Əsas Səhifə > Partiya, Güney Press > "Əslində cənab Ərdoğan öz evinə gəlir, onu qonaq hesab etmirik"

"Əslində cənab Ərdoğan öz evinə gəlir, onu qonaq hesab etmirik"


10-06-2021, 08:10
"Əslində cənab Ərdoğan öz evinə gəlir, onu qonaq hesab etmirik"
“Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”.
“HaberGlobal” məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.

R.T.Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altında olan torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla bölgədəki bütün tərəflərə yeni imkanlar açır.

Səfər barədə fikirlərini “Sherg.az”la bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, Türkiyə Prezidentinin ölkəmizə gəlişi bütün dünya üçün ciddi bir mesajdır:

“Əslində cənab Ərdoğan öz evinə gəlir, onu qonaq hesab etmirik, Azərbaycan onun evidir. Qardaş ölkə bütün müharibə dövründə torpaqlarımızın gerçək döyüşçüsü kimi vuruşdu. Söhbət mənəvi və siyasi mübarizədən gedir. Bütün dünya da gördü ki, Türkiyə və Azərbaycan bir yerdədir. Ərdoğanın da dediyi kimi “ortaq gələcəyimizi birlikdə müəyyənləşdiririk”. Ard-arda mesajlar bu minvalla verilirdi ki, Azərbaycan-Türkiyə bir yerdədir, dostlarımız və düşmənlərimiz eynidir. Qardaş ölkə hər zaman bildirirdi ki, Azərbaycanın bütün problemləri bizim problemimiz sayılır və birlikdə həll olunur.

Brüssel səfərindən sonra Ərdoğanın ilk olaraq ölkəmizə gəlməsi böyük hadisədir. Düzdür, səfər əvvəlcədən planlaşdırılmışdı. Amma Brüsseldə Qarabağ məsələsi də müzakirə olundu.

Onun Azərbaycana gəlməsi yalnız istirahət və ziyarət məqsədi daşımır. Müəyyən məsləhətləşmələr də olacaq. Bu isə çox önəmli məsələdir, dünyaya mesajdır. Hesab edirəm ki, qarışıq bir zamanda Ərdoğanın ailəsi ilə birlikdə Şuşaya gəlməsi o deməkdir ki, Azərbaycan əldə etdiyi nailiyyətləri qoruyacaq və yeni yaranmış şəraitdə hər kəsə imkanlar yaranacaq. Çünki Ərdoğan çıxışı zamanı da bildirmişdi: “Elə bir şərait yaranacaq ki, hər bir dövlət bu durumdan istifadə edəcək”. Lakin kim kənarda qalıb, proseslərdə iştirak etməyəcəksə, günah onun özündədir”.

F.Quliyev qeyd edib ki, Ərdoğanın Şuşaya gəlməsinin digər səbəbi nəzərdə tutulan bütün strateji planların həyata keçirilməsidir:

“Ona görə də qətiyyətli şəkildə mövqe nümayiş etdirəcəyik. Bu, son zamanlar Amerika və Fransanın ATƏT-in Minsk qrupunu “diriltməklə” bağlı fəaliyyəti və Türkiyəni kənarda qoymaq cəhdlərinə cavabdır. Çünki Türkiyə Cənubi Qafqazda oturuşmuş siyasətini yürüdəcək. Ona görə də bu səfər olduqca mühümdür. Səfər həm Azərbaycan, həm Türkiyə, həm də bölgə üçün ciddi bir mesajdır. Dünya gücləri özlərinə lazım olan mesajları götürəcəklər”.


Geri qayıt