Əsas Səhifə > Partiya, Güney Press > “Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir”

“Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir”


22-06-2021, 08:58
“Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir”
Radikal müxalifət, separatçılar və bəzi xarici ölkə agentləri kimi xarakterizə olunan adamlar 15 iyunda Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsinə qarşı birləşiblər.

Bir növ həmin qüvvələr 10 noyabr tarixli üçtərəfli anlaşmadan sonra başlatdıqları qara piar kampaniyasının müəyyən qədər “baş tutduğunu” düşünərək, bir daha Rusiya amilindən yararlanmağa çalışırlar. Burada onların gətirdikləri əsas arqument budur ki, Ərdoğan ölkəsinə dönəndə jurnalistlərə “İlham Əliyev Putinlə görüşüb danışmalıdır” söyləyib. Bundan uzağa gedən nəticələr çıxararaq iddia edirlər ki, hətta Türkiyənin Azərbaycanda möhkəmlənməsi üçün iki qardaş ölkənin prezidentləri Putindən