Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan xarici siyasətdə Türkiyə və Rusiya ilə bir dəhlizdə hərəkət edir"

"Azərbaycan xarici siyasətdə Türkiyə və Rusiya ilə bir dəhlizdə hərəkət edir"


28-04-2021, 09:12
"Azərbaycan xarici siyasətdə Türkiyə və Rusiya ilə bir dəhlizdə hərəkət edir"
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında yaranmış soyuqluğun yeni fazası Ağ Ev rəhbəri Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi oldu. Buna elə ilk və kəskin reaksiya bildirən Azərbaycan Prezidenti İlham Əliyev idi və türkiyəli həmkarına zəng etməklə ABŞ rəhbərinin mövqeyini qınadı.

Bu, onsuz da məsafəli olan Vaşinqton-Bakı əlaqələrini daha da soyuda bilər. Təbii ki, qəbahət Azərbaycan tərəfdə deyil, əvvəldən Bayden administrasiyası bizə münasibətdə ögeylik göstərirdi. Xarici işlər nazirimiz ABŞ dövlət katibinin köməkçiləri ilə telefonla danışsa da, hələ ki dövlət katibi səviyyəsində təmas edə bilməyib. Halbuki 2020-ci ilin yekunlarına görə, Bakının ABŞ-a yatırımları 171,073 milyon dollar təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 3,2 dəfə çoxdur.

“Yeni Müsavat” yada salır ki, aprelin 13-də Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu məsələyə toxunmuşdu. Sitat: “Administrasiya yanvardan formalaşıb, bu gün apreldir. Cənab Blinken Paşinyana zəng edib, onların nə haqqında danışdıqlarını bilmirəm. Yenə də tarazlıq qorunmamışdır. Mən cənab Blinkendən zəng gözlədiyimizi demirəm. Lakin bu, həmsədr ölkədir, onlar tarazlı şəkildə davranmalıdırlar. Biz regionumuzla bağlı məsələdə ABŞ hökumətinin mövqeyinin nədən ibarət olduğunu bilmirik. Prezident Bayden Novruz bayramı münasibətilə mənə məktub ünvanlamışdır. Bunun üçün ona minnətdaram. Lakin bu, sadəcə, təbrik mesajı idi. Mən bu tip mesajların başqa ölkələrə də ünvanlandığını bilirəm”.

Ağ Evin belə davranışının səbəbləri sırasında Qarabağ müharibəsində ABŞ-ın heç bir roluna ehtiyac qalmaması ola bilərmi? Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün Qarabağ məsələsində birgə hərəkəti ABŞ-ın xətrinə dəyibmi? Yoxsa Ermənistanın müharibədə acınacaqlı məğlubiyyəti ermənipərəst administrasiyanı qəzəbləndirib? Regionda İranın, hətta Çinin də (ABŞ onları özünə təhlükə kimi görür-E.S.) yer ala biləcəyi kommunikasiyaların açılması barədə razılaşma Ağ Evin maraqlarına ziddirmi?

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, ABŞ-Azərbaycan münasibətlərində soyuqluğun tarixi demokratların hakimiyyətə gəlməsindən öncəki dövrə gedir: “Xatırlayırınızsa, həmin dövrdə İlham Əliyev üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəndə ABŞ-ın Bakıdakı səfiri demişdi ki, bu, Amerika üçün qırmızı xətdir. Bundan sonra referendum keçirilməsi, konstitusiyaya edilən dəyişikliklər, İlham Əliyevin üçüncü dəfə namizəd olmasından başlayaraq, bu münasibətlərdə soyuqluq yarandı. Təbii ki, münasibətlərin soyumasında başqa səbəblər də var, amma mətbuata açıqlamaq istəmirəm”.

S.Əkbərin sözlərinə görə, ondan sonra bu soyuqluq getdikcə artdı: “Tramp dövründə, ümumiyyətlə, ABŞ prezidentinin postsovet məkanına marağı həddindən az idi. Xüsusən də Cənubi Qafqaza və Azərbaycana... Bayden dövründə isə bu regiona marağın artacağını düşünürəm. Əgər Rusiya və Türkiyənin ABŞ-la gərginliyi davam edərsə, heç şübhəsiz ki, Azərbaycana da mənfi təsir edəcək. Çünki indi Azərbaycan xarici siyasətdə Türkiyə və Rusiya ilə bir dəhlizdə hərəkət edir”.

Partiya sədrinin sözlərinə görə, ABŞ-ın Azərbaycana birbaşa təzyiqləri Ermənistanla və Dağlıq Qarabağla bağlı ola bilər: “Amerikanın iştirakı olmadan regionda yeni şəraitin yaradılması təbii ki, qlobal liderlik iddiasında olan bir dövlət tərəfindən qəbul edilə, heç cür həzm edə bilmir. Ona görə ABŞ-ın Dağlıq Qarabağ məsələsi barədə aktiv mövqe tutacağını gözləyirəm. Xüsusən də qondarma genosidin Bayden tərəfindən tanınmasından sonra... Bundan əlavə, Amerikanın Azərbaycanda demokratiya və insan haqları məsələsi ilə bağlı mövqeyi yenidən aktivləşəcək. Eyni zamanda Vaşinqtonun Ankara və Moskva ilə münasibətlərin kəskinləşməsi nəticəsində, Azərbaycan da hər ikisi ilə tərəfdaşlıq etdiyinə görə bizə ciddi təsir götərəcək. Üçüncü məsələ, Böyük Britaniya və Çinin rəhbərlik etdiyi ”Bir kəmər, bir yol" layihəsinə görə Amerikanın ciddi narahatlığı var. Bu koridorla bağlı Britaniya, Rusiya və Çin əməkdaşlıq edirlər. Burada Türkiyə və Pakistanı da nəzərə ala bilərik. Azərbaycanın bu ölkələrlə yaxınlığı Amerikanı qıcıqlandırır və bu dəhlizi öz nəzarətinə almaq istəyir, hətta ABŞ-la Böyük Britaniya danışıqlar aparır".

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, bilmədiyimiz səbəblər çoxdur. Onun fikrincə, ABŞ-Azərbaycan əlaqələri heç də həmişə isti olmayıb: “Bir neçə il öncə Yaxın Şərqdə vəziyyət gərginləşəndə ABŞ-la münasibətlər istiləşdi, bədnam 907-ci düzəliş ləğv olundu. İndi deyilə bilər ki, ABŞ-ın 44 günlük müharibədə rolunun olmaması əlaqələrə müəyyən mənfi təsirlər edir. Lakin nəzərə almaq lazımdır ki, Bayden Azərbaycana münasibətdə düşmən mövqedən çıxış edib, elə 907-ci düzəlişin müəlliflərindən biridir. Bu amil iki ölkə arasında münasibətləri soyuda bilər”.

Partiya sədri hesab etmir ki, bundan incimək lazımdır: “ABŞ-ın öz həyati maraqları var. Bu soyuqluğun yaranması əlaqələri daha da pisləşdirməyə əsas vermir. Amerikanın həyat maraqları cavab verəndə Azərbaycanla əlaqələri yaxşılaşdırırlar”.

Deputat Vahid Əhmədov deyib ki, Azərbaycanın əldə etdiyi qələbəni bir sıra dövlətlər qəbul edə bilmir. Onun sözlərinə görə, Bayden seçki öncəsi ermənilərə verdiyi vədi yerinə yetirmək üçün “soyqırım” ifadəsini işlədib: “Hesab edirəm ki, Bayden çox böyük səhv edib. Türkiyənin regionda söz sahibi olması bu dövlətləri qane etmir”.

Geri qayıt