Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli bu dəfə şəhid ailələri və qaziləri qalxan seçir...

Əli Kərimli bu dəfə şəhid ailələri və qaziləri qalxan seçir...


10-06-2021, 10:44
Əli Kərimli bu dəfə şəhid ailələri və qaziləri qalxan seçir...
Əvvəl pandemiyanı, sonra internetsizliyi səbəb bəhanəsinə bükərək “inzivaya” çəkilən AXCP sədri Əli Kərimli karantinin yumşaldılması ilə “Youtube”da daha çox görünməyə başlayıb.

Hər dəfəsində çıxışlarını əvvəlkindən daha artıq təsirli etməyə çalışan AXCP sədri buna nail olmasa da, inadından dönmür.

Bununla belə anlayır ki, artıq təsirli sözlərlə insanları özünə inanmağa, rəhbəri olduğu partiyaya, lideri olduğunu iddia etdiyi cameəyə yönəltməyə müvəffəq ola bilməyəcək. Çünki özü yorulmasa da, insanlar artıq eyni sözləri illərlə eşitməkdən yorulub.

Amma yenə də 44 günlük Vətən müharibəsi və bu müharibədəki zəfər üzərində çıxışlarını qurduğu mövzuları bir az redaktə edərək, köhnə sözləri yeni şəraitə və reallığa uyğunlaşdırmağa çalışır.

İndi AXCP sədri Azərbaycan ordusunun Qarabağı işğaldan azad etməsi ilə yaranan reallıqdan ona divident qazandıra biləcək məqamları daha ehtiyatla seçməyə çalışır.

Hiss olunur ki, buna xeyli əmək sərf edir, zarafat deyil, müharibədən yeni çıxmış, döyüş meydanındakı qələbəni diplomatik masada möhkəmləndirməli olan ölkədə siyasi olmasa da, mənəvi məsuliyyət bölgüsü var. Kərimlinin hiddəti, eqosu isə bu məsuliyyəti gözardı edəcək həddədir.

Belə olmasaydı, “Osmanqızı” TV-də yayınlanan çıxışında Azərbaycanın öz sərhədlərini delimitasiya və demarkasiya prosesi, Zəngəzurdakı son vəziyyət, beynəlxalq güclərin buna münasibətindən danışarkən Azərbaycanı bacarıqsızlıqda, səriştəsizlikdə ittiham etməyə cəhd etməzdi.

“O dəhliz acılacaq, amma o ərazilər bizim olmayacaq. Sizi aldadırlar, Laçın necə həmişə bizim olacaqsa, Zəngəzur da Ermənistanın olacaq”,- deyən Əli Kərimli “Hələ də emosional olaraq elə düşünənlər var, qulağa xoş gəlir axı. Bu sözlər səmimi insanların hislərinin istismarı ücün istifadə olundu” deyərkən nədənsə çox sevincli görünürdü.

Sanki illərlə bütün çıxışlarını xalqın da olmasa, ətrafındakıların, ona inanların hisləri üzərində quran bu deyilmiş. Sanki insanların çətinliklərindən, problemlərindən, narazılığından ancaq öz eqosunun təmini üçün yararlanmağa çalışan da o olmayıb. Ən azı Kərimlinin son illərdəki çıxışlarını davamlı da olmasa, ara-sıra izləyənlər onun səsinə qatdığı qəzəb tonundan da, sözləri dənə-dənə seçməsindən də, mimikalarından da emiosiyalarla oynamaq bacarığından sona qədər yararlandığını sezməmiş deyil.

Çıxışının davamında ironiyaqarışıq “təəssüflə” "Bizim almaq istədiymiz Zəngəzurda Rusiya hərbi bazaları yerləşir”,- deyən Kərimli Rusiyaya “əlcək atmağı” da untumadı. Kərimlinin bu yerdə “Mən bunu görəcək və doğru qiymətləndirəcək qədər peşəkar siyasətçiyəm” mesajını kimlərə ünvanladığını bilmək olur. Nə də olsa, ortada 2013-cü il seçkisində Rusiya projesi kimi ortaya çıxan Milli Şura təcrübəsi var.

Çıxışının davamında adətinə xilaf çıxmayaraq xalqı biganəlikdə günahlandırdı, əvvəllər mitinqdə kütləvi iştiraka nail olmamasını xalqın öz haqqını tələb etmək üçün meydanlara çıxmamasıyla əlaqələndirən Əli Kərimli eyni cığırla getdi. Bu dəfə sözlərini təsirli etmək üçün şəhid ailələri və qazilərdən özünə toxunulmazlıq divarı hörməyə girişdi. “Mən internet blokadasındayam, sosial şəbəkələrdən vaxtaşırı xəbər tuturam (?). Görürəm ki, sadə vətəndaşlar da onların dərdlərinə reaksiya vermir. Mənim tapşırığımla adminlər hər gün şikayət edən qazilərin haraylarını paylaşırlar, mənim səhifəmdən paylaşılanda haraylarına diqqət olunur. Şəhidlərin suyun içində dəfn edilməsiylə bağlı paylaşımı mənim səhifəmdə 20 min insan bəyənmişdi. Onda dedim ki, hökumət geri çəkiləcək” sözləriylə bu dəfə də onların boynuna haqq yükləməyə qalxdı.

O şəhid ailəsinin, o qazilərin problemlərini həll etməyən məmurdan nə fərqi oldu Əli Kərimlinin? Bircə açıq-açıq sosial şəbəkə hesabında adminlərin paylaşdığı şikayətlərin məhz ona görə həll edilyini deməkdən çəkindi. Amma yerini qoydu, xalqı şəhid ailələri və qazilərin problemlərinə biganəlikdə günahlandırıb burdan da özünə xalq qazanmağa çalışdı. Ancaq aktivinə heç 0 da yazdıra bilmədi...
Cebhe.info

Geri qayıt