Əsas Səhifə > Partiya, Güney Press > “Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir”

“Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir”


3-06-2021, 10:20
 “Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir”
İşğaldan azad edilən ərazilərimizin bərpasında, quruculuq işlərində və digər bu kimi proseslərdə Türkiyə şirkətləri yaxından iştirak edəcəklər. Ötən həftə prezident İlham Əliyev 3 filiz yatağının Türkiyə şirkətlərinə verilməsi haqda sərəncam imzaladı. Eyni zamanda qardaş ölkənin nəqliyyat və təhsil nazirləri Azərbaycanda oldular.

Habelə Azərbaycanla dost olan bir çox ölkələrin şirkətləri bərpa prosesində iştirak edəcəklər.

Təbii ki, bərpa prosesində müxtəlif sahələr üzrə həm yerli, həm də xarici mütəxəssislərə də ehtiyac var. Müxalifət cameəsində də iqtisadçılar, mühəndislər, layihəçilər və s. var. Amma bərpa prosesində ölkə müxalifəti kənarda qalmış durumda görünür. Maraqlıdır, müxalifət özü Qarabağın bərpası prosesində kadrları ilə iştirak etməyi düşünürmü?

AĞ Partiya başqanı Tural Abbaslı iqtidarın buna şərait yaratmadığını söylədi: “Təbii ki, biz Azərbaycan müxalifəti olaraq Türkiyə şirkətlərinin Qarabağın bərpasında, yaxud təbii sərvətlərimizin, ehtiyatlarımızın işlənməsinə cəlb olunmasına müsbət baxırıq. Çünki biz ”bir millət, iki dövlətik". Dünyada bir-birinə qarşı analoqu olmayan qardaşlıq münasibəti sərgiləyən belə dövlətlər yoxdur. Biz Türkiyənin Azərbaycana qarşı olan münasibətini ən son olaraq, 44 günlük II Qarabağ savaşında gördük. Bütün dünyaya rəğmən qardaş ölkə sona qədər birmənalı şəkildə Azərbaycanın yanında oldu. Bu nöqteyi-nəzərdən türk şirkətlərinə əsas üstünlüyün verilməsi məqbuldur. Çünki qardaşlıq ikitərəfli olur.

Müxalifətin Qarabağda bərpa prosesində iştirakı ilə bağlı sualınıza gəlincə, deyə bilərəm ki, müxalifətdə bunun üçün kifayət qədər kadrlar var. Eyni zamanda müxalif düşərgəyə aid olmayan o qədər şirkətlər var ki, onlar da bu prosesdə iştirak etməlidirlər. Amma bu qərarı bizlər yox, iqtidar verməlidir. Təəssüflə qeyd etməliyəm ki, bu istiqamətdə hələ bir təklif olmayıb, fikir mübadiləsi aparılmayıb, heç bir addım atılmayıb. Bu da təəssüf doğurur. Bu olsaydı, çox müsbət olardı. Biz ənənənin başlanğıcını qoyardıq. Görünən odur ki, hələ iqtidar o səviyyədə açılım etməyə hazır deyil".

