Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır”
“Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır”12-06-2021, 09:23 |
Son günlər Qərb və Rusiya KIV-lərində Azərbaycana qarşı yeni bir kampaniyaya start verilib. Kampaniya çərçivəsində ölkəmizə qarşı müxtəlif əsassız ittihamlar irəli sürülür. Həm də Azərbaycanı ittiham edən KİV-lər həmin ölkələrə məxsusdur ki, orada korrupsiya, insan hüquqlarının pozulması, milli və irqi ayrı-seçkilik ifrat həddədir. Milli Məclisin deputatı Elman Məmmədov Reyting.az-a müsahibəsində deyib ki, Qərbin ayrı-ayrı ölkələri Azərbaycanın son uğurlarını həzm edə bilmir: - Qərb ölkələrində Azərbaycan əleyhinə aparılan kampaniya 100 illərdir ki, xristian dünyasının islam aləminə qarşı başladığı “səlib yürüşü”nün tərkib hissəsidir. Mən konkret deyirəm: bu, sırf islam düşmənçiliyidir. Bu regionda Azərbaycan kimi müsəlman ölkəsinin güclənməsini, inkişafını və qalibiyyətini həzm edə bilmirlər. Əgər bunlar demokratik dövlətdirsə, ədalət prinsipi əsasından çıxış edirlərsə, 30 ildir torpaqlarımız işğal altındaydı, niyə hay-küy salmırdılar? İşğalçıya qarşı niyə qətnamələr qəbul etmir, onun icrasına çalışmırdılar? Bunlar BMT-nin məlum 4 qətnaməsinin icrası üçün bir iş görmədilər. Azərbaycan gücləndi, ordusu 44 gün müddətində ərazilərimizi işğaldan azad etdi, faktiki ərazi bütövlüyümüz təmin olundu. İndi bunlar belə bir reallığı qəbul edə bilmirlər. Belə çıxır ki, onların istəyi, məqsədi və arzusu Azərbayanın işğal altındakı ərazilərini erməniləşdirmək olub. Amma bu, qəbuledilməzdir. Qərbin ayrı-ayrı ölkələri, mediası Azərbaycanın uğurlarını həzm edə bilmir. Vətən müharibəsindəki qələbəmizdən sonra onlar az qala bizə qarşı düşmən mövqedə durur, əsassız hay-küy qaldırırlar. Kimisi hərbi əsirlərdən, kimisi Ermənistan sərhədlərinin pozulmasından, kimisi də Azərbaycanın anti-demokratik hərəkətlərindən bəhs edir. - Demək istəyirsiniz ki, Qərb mediasında, eləcədə ayrı-ayrı ölkələrdə Azərbaycana qarşı olan fikirlər təsadüfi deyil? - Bəli. Bir çox hallarda Azərbaycanı anti-demokratiyada və başqa nəsnələrdə ittiham edirlər. Amma gəlin həmin ölkələrdə baş verənlərə diqqət yetirək. Məsələn, ən qatı anti-Azərbaycan mövqeyində duran Fransaya nəzər salaq. Bu ölkədə neçə müddətdir ki, “sarı jiletli”lər aksiya keçirirdi. Hər birimiz gördük ki, istər aksiya iştirakçılarına, istərsə də jurnalistlərə qarşı necə anti-insani münasibət göstərildi. Dünya özünü demokratiyanın beşiyi elan etmiş Fransada insanlara aşırı zor tətbiqindən dəhşətə gəlmişdi. Bu, bizim iddiamız deyil. Həmin zorakılıqları telekanallar vasitəsilə bütün dünya görüb. İkincisi, insan hüquqlarından danışırlar. Bu gün faşist Almaniyası dövründə olan konslagerlər kimi tikanlı məftillərlə hasarlanmış düşərgələr yaradıblar. Bu düşərgələrdə miqrantlar saxlanılır. Avropanın mərkəzində müsəlman məsçidləri yandırılır, insanlar məxsus olduğu dinə görə çıxdaş edilir. Müsəlman ailələrinə hücumlar təşkil olunur, evlərini yandırırlar. Budurmu, Avropadakı demokratiya, insan hüquqları? Odur ki, bu adamlar əvvəlcə özlərinə baxsınlar, sonra bizi ittiham etsinlər. Onlar bunamı demokratiya, insan hüquqları, söz azadlığı, fikir müxtəlifliyi deyirlər? Məncə, onlar demokratiya ifadəsindən istənilən dövlətdə çaxnaşma yaratmaq, onu zəiflətmək, öz iradələrini qəbul etdirmək üçün yararlanırlar. - Sözünüzdən belə çıxır ki, həmin ölkələrdə demokratiya, insan hüquqları və hətta korrupsiya ilə bağlı ciddi problemlər var? - Mən konkret misallar çəkirəm. Amerikaya baxaq. ABŞ-da son bir ildə mövcud olan statistikaya baxın. Görün nə qədər qaradərili öldürülüb, güllələnib. Məhz qaradərili olduğu səbəbindən. Hələ işgəncələrdən danışmaq istəmirəm. Budurmu demokratiya? Onlar bir həqiqəti qəbul etmək istəmirlər. Bu da onunla bağlıdır ki, Azərbaycan müharibəni öz ərazisində aparıb. Bu azadlıq, Vətən müharibəsi idi. Ən vacibi, Azərbaycan tarixi ərazilərini işğaldan azad etdi. Heç kimin də ərazisinə müdaxilə etməmişik. Onlar niyə bunu dərk etmək istəmirlər? Hesab edirəm ki, əslində dərk edirlər, sadəcə, qəbul etmək istəmirlər. - Sizcə, onlar niyə beynəlxalq hüquqa hörmət etmək əvəzinə Azərbaycanın son qalibiyyətindən qıcıqlanırlar? Bəziləri hətta Xankəndindəki separatçılara dəstək verir... - Məşhur türk yazarının bir sözü var. Deyir, biz türkük, heç kimin torpağında, vətənində gözümüz yoxdur. Ancaq torpağımıza göz dikənin gözünü çıxararıq. Bəli, düşmənin gözünü çıxardıq və torpağımızdan qovduq. Bunun nəyi qəbahətdir? Səs-küy salan dövlətlərin torpağı işğala məruz qalsaydı və bunlar ərazilərini işğaldan azad etmək üçün hərəkətə keçsəydilər, onları kim qınaya bilədi? Məncə, belə ikili standartlardan imtina etməyin vaxtı çoxdan çatıb. Həmin ölkələr vaxtlarını öz daxili problemlərinin - insan hüquqları, sosial rifah, korrupsiyaya qarşı mübarizəyə sərf etməlidirlər. Mən məcburi köçkün kimi deyirəm ki, Azərbaycan öz ərazilərində anti-terror əməliyyatlarına başlamalıdır. Ərazilərimizi Ermənistan ordusunun tör-töküntülərindən və Qarabağdakı quldur dəstələrdən təmizləmək üçün. Burada qeyri-adi nə var? Qonşu Rusiya 30 ildir Şimali Qafqazda anti-terror əməliyyatı keçirmirmi? Başqa ölkələr öz ərazilərində belə əməliyyatlar aparmırmı? Aparır. Bu haqq, ədalət və hüquq bizə də aiddir. Bizdə bunu etməliyik və edəcəyik də. Bir haray-həşir də bu zaman qaldıracaqlar. Qaldırsınlar. Onlara fikir verən kimdir? Biz dövlətimizi, dövlətçiliyimizi qorumaq üçün hər şey edəcəyik. Kim qəbul etmirsə, öz işidir. Geri qayıt |