Əsas Səhifə > Partiya, Güney Press > "Biz Əli İnsanovun heç nəyə nail ola bilmədiyini düşünməməliyik"
"Biz Əli İnsanovun heç nəyə nail ola bilmədiyini düşünməməliyik"3-05-2021, 15:07 |
Sabiq Səhiyyə naziri Əli İnsanov həbsdə olarkən müxalifətin müəyyən cinahında ona böyük ümidlər vardı. Xüsusilə hakimiyyətə münasibətində radikal mövqeyi ilə seçilən qrup İnsanovun həbsxanadan çıxacağı təqdirdə ölkədə siyasi şəraitin dəyişəcəyini iddia edirdi. Lakin keçmiş nazirin məhbus həyatı ilə vidalaşmasından uzun müddət keçməsinə baxmayaraq, ölkənin siyasi həyatında onun varlığı heç də hiss olunmur. Maraqlıdır, Əli İnsanov tərəfdarlarının ümidlərini niyə doğrultmadı? Mövzu barədə Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev düşünülənin əksinə Əli İnsanovun özünə böyük bir dəstə yığdığını vurğulayıb: “Vaxtilə hakimiyyətdə olanların 20-30 faizi, - keçmişdə vurulan nazirlər və vəzifədə olan digər şəxslər, - onun yanındadır. Əli İnsanov və komandası çox ciddi işləyir və müxalifətin əksər hissəsi ilə danışıqlar aparır. Bizdə olan məlumata görə, yaxın günlərdə ciddi hərəkətə keçəcəklər. Biz bütün bu məsələlərə sadəlövhcə yanaşırıq və sonra böyük problem yaranır. Ölkəni qarışdırıblar, vəziyyət ağırdır, bütün bunları edən onlardır. Həm xaricdən təsir edərək, həm də internet TV-lər vasitəsilə xalq arasında özlərinə qarşı inam yaradırlar. Ona görə də biz Əli İnsanovun heç nəyə nail ola bilmədiyini düşünməməliyik. Hər hadisəyə “Əşşi” dediyimiz üçün çətin vəziyyət yaranır. Bu gün nə qədər incik adamlar varsa, həmin cinaha üz tutur”. Hafiz Hacıyev sözügedən şəxslərin ölkə daxilində qarışıqlıq yaratmağa çalışdıqlarını qeyd edib: “Çalışırlar ki, ölkədə heç vaxt sabitlik olmasın, prezidentin başı daxili problemlərə qarışsın və istədiklərini əldə etsinlər, buna qismən nail də olurlar. Hər gün lokal piketlər təşkil edirlər, dövlətin bəzi nüfuzlu şəxslərinə qarşı təhqirlərə yer verirlər. Ölkədə korrupsioner məmurların həbsi bir tərəfdən xalqı qəzəbləndirir, digər tərəfdən də ruhlandırır. Məmurların həbsini, YAP-ın rayon təşkilatı sədrinin o cür əxlaqsız hərəkətini başqa səmtə yoza bilmərik”. Həmsöhbətimizin sözlərinə görə, Əli İnsanov və tərəfdarları siyasi partiyalara müraciət edərək onlarla əlaqə yaratmağa çalışır: “Bizim partiyaya da müraciət olunub, müəyyən funksionerlərimizə bəzi adamları tərəfindən mesajlar göndərilib. Biz dövlətçiliyin tərəfdarıyıq, bütün bu məsələlərin hamısı zamana uyğun dəyərləndiriləcək. Biz heç kimin nökəri ola bilmərik, ədalətsizliyə göz yuma bilmərik, belə olarsa, bizim də nüfuzumuz itə bilər”. Partiya sədri diqqətə çatdırıb ki, yaxın gələcəkdə Azərbaycanı qarışıqlıq gözləyir: “Bir il əvvəl mən deyəndə ki, Alimpaşa rayonu talayır, məni çağırıb izahat alırdılar. Vaxtında bu məsələlərin qarşısı alınsa, indi belə olmazdı. Hər halda bizi yaxşı gələcək gözləmir. Böyük qarışıqlıqlar gözlənilir. Artıq əlaltından mitinqlə bağlı işlər gedir. Neçə ildir vəzifədədirlər, dövlət başçısına xəyanət edirlər. Yaxın günlərdə adlar çəkəcəm. Onların boynunu qıracağıq. Ölkədə demokratiyaya daha çox yer verməliyik. Kadrların seçilməsində tanışlıq, qohumluq əsas tutulmamalıdır. Çünki bu kimi nöqsanlardan Əli İnsanov və onun dəstəsi, Milli Şuradakı digər qüvvələr istifadə edirlər. Müharibə dövründə hamı birləşdi, bitdikdən sonra isə birliyi pozdular. Ona görə də biz də müəyyən məsələlərdə yaxın vaxtlarda öz mövqeyimizi bildirəcəyik, siyasi şurada bu məsələyə baxılacaq və qəti qərar veriləcək. Əgər biz çalışdığımız halda, müəyyən qurumlarla əlaqə qura, dövlətçilik naminə müəyyən istiqamət ala bilmiriksə, əlbəttə, müstəqil şəkildə öz mövqeyimizi ortaya qoyacağıq”. Hafiz Hacıyev bildirib ki, Müasir Müsavat Partiyası Prezidentin ətrafında olan müəyyən nazirlər tərəfindən həddən artıq incidilir: “Bizə, “Siz prezidenti niyə müdafiə edirsiniz”,-deyirlər. Niyə bizlə bu dərəcədə intriqa apardıqları, həmçinin onların adları yaxın vaxtda açıqlancaq. Mən bir məsələ ilə bağlı Prezident Administrasiyasında bizimlə işləyən şöbəyə müraciət elədim, görüşmək istədim, amma şöbə reaksiya vermədi, görünür, həmin şöbədə olan insanları da ələ alıblar. Milyarderlər, hakimiyyətdə olub milyardlar oğurlayanlar bu gün azərbaycan siyasi qüvvələrinə çox ciddi təsir göstərir, onları prezidentin üstünə qaldırmaq istəyirlər. Partiyada məni qınayırlar ki, niyə susuram, qəti mövqe ortaya qoymuram. Bildirim ki, bunların hamısı barədə danışacam”. Geri qayıt |