Əsas Səhifə > Partiya, Güney Press > “Fransa və Kanadanı 4 min azərbaycanlının yox, 60-70 erməni terrorçunun taleyi düşündürür”
“Fransa və Kanadanı 4 min azərbaycanlının yox, 60-70 erməni terrorçunun taleyi düşündürür”11-05-2021, 11:55 |
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə zamanı bir sıra məsələlərə toxunub ki, onlardan biri də bəzi ölkələrin və xarici dairələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanatlardır. Ölkə başçısı bir sıra ölkələrin münaqişə, yaxud Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlarını qəbuledilməz hesab etdiyini bildirib: “Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir. Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar. Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam". Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, ölkə başçısının səsləndirdiyi fikirləri tamamilə düzgün və obyektiv bir mövqe kimi dəyərləndirir: “Çünki Dağlıq Qarabağ münaqişəsi başa çatandan həmin ərazidə həbs olunan insanların hamısı terrorçudur, qeyri-qanuni o ərazilərdə olan adamlardır. Buna görə görə də Azərbaycan dövlətinin sərhədini keçən cinayətkar silahlı qüvvədir. Onlara qarşı Azərbaycan hökuməti də terrorizmlə bağlı maddə ilə cinayət işi qaldırmalı və onlar cəzalandırmalıdır. Azərbaycan humanizm nümayiş etdirib üç nəfəri buraxmışdı deyə Fransa və Kanada həvəslənib bütün cinayətkarların buraxılmasını tələb edir. Halbuki Birinci Qarabağ müharibəsində 4 mindən artıq qadın, uşaq, qoca, gənc əsir alınmışdı ki, bu günə qədər onların taleyi haqda heç bir məlumat yoxdur. Maraqlıdır ki, Fransa və Kanada nədənsə 4 min nəfərin yox, 60-70 cinayətkarın taleyini düşünür. Bu da beynəlxalq siyasətdə ikili standartın bir nümunəsidir. Prezident İlham Əliyev bu məsələni çox düzgün şəkildə qiymətləndirib”. Hərbi Qənimətlər Parkı ilə bağlı etirazlara gəldikdə isə ADP sədri deyir ki, heç kəs buna etiraz edə bilməz: “Azərbaycan müstəqil dövlətdir, öz daxili siyasətini, təbliğatını aparır. Vətəndaşların hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, qələbə ruhunun yüksək səviyyədə saxlanılması üçün Hərbi Qənimətlər Parkının olması çox vacibdir. Dünyada bundan başqa 7-8 ölkədə belə park var. Ona görə də ikili standartla yalnız Azərbaycanı görmək onu da göstəriir ki, bunlar bədxahdır və heç bir xeyirxah niyyətləri yoxudr. Ermənipərəst adamlardır, onlara diqqət yetirmək lazım deyil”. Geri qayıt |