu cür “şirinlik” edir".

İlahiyyatçı Emil Rahiloğlu fikirlərini bu cür açıqladı: “Əslinə qalanda yaxşı iş hər zaman yaxşıdır, istər şəhid ailələrinə, istərsə də digər insanlara qarşı olsun, fərqi yoxdur. Lakin burada üstünlük məsələsi var və əlbəttə ki, bu məqamda şəhid ailələri daha üstündür. Çünki həmin ailələrin övladı və yaxud atası, qardaşı cəbhəyə gedib, bizim üçün canlarından keçməsəydilər bəlkə də daha gözəl yaşayar, bizə ehtiyacı olmayacaqdı. Yəni yaxşı iş görməyə çalışıb, seçim məqamında qalsaq, əlbəttə ki, ilk növbədə şəhid ailələrini nəzərdə tutmalıyıq. Lakin ölkəmizdə şəhid ailələri elə bir vəziyyətdə yaşamalıdır ki, xeyriyyəçilik deyəndə ilk ağlımıza onlar gəlməsin. Mənim də təklifim bu olardı ki, Şeyxülislama müraciət etsin ki, bütün şəhid ailələrinə yardım göstərsin. Düşünürəm ki, buna imkanları da çatar. Amma o ki qaldı dini ritualları ilə bu məsələni qarışdırmamağa, hesab edirəm ki, doğru ifadə deyil. Ona görə ki, yaxşı işi Allah bəyənir. Deyə bilmərik ki, hansı yaxşı iş dinə aiddir, hansı aid deyil. Bütün yaxşı işlər insanlığa, vicdanımıza aiddir və hamısı dinin içərisindədir”.
“Yeni Müsavat”

Geri qayıt