Əsas Səhifə > Partiya, Güney Press > Azad olunmuş ərazilərdə məskunlaşma nə vaxt başlanacaq?..

Azad olunmuş ərazilərdə məskunlaşma nə vaxt başlanacaq?..


5-05-2021, 09:44
Azad olunmuş ərazilərdə məskunlaşma nə vaxt başlanacaq?..
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu, rəşadətli əsgərlərimiz erməni işğalında olan torpaqlarımızı azad etdi və xalqımıza unudulmaz zəfər sevincini yaşatdı. Beləliklə, 30 ildir, məcburi köçkün statusu altında yaşayan vətəndaşlarımız artıq bu ağır dərddən qurtuldular. Ancaq onların yurd-yuvalarına qayıtması bir az zaman alacaq. Bunun səbəbi erməni daşnaqlarının öz vəhşiliklərini hər yöndə nümayiş etdirməsidir.

Hazırda prezidentin göstərişi ilə azad edilmiş ərazilərdə quruculuq tədbirlərinə start verilib və işlər sürətlə aparılır ki, soydaşlarımız məmləkətlərinə tez bir zamanda dönə bilsinlər.

Qurucluq işlərinin gedişatı ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Qarabağda məskunlaşma, yəni “Böyük qayıdış” planı dörd mərhələni əhatə edir. Deputatın sözlərinə görə, iki mərhələ hazırda icra olunur:

“Həmin mərhələlər minalardan təmizlənmə və infrastrukturun formalaşması işləridir. İnzibati və sosial binanın inşa edilməsi üçüncü, məskunlaşmanın reallaşması isə dördüncü mərhələdir. Daha çox yerli infrasruktur layihələrinin icra olunması müşahidə olunur. Nəzərə alsaq ki, 2021-ci ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin bərpası üçün 2,2 milyard manat nəzərdə tutulub, həmin vəsaitin ayrılması da həyata keçirilir. Füzulidəki beynəlxalq hava limanının, “Zəfər yolu”nun inşası və Horadiz-Zəngilan, Hadrut-Cəbrayıl-Şükürbəyli yollarının tikintisi və dəmiryolu xəttinin genişləndirilməsi layihələri həyata keçirilir. Enerji və digər kommunal xidmətlər qurulur, artıq Şuşa və Hadrut şəhərlərinin enerji təminatı həyata keçirilib. Digər işğaldan azad olunmuş bölgələrimizdə enerji təminatının ilin sonunadək tamamlanması nəzərdə tutulur. İnfrastrukturun tam formalaşması növbəti 3 ildə başa çatacaq. Daha sonra inzibati və sosial binaların inşası və məskunlaşma prosesi həyata keçiriləcək”.
V.Bayramov quruculuq işlərində özəl sektorların iştirak etdiyini də söyləyib:

“İnfrastruktur layihələrində özəl sektorlar iştirak edir. Bu işlər xarici və yerli özəl şirkətlər tərəfindən reallaşdırılır. Yolların çəkilməsi və digər infrastruktur layihələrində özəl sektorlarla yanaşı, orada məskunlaşan sakinlər də iştirak edir”.


Geri qayıt