AMİP sədri Arzuxan Əlizadə prosesdə müəyyən qədər iştirak etdiklərini bildirdi: “Türkiyə şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızda yaxından iştirak etməsini çox yüksək qiymətləndiririk. Bir neçə gün bundan öncə Qaşqaçay filiz yatağının ”Eti Bakır A. S." şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqlarının “Artvin Maden A. S.” şirkətinə öyrənilmə, tədqiqat, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə yolu ilə istifadəyə verilməsi ilə bağlı ölkə rəhbəri sərəncam imzaladı. Düşünürəm ki, vaxtında və yerində atılan addımdır. İnfrastrukturun qurulmasında Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətlərin hər biri iştirak etməlidir. Onların bu prosesdə iştirak etməsi ilə həmin dövlətlərlə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərimizin daha da dərinləşəcəyi qənaətindəyəm. Artıq Pakistan, İtaliya, İsrail, Çin, Macarıstan, İtaliya kimi dövlətlər də işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun qurulmasında yaxından iştirak etmək istəklərini bəyan ediblər. Eyni zamanda hesab edirəm ki, bu dövlətləri təmsil edən şirkətlərin qarşısında müəyyən şərtlər və tələblər də qoyulmalıdır. Belə ki, həmin şirkətlər yerli işçi qüvvəsinə üstünlük verməyi öhdəlik olaraq qəbul etməlidirlər və bu müddəa onlarla bağlanan müqavilələrdə əks olunmalıdır. Məlumdur ki, ölkədə yüz minlərlə işsiz insanımız var və ilk növbədə, həmin vətəndaşlarımızın işlə təmin olunmaları Azərbaycan insanının doğal hüququ olmaqla yanaşı, bilavasitə dövlətin də üzərinə düşən vəzifədir. Müxalifətin bu prosesdə iştirakına gəldikdə isə təbii olaraq istəyərdik ki, müharibənin gedişində nümayiş etdirilən birlik modeli postmüharibə dövrü aparılan abadlıq və quruculuq prosesində də davam etdirilsin. Bu məsələdə iqtidar-müxalifət münasibətləri söhbət mövzusu deyil. Biz, Milli İstiqlal Partiyası olaraq müharibə bitdikdən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizlə bağlı quruculuq planlarımızı və bir sıra sahələr üzrə təkliflərimizi yazılı surətdə hökumətə təqdim etmişik. Bu gün kifayət qədər insan, eyni zamanda iş adamları bu prosesə qoşulmaq üçün bizə müraciətlər edirlər. Onu da deyim ki, hazırda AMİP üzvü olaraq deyil, sırf mütəxəssis olaraq Qarabağ bölgəsində görülən işlərə cəlb olunan partiya üzvlərimiz də var. Düşünürəm ki, biliyi, bacarığı, bu və ya digər sahədə təcrübəsi olan kimsə bu prosesdən kənarda qalmamalıdır. Nəzərə alınmalıdır ki, dövlət olaraq görüləcək işləri uğurla başa çatdırmaq üçün siyasi baxışlarından asılı olmayaraq bütün qüvvələr ümumi işimiz naminə səfərbər olunmalıdır".

ALDP rəhbəri Fuad Əliyev isə bunları dedi: “Qarabağda yaşayışın yenidən təmin olunması ilə əlaqədar ölkədə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri yaxından iştirak edir və edəcək. Çox müsbət haldır ki, İkinci Qarabağ savaşında Azərbaycana dost ölkələr düşmən ölkələrdən daha çox oldu. Bu sıraya Türkiyə, Pakistan, İsrail, Ukrayna, Gürcüstan, İtaliya, İngiltərə, Qoşulmama Hərəkatının üzvlərini əlavə etmək olar. Qarabağda bərpa işlərinə Türkiyə şirkətlərinin cəlb olunması çox müsbət haldır. Hesab edirəm ki, nə qədər çox şirkətlər cəlb olunsa, bu, bərpa işlərini sürətləndirəcək. Artıq Qazaxıstan xəstəxanalar tikməyə, Özbəkistan mədəni tikililəri və xəstəxanaları tikməyə və bərpa etməyə hazır olduqlarını bildiriblər. Pakistan, İsrail və İngiltərə şirkətlərinin də istəkləri bəyan olunub. Azərbaycan həm də iqtisadi baxımdan regionda ən cəlbedici ölkədir. Aparıcı ölkələr Azərbaycana böyük maraq göstərirlər. Amma biz yaddan çıxarmamalıyıq ki, bizim Ermənistan kimi mənfur qonşumuz var və onlar hələ də öz iddialarından əl çəkməyiblər. Düzdür, Azərbaycan Ordusu hər zaman Ermənistana lazımi cavabı verməyə hazırdır. Digər tərəfdən, xarici şirkətlərin Azərbaycana investisiya qoyması qarant rolunu oynayacaq və ermənilər sərsəm iddialarından əl çəkəcəklər.

Müxalifətin kadr potensialı var və hakimiyyət bu və digər dövlət əhəmiyyətli məsələlərdə bu kadrları cəlb etməlidir. Təəssüf ki, Azərbaycanda bu baş vermir. Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir".
“Yeni Müsavat”

Geri qayıt