Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyana qarşı etirazlar effektli olmur"

"Paşinyana qarşı etirazlar effektli olmur"


24-05-2021, 08:12
"Paşinyana qarşı etirazlar effektli olmur"
Ermənistanın uzun illər formalaşdırmağa çalışdığı məğlubedilməzlik mifini Azərbaycan ordusu cəmi 44 gün ərzində darmadağın etdi.

Bu gün erməni cəmiyyəti məğlubiyyətin verdiyi gərgin psixoloji gərginliyi yaşayır. Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı əbədi düşmən kimi təqdim edir, ictimai rəyi çaşdırır, Azərbaycanla və ölkəmizin nə istədiyi ilə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı.

Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrətin səviyyəsi, Azərbaycanofobiya, Azərbaycanın “iblisləşdirilməsi” o qədər yüksək səviyyədə idi ki, erməni cəmiyyətinin bir hissəsi bunda haqlı olduqlarına inanmağa başlamışdı.

İndi isə bu inamın məhv olmasının psixoloji gərginliyini yaşayırlar ki, ümumilikdə həm müharibə dövründə, həm də müharibədən sonrakı proseslərin təhlili bunu göstərir. Ermənistan cəmiyyəti çox ciddi psixoloji dram yaşayır və cəmiyyət olaraq çıxış yolu tapa bimir.

30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar. Bu yalanlar 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da davam edib və sonunda erməni cəmiyyəti rəhbərlərin sözləri ilə reallığın bir-birindən kəskin fərqləndiyinin canlı şahidi oldu.

Döyüşlərin getdiyi müddətdə Ermənistan Müdafiə Nazirliyinin yanlış informasiyalarla "qalib" imici yaratmaq cəhdi sonra elə özləri tərəfindən də etiraf olundu. Bu gün də erməni cəmiyyəti onlara uzun illər danışılan yalanların hesabını sormağa cəhd edir.

Ölkə seçki ərəfəsindədir və məğlub ölkə sindromu ilə seçkiyə gedir. Belə bir vəziyyətdə hakimiyyət mübarizəsi aparan erməni liderlər köhnə metoddan yararlanmaqla xal qazanmağa uğursuz cəhdlər edir.

Baxmayaraq ki, hətta beynəlxalq səviyyədə Ermənistanın çıxış yolunun Azərbaycanla normal münasibətlərdən keçdiyini vurğulanır. Qeyd olunur ki, Ermənistan yenidən Azərbaycanla düşmənçilik siyasətini davam etdirərsə, bir dövlət kimi məhv olma təhlükəsi reallığa çevriləcək.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistanda aparılan düşmənçilik təbliğatı təkcə Azərbaycana yox, bütün türk dünyasına qarşıdır:

"Çünki Ermənistan balaca bir dövlətdir. Bu gün Ermənistan rəhbərliyi yaşadığı səfaləti erməni xalqına heç bir mətiqlə izah edə bilməzdi. Ermənistan liderləri deyə bilməzdilər ki, biz ölkəni Rusiyanın "qoltuqaltı" ölkəsinə çevirmişik və ona görə bu vəziyyətdə yaşayırıq. Ölkənin iqtisadi inkişafının olmamasını, ağır şəraiti türk düşmənçiliyi ilə, blokadada olmaları ilə əlaqələndirirdilər. Konkret olaraq öz bacarıqsız idarəetmələrini Azərbaycanın üzərinə yıxmağa çalışırdılar. Bütün bunların fonunda isə erməni xalqına yalan danışırdılar. Bu gün artıq Ermənistan xalqı kimin kim olduğunu yaxşı görür, təpədən dırnağa korrupsiyaya bulaşmış Sarkisyan-Köçəryan cütlüyünə inanmır".

Partiya sədri əlavə edib ki, Ermənistan xalqı məğlub olmuş Paşinyanı bu bəlaları ölkənin başına açan Sarkisyan-Köçəryan cütlüyünə inanmadığı üçün devirmir:

"Onların yürütdüyü uğursuz siyasət nəticəsində erməni xalqı illərlə səfalətdə yaşayıb. Sarkisyan və Köçəryan Qarabağ münaqişəsini biznes mənbəyinə çevirmişdi, pul qazanırdılar. Bunu da artıq erməni cəmiyyəti başa düşür. Bunun da nəticəsidir ki, Paşinyana qarşı etirazlar effektli olmur. Hesab edirəm ki, Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan xalqının gözü daha çox açılacaq. Başa düşəcəklər ki, bölgədə onları böhrandan çıxaracaq ölkələr Azərbaycan və Türkiyədir. Ermənistan 10 noyabr bəyanatında üzərində götürdüyü öhdəlikləri yerinə yetirərsə, Azərbaycana qarşı hansısa ərazi iddiası ilə çıxış etmərsə, Zəngəzur dəhlizinin açılmasına maneə yaratmazsa, böyük sülh sazişi də imzalana bilər. Bu, hətta Azərbaycan, Türkiyə və Ermənistan arasında üçtərəfli də ola bilər və ölkəni iqtisadi blokadadan çıxaracaqq yeganə şansdır. Ermənistanın Rusiyanın köləliyindən çıxması üçün başqa yolu yoxdur. Düşünürəm ki, Paşinyan bunları dərk edir və seçkidən sonra bu istiqamətdə ciddi addımlar atacaq".


Geri qayıt