Əsas Səhifə > Partiya, Güney Press > "Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun"

"Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun"


17-06-2021, 08:48
"Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun"
15 iyun 2021-ci il Azərbaycan tarixinə yazılan möhtəşəm gün oldu. Azərbaycan və Türkiyə prezidentləri iki qardaş ölkəni bir-birinə daha da bağlayacaq Şuşa Bəyannaməsi imzaladılar. Bütün dünyanın diqqət mərkəzində olan bu hadisəni Azərbaycan və Türkiyə xalqı böyük coşqu ilə qarşıladı.

Müxalifət partiyalarının liderləri də Şuşa Bəyannaməsini çox böyük uğur hesab edir və alqışlayırlar.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Şuşa Zirvəsi 44 günlük Vətən savaşında əldə etdiyimiz qələbədən sonra qanunauyğunluq olmaqla yanaşı özlüyündə həm də tarixi bir hadisədir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada belə bir görüşünün reallaşacağı bir il əvvəl hər kəsə bəlkə də əlçatmaz xəyal kimi görünə bilərdi.

Bu səbəbdən də tam mübaliğəsiz demək olar ki, 15 iyunda təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla, bütün dünyanın nəzərləri Şuşaya yönəlmişdi: “Təbii ki, bu görüşdən böyük gözləntilərimiz var idi və hesab edirəm ki, bu gözləntilər yaxşı mənada özünü doğrultdu. Azərbaycan və Türkiyə prezidentləri bir sıra məsələlərlə bağlı çox önəmli açıqlamalar verdilər və iki qardaş ölkə başçısı tərəfindən imzalanmış bəyannamə ilə bu zamana qədər səsləndirilən bir çox vacib müddəaları imzaları ilə təsbit etdilər.

Şuşada imzalanmış bəyanat hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsinin vacibliyi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi və bu kontekstdə Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması və bir sıra digər olduqca mühüm müddəaları özündə ehtiva edir. Xüsusilə də iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlı məsələlərin nəzərdə tutulmasını olduqca yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycan və Türkiyə dövlətlərinin bundan sonra da regionda əsas söz sahibləri olaraq sülhün və sabitliyin qarantoru rolunda çıxış edəcəyinin bütün dünyaya ciddi mesajı kimi qəbul edilə bilər".

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidentinin Şuşa səfəri və imzalanan Şuşa Bəyannaməsi həm Azərbaycan və Türkiyə, həm də region üçün çox önəmli tarixi hadisədir. Bu hadisə həm də regionda yeni düzənin formalaşmasının işartılarıdır. Bu düzənin formalaşmasında Azərbaycanın da özünəməxsus yeri var: “Şuşada imzalanan bəyannamə çox böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Orada da vurğu yapıldı ki, bu, Qars müqaviləsinin sanki davamıdır. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti ən yüksək səviyyədə rəsmi sənədlərdə əksini tapmasıdır. Bu, bir millət bir dövlət prinsipinə doğru atılan addımdır. Şübhəsiz ki, bunu heç kim Azərbaycanın müstəqilliyinin hər hansı formada itirilməsi kimi başa düşməsin. Azərbaycanla Türkiyəni bu sənəd bir-biri ilə heç vaxt olmayan səviyyədə bağlayacaq. Türkiyə Qafqaza qədəm qoyur. Hansı tərəfdən analiz etsək Şuşa Bəyannaməsinin böyük tarixi əhəmiyyətə malik sənəd olduğunu söyləyə bilərik”.

Müsavat Partiyasının başqanı Arif Hacılı hadisəyə facebook səhifəsində belə münasibət bildirib: “Türkiyə və Azərbaycanın ”üçüncü ölkədən təhlükə olarsa" bir-birini qoruması barədə Şuşa Bəyannaməsi, Şuşada Türkiyə baş konsulluğunun açılması qərarı, iki ölkə arasında imzalanan digər razılaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm siyasi iradəyə əsaslanan yeni mərhələsidir. Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun".

AXCP sədri Əli Kərimli isə sosial şəbəkədə məsələyə bu cür münasibət bildirib: “Azərbaycan-Türkiyə hərbi ittifaqın nəhayət, rəsmiləşdi. Biz hər zaman belə bir ittifaqı zəruri saymışıq. Şuşa Bəyannaməsinə görə ”Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə... Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bildirdi ki, Qarabağ məsələsində istər atəşkəs dönəmində, istər 44 günlük savaş zamanı, istərsə də ondan sonra müxalifət hər zaman milli mövqedən çıxış edib. Bu məsələdə siyasi maraq, fikir ayrılığı yoxdur və ola da bilməz. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi hər kəs üçün birinci dərəcəli məsələdir: “İkinci Qarabağ savaşında milli birliyin, siyasi həmrəyliyin ortaya qoyulması da bunun təsdiqi idi. Şuşa zirvəsində də mövqe eyni cürdür. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfəri özlüyündə Qarabağın azadlığının simvolik bir təsdiqi idi. Eyni zamanda dünyaya bir daha Azərbaycan-Türkiyə qardaşlığı sərgiləndi. Şuşa Zirvəsində imzalanan bəyannamə isə bütün deyilənlərin rəsmiləşmiş forması idi. Müxalifət olaraq bütün bunları alqışlayır və dövlətimiz adına qürur duyuruq. Hər kəs də bilməlidir ki, Azərbaycanda milli məsələlər mövzu olduqda iqtidar-müxalifət fərqliliyi yoxdur”.
“Yeni Müsavat”

Geri qayıt