Əsas Səhifə > Partiya, Güney Press > "Rusiyanın quruma üzv olmaq istəyinin arxasında iki niyyətdən biri dayanır"
"Rusiyanın quruma üzv olmaq istəyinin arxasında iki niyyətdən biri dayanır"25-05-2021, 08:24 |
Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvanın türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istədiyini bildirib. XİN rəhbəri vurğulayıb ki, Rusiya Türk Şurasına qoşulmağa hazırdır: “Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb, amma bizim də içimizdə tatar, altay, çuvaş, başqırd, yakut kimi türk xalqları var. Razılıq olsa, qatılmağımızda bir problem olmamalıdır”. Lavrov bu təklifi 2019-cu ilin iyul ayında da səsləndirmişdi. Bu dəfə Lavrov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlətlərarası bir təşkilat olduğunu xatırladaraq üzvlük üçün dominant əhalinin türk olmasının problem olmadığını bəyan edib. Bəzi politoloqlar Rusiyanın bu təkliflə türkün gücünü etiraf etmiş olduğunu dilə gətirirlər. Digər qisim isə hesab edir ki, bu “təşəbbüs” daha çox türkləri nəzarətdən kənarda saxlamamaq cəhdinə, onların arasında olub, yeni nifaqlar yaratmaq istəyinə daha çox bənzəyir. Son dövrlər Türk Şurası regional təsir gücünə malik təşkilata çevrilməkdədir. Şuraya daxil olan dövlətlərin əksəriyyəti yeraltı təbii sərvətlərlə zəngindir. Türkiyənin bu ölkələrlə yaxınlaşmasını Rusiya özü üçün təhdid hesab edə bilər. Həmçinin, Türk Şurasına daxil olan dövlətlər beynəlxalq nəqliyyat qovşağının üzərində yerləşir. Təşkilatın güclənməsi regionda yeni gücün formalaşması deməkdir ki, bu da əsas strateji bölgələrin Rusiya tərəfindən itirilməsinə gətirib çıxarır. Bir məqamı da vurğulayaq ki, Rusiyada yaşayan türkdillilərin sayı 35 milyondan çoxdur. Bu günə qədər onlar Rusiya Federasiyası daxilində subyektlər kimi fəaliyyət göstəriblər. Zaman-zaman Rusiyadakı bəzi siyasi elitadan Türk Birliyinin qurulmasına qarşı sərt reaksiyaların şahidi olmuşuq. Eyni zamanda Rusiyadakı siyasi müxalifətin bəzi nümayəndələri də türk dövlətlərinin birliyindən narahat olduqlarını bu və ya digər formada dilə gətiriblər. Sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Şərq”ə bildirib ki, son yaşananlardan sonra türk dövlətləri dünya gündəmindədir. Partiya rəhbərinin sözlərinə görə, artıq super güclər türk dünyası ilə hesablaşmaq məcburiyyətini hiss edirlər: “Türk Şurasının genişlənməsi və qüdrətlənməsi bu qurumu Avropa Birliyi kimi təşkilatlardan daha da güclü edəcək. Türkiyənin dünya gücünə çevrildiyi etiraf olunur. Azərbaycan isə ən azından bölgə gücü sayılır. Bütün bu reallıqlar onu göstərir ki, gələcək inteqrasiyada, digər türk dövlətləri bir araya gəldikdən sonra çox nəhəng iqtisadi ev formalaşacaq. Bu həm də özünümüdafiə blokunun təşkil olunması deməkdir. Qələmə aldığım “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabında Turan adlı bir blokdan bəhs etmişdim. Hesab edirdim ki, dünyanın qəlbi deyilən bir yerdə mütləq Türk Evi yaranmalıdır”. F.Quliyev vurğulayıb ki, dünənə qədər Türkiyənin üzərinə gələnlər, indi qardaş ölkənin ayağına gəlmək məcburiyyətində qalıblar: “Türkiyə ilə zor dilində danışmağın mümkünsüzlüyünü görənlər Ankara hökuməti ilə yaxınlaşmaqda maraqlı görünürlər. Əlbəttə, burada iki niyyətin olması gözləniləndir. Məqsədlərdən biri türk birliyinə daxil olaraq onu içəridən parçalamaq və qurumda təşəbbüskar olaraq önə çıxmaqdır. Digər məqsəd isə öz iqtisadiyyatını və gələcəyini müəyyənləşdirmək üçün həqiqi dostluq və əməkdaşlıq qurmaqdır. Ancaq düşünürəm ki, vurğuladığım iki seçim bunu təklif edən Rusiyanın özünə belə tam aydın deyil. Moskva son və həqiqi istəyinin nədən ibarət olduğuna qərar verə bilmir. Məncə, ilk etapda təşəbbüskarlığı öz üzərlərinə almaq üçün cəhdlər edəcək. Əgər görsələr ki, bunu edə bilmirlər, o halda əməkdaşlıq mərhələsinə keçəcəklər. Əsas məqam odur ki, Türk Şurası aparıcı qurum kimi şahmat dili ilə desək, “ağlarla oyuna başladı”. Geri qayıt |