Əsas Səhifə > Partiya, Güney Press > “Buna ümummilli məsələ kimi baxmaq lazımdır”

“Buna ümummilli məsələ kimi baxmaq lazımdır”


18-05-2021, 08:45
“Buna ümummilli məsələ kimi baxmaq lazımdır”
Mayın 12-13-də Şuşada keçirilən musiqi festivalına müxalifət partiyalarının da böyük əksəriyyətinin müsbət münasibəti ifadə olunub. Müxalifət partiyaları bu tədbiri Azərbaycanın qələbəsini daha da möhkəmləndirən böyük mədəni, ictimai-siyasi hadisə hesab edirlər.

Eyni zamanda təəssüf ki, bu tədbiri gözdən salmaq, əhəmiyyətini azaltmaq istəyən bəzi müxalifətçilərin də olduğu müşahidə edilir. Müxalifətin həmin kiçik radikal qrupu festivalı pisləyən açıqlamalar verirlər, sosial şəbəkələrdə statuslar yazırlar, paylaşımlar edirlər.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, “Xarıbülbül” festivalına ümummilli məsələ kimi baxmaq lazımdır. Buna iqtidar-müxalifət məsələsi baxmaq düzgün deyil: “Bu tədbirə münasibətimiz birmənalı şəkildə müsbətdir. Dövlət haqlarımızın, xalq olaraq haqlarımızın bərpasından tutmuş, regional təhlükəsizliyə qədər pozitiv təsir göstərən hadisə oldu. O baxımdan da ”Xarıbülbül" festivalı bizim uğurlarımıza yazılası hadisədir.

Sualınızın ikinci hissəsinə gəldikdə, hər bir insan öz fikrini, hansısa hadisəyə mövqeyini ifadə eləmək hüququna malikdir. Mən sözügedən festival mövzusunda ciddi tənqidlərlə rastlaşmamışam. Hansısa fikirlərə isə münasibət bildirmək istəmirəm".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Şuşada keçirilən musiqi festivalını çox müsbət qiymətləndirir: “Bu tədbir təkcə mədəniyyət tədbiri kimi yox, çox müsbət siyasi, mənəvi əhəmiyyətə malik hadisə kimi də müsbət qiymətləndirilməlidir. Belə də olmalı idi. Birliyimiz 44 günlük müharibədə dünyaya nümayiş etdirilmişdi. İndi də Azərbaycan öz birliyini dünyaya nümayiş elətdirdi. Mən çox fəxr hissi ilə bu festivalı izlədim. Əslində bu böyük mənalı tədbirə qiymət verərkən biz siyasi kimliyimizi kənara qoymalıyıq. Çünki burada siyasi rəqabət predmeti yoxdur. Burada milli məsələ var. Tədbirin sonunda Şuşanın yüksək nöqtəsindən bütün Qarabağı aydınladan atəşfəşanlığın olması da xüsusi qürurverici idi. Hər il Bakıda müxtəlif tədbirlər və bayramlar səbəbilə keçirilən atəşfəşanlıqda hər birimizin içindən keçən bir sual olurdu ki, biz Qarabağı almışıq, nə zaman belə bir atəşfəşanlıq Qarabağda olacaq. Artıq bu baş verdi.

Sual oluna bilər ki, bu tədbirdə müxalifətdən heç kim yox idi, onlar dəvət olunmamışdı. Düşünürəm ki, əsas məsələ bu tədbirin keçirilməsi idi. Düşünürəm ki, müxalifət də olsaydı daha geniş çevrəli birlik bir daha nümayiş olunardı. Biz orada iştirak etməsək də bu böyük tədbir qələbəmizin bayramı idi və bizdə qürur yaratdı.

Festivalı tənqid edənlərə gəlincə, bu da onların mövqeyidir. Lakin mən tənqid üçün əsas görmürəm. Bu cür mühüm tədbirləri gözdən salmağı düzgün hesab eləmirəm".
“Yeni Müsavat”

Geri qayıt