Əsas Səhifə > Partiya, Güney Press > “Ərdoğanın Şuşaya səfəri düşmənin bağrını çatladacaq”

“Ərdoğanın Şuşaya səfəri düşmənin bağrını çatladacaq”


28-05-2021, 08:28
“Ərdoğanın Şuşaya səfəri düşmənin bağrını çatladacaq”
“Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulub. Əziz qardaşım, hörmətli cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb”.
Bu sözləri Prezident İlham Əliyev bu gün Türkiyənin Milli Təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.
Prezident əlavə edib ki, hazırda Azərbaycanda təhsil sahəsi ilə bağlı çox ciddi islahatlar aparırıq:
“Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsilin keyfiyyətinin qaldırılması və eyni zamanda Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir”.

Millət vəkili Elman Məmmədovun “Sherg.az”a açıqlamasına görə, Azərbaycan və Türkiyə ancaq xeyirxah əməllərlə məşğul olur. Bu durum bütün dünyaya nümunə olmalıdır:

“İki qardaş dövlətin bir-birinə dəstəyindən gözəl heç nə ola bilməz. Bu, olduqca ürəkaçan, qürurverici və sevindirici bir münasibətdir. Hər birimiz hiss edirik ki, arxa-dayağımız güclüdür.

Türkiyənin bizə olan qardaşlıq münasibətləri, xüsusilə torpaqlarımızın işğaldan azad olunması məsələsində özünü çox qabarıq şəkildə büruzə verdi.

Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi göz qabağındadır. Bu dostluğa sevinənlər çoxdur. Lakin qəbul edə bilməyənlər də az deyil. Biz sülhsevən xalqlarıq və istəyirik ki, sevinənlərin sayı daha çox olsun”.

Parlament üzvü qeyd edib ki, Türkiyə Prezidenti Ərdoğanın ölkəmizə səfəri zamanı Şuşanı ziyarət etməsi, orada məktəbin təməlini qoyması çox qürurludur:

“Biz heç vaxt pis işlərlə məşğul olmuruq. İnsanlara nur, bilik və zəka verən bir işlə məşğuluq, Şuşamızda məktəbin təməli qoyulur. Bundan gözəl nə ola bilər? Ərdoğanın gəlişi düşmənin bağrını çatladan bir səfərdir.

Şuşada sözügedən məktəblə birlikdə gələcək təhlükəsizliyimiz və uğurlarımızın təməli qoyulacaq. İstəyirəm, türk dünyasında elə bir həmrəylik yaransın ki, belə səfərlər çox olsun. O zaman güclü olacağıq. Başqa dövlətlər də Türkiyə-Azərbaycan münasibətlərindən nümunə götürsünlər və etdikləri səhvlərdən nəticə çıxarsınlar”.

Geri qayıt