Əsas Səhifə > Partiya, Güney Press > "Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər"

"Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər"


11-06-2021, 08:18
"Seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər"
Bir neçə gündür Ermənistanda parlament seçkilərində iştirak edəcək namizədlər seçkiqabağı təşviqata başlayıblar. “Gallup”un seçkiqabağı son sorğusunun nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” Partiyası respondentlərin 22,9 faiz səsini toplayıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi isə 20,6 faizə yüksəlib. Çoxları düşünür ki, Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsinin birdən-birə bu qədər yüksəlməsinin arxasında Kreml durur. Paşinyanın seçki öncəsi Avropa turuna çıxması, Fransa və Belçikaya rəsmi səfəri də Ermənistan parlament seçkilərinin ciddi rəqabət fonunda keçəcəyindən xəbər verir.

Ölkədə Paşinyana qarşı etiraz aksiyalarına da start verilib. Ötən gün Ermənistanın müxalif “Adekvat” hərəkatının fəalları paytaxt İrəvanda Paşinyan əleyhinə qeyri-adi aksiya keçiriblər. Hərəkatın fəalları hökumət binasının qarşısında yerə “Antinikol” sözlərinin yazıldığı plakatlar yapışdırıblar. Aksiya fəallarından biri bildirib ki, əvvəlki aksiyanı Vətəndaş Razılaşması partiyasının qərargahı qarşısında keçiriblər: “Bundan sonra vətəndaşlar bizə müraciət edərək, “antinikol” sözlərinin yazıldığı plakatları verdilər”. Polis aksiya iştirakçılarının plakatlarını cırıb və etirazçıları ərazidən uzaqlaşdırıb.

Ermənistanda baş verənləri şərh edən millət vəkili Sahib Alıyev deyib ki, Rusiya Nikol Paşinyanla “demokratiya” oyunu oynayaraq seçkini Robert Koçaryanın udması üçün əlindən gələni edir. Hətta çağdaş texnologiyalardan da faydalanır:

“Bu vasitələr arasında “Kim milyonçu olmaq istəyir?” verilişindəki “dosta zəng” elementi də var. Vladimir Putinin Koçaryana növbəti “dost” zəngi haqda xəbərin dövriyyəyə buraxılmasıyla eyni vaxtda Koçaryanın Rusiyadakı bəlli strukturlara bağlı “Kommersant” qəzetində intervüsü dərc edildi. O intervü ki, orada Robert ictimai rəyə “yeni baş nazir” kimi sırınırdı. Açığını deyək ki, Rusiyanın Koçaryana hazırkı dəstəyi əvvəlkindən nisbətən fərqli təsir bağışlasa da, yenə də “yesəniz də, yeməsəniz də yaşıl tərəvəzdir” modelindən çıxış edilir.

Bu, təkcə ondan irəli gəlmir ki, Qərblə Rusiyanın seçdirmək ənənələri fərqlidir. Daha çox ondan irəli gəlir ki, xəstə və vassal asılılığına öyrəşmiş və üstəlik sındırılmış cəmiyyət hansı davranışa layiqdirsə, onunla o cür də davranılır. Nəticə ortadadır. Ermənistanda “Qarabağ klanı”na nifrətin daha da artdığı bir vaxtda obyektivliyi daha az şübhə doğuran şirkətin keçirdiyi sorğuya görə, əliqanlı və korrupsiyaya bulaşmış siyasətçinin reytinqi 20,6 faizə yüksəlib. Halbuki, iki ay öncə bu göstərici 7-8 faizi keçmirdi. Paşinyanın reytinqinin az qala iki dəfə düşməsi fonunda, Koçaryanın reytinqinin qalxmasının başqa izahı yoxdur”.

Parlament üzvü qeyd edib ki, sosioloji sorğular onu da göstərir ki, bu seçkidə heç kim təkbaşına hökumət formalaşdıracaq qədər səs qazana bilməyəcək:

“Seçkiyə qatılan 23 partiya və 4 blokun içindən Paşinyanla Koçaryanınkını nəzərə almasaq, parlamentə düşmək şansı olanların sayı ancaq bir əlin barmaqlarıyla ölçülür. Amma o “əl” elə Rusiyanın əlidir.

Çünki seçkidə qələbə qazanmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər. Onlar da koalisyon hökumət yaradılacağı təqdirdə Koçaryanın yanında yer alacaqlar.

Seçkini udmaq üçün az-çox şansı olan siyasətçilərdən ancaq Levon Ter-Petrosyanla Edmon Marukyan Paşinyandan daha çox Koçaryana nifrət bəsləyirlər.

Lakin digər bütün siyasi qüvvələr Koçaryanın əlinə oynayırlar. Qərbpərəst mövqe sərgiləyən partiyaların belə Paşinyanın elektoratını parçalamaq üçün meydana buraxıldıqları istisna deyil.

Təbii ki, Paşinyan da baş verənlərin fərqindədir. Onun Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliyə görə Rusiyanı suçlamağa cəhd etməsi və Avropa səfəri məhz bu reallıqdan irəli gəlir.

Amma nə Makron Putindir, nə də Fransanın Ermənistan üzərində Rusiya qədər təsiri var. Bir sözlə, görünən budur ki, cəllad Koçaryan yenidən hakimiyyətə gətirilir. O Koçaryan ki, ondan həmişə regionda qarşıdurma aləti kimi faydalanılıb. Yəqin bundan sonra da eyni məqsədlə istifadəsi nəzərdə tutulur”.

Geri qayıt