Əsas Səhifə > Partiya, Güney Press > AXCP NTK sədrinin Əli Kərimli ilə davası böyüyür
AXCP NTK sədrinin Əli Kərimli ilə davası böyüyür7-05-2021, 09:34 |
AXCP Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyevin partiya rəhbəri Əli Kərimli ilə davası davam edir. O, məhkəmə qərarı ilə bu il martın 4-də partiya sıralarına, qurumdakı vəzifəsinə bərpa olunsa da, Kərimli və onun çevrəsi A.Əliyevin fəaliyyətinə imkan vermir, hər vəchlə onu AXCP-dən çıxarmağa çalışırlar. Bununla əlaqədar “Yeni Müsavat”a müraciət edən A.Əliyev 6 ildir mübarizə apardığını, sonda qalib gəldiyini qeyd etdi: “2015-ci il sentyabrın 27-də AXCP-nin qurultayında Nəzarət-Təftiş Komissiyasına üzv seçildim. 7 nəfər üzv olanların səsverməsi nəticəsində sədr oldum. Amma Əli Kərimli sədr olmağımı istəmirdi. Dolayısı yollarla fəaliyyətimə mane olurdu. 30 il bu partiyada fəaliyyəti olan, əziyyəti keçən bir şəxs kimi funksionerlərdən, rayon təşkilatının sədrlərindən nə baş verdiyini soruşurdum. Heç bir cavab almırdım. Bir dəfə Kərimlinin yanına getdim, Rəyasət Heyətinin iclası idi. Ən azından etika xatirinə soruşmadı ki, Aydın niyə gəlib. Azından komissiya sədri kimi məni təqdim etməli idi. Rəhmətlik Əbülfəz Elçibəyin ildönümündə Fəxri Xiyabana getdim. Ziyarətdən sonra Əli Kərimliyə yaxınlaşdım, mənimlə görüşmək istəmədi və mənə dedi ki, sən bitmisən. Maşınına əyləşib getdi. Fuad Qəhrəmanlıya da müraciət etdim. Son anda o da mənimlə görüşməkdən imtina etdi. Məhəmməd Talıblıya, Saqif Qurbanova, Nemət Əliyevə, rəhmətlik Gözəl Bayramlıya da müraciət etdim. Onların Kərimliyə söz deməyə cürətləri çatmadı. Sonda məcbur qalıb Əli Kərimlinin NTK sədri kimi fəaliyyətimə mane olması ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. 4-5 məhkəmə iclasına heç kim gəlmədi. Nəhayət, 2019-cu ilin yanvarında Kərimlinin vəkili Fəxrəddin Mehdiyev məhkəməyə gəlib etiraz məktubu təqdim etdi. Həmin məktubda qeyd edilirdi ki, mən partiya sıralarından və komissiya sədrliyindən 2019-cu ilin iyunundan azad olunmuşam. Mən iddia ərizəsi ilə çıxış etdim. Bu da partiya sıralarına və NTK sədrliyinə bərpa olunmağımla bağlı idi. Məndə səs yazısı var. Orada Kərimlinin tələm-tələsik Rəyasət Heyətinin üzvü İradə Nərimana partiyadan çıxarılmağımla əlaqədar çıxarış hazırlamağımı tapşırdığı məlum olur. İradə xanım bildirir ki, axı protokol yoxdur, məzmunu olsun. Kərimli deyir ki, bizə protokol lazım deyil, protokoldan çıxarış lazımdır. Ona təlimatlar verir. Mənə hətta böhtan belə atır. Guya hökumətə işləyirəm. İradə xanıma deyir ki, sədr kimi Nurəddin Məmmədlini, katib kimi də özünü yaz. Eldar Quliyev var, onun da bu işə münasib olmadığını söyləyir. Köhnə tarix yazılır və həmin çıxarış məhkəməyə təqdim olunur. Rəhmətlik Gözəl xanıma yazıram ki, partiyadan çıxarılmışam, xəbəriniz varmı? Almaniyada müalicə alırdı, dedi, yox. Məhkəmədə hər şeyi sübut etdim. Nəticədə 2020-ci ilin iyununda partiya sıralarına və NTK sədrliyinə məhkəmə qərarı ilə bərpa olundum. Eyni zamanda partiyanın Rəyasət Heyətinin qərarı ləğv edildi, məhkəmə qətnamə çıxardı. Amma indiyə qədər heç bir araşdırma aparılmayıb. 2021-ci ilin yanvarında İcra Şöbəsi qərarın icra olunması ilə bağlı məktub göndərib. Həmin ilin 25 fevralında məcburi icra etmək qərarı göndərilib. Nəticədə 4 martda partiya sıralarına və NTK sədrliyinə bərpa olunmağımla bağlı AXCP Ali Məclisi qərar verir. Sədr kimi iclas keçirmək istədim. Əvvəlcədən komissiya üzvləri ilə danışdım. Amma sonradan Əli Kərimli tərəfindən göstəriş verilib ki, iclasda heç kim iştirak etməsin. Əlimdə sübut kimi səs və votsap yazıları var”. A.Əliyev bu gün də AXCP sədrinin onu partiyada görməyə gözünün olmadığını söylədi: “Bu gün də fəaliyyətimə maneələr olur. Partiya üçün bu qədər əziyyətlər çəkmişəm. 30 il ömrümü qoyduğum partiyada sədr məni hakimiyyətə işləməkdə ittiham edir. Heç bir fakt ortaya qoya bilmədilər. Demokratiya və insan haqlarından danışan Əli Kərimlinin nə düşündüklərini ortaya qoydum. Bununla cəmiyyətə, gəncliyə hər şeyi göstərdim. Siz gəncsiniz, yaşlı biri olaraq deyə bilərəm ki, 30 ildir Azərbaycanda müxalifətin heç bir uğur qazanmamasının əsl səbəbkarı Əli Kərimlidir. Onun iş-gücü ancaq Müsavatın əleyhinə iş aparmaq olub. 1995-ci ildə bu şəxs hakimiyyətin əlaltısı kimi parlamentdə otuzduruldu. Bunları hər kəs bilir. Sona qədər onunla vuruşacam. Ortada məhkəmə qərarı var. Haqqımı tələb edirəm”. Geri qayıt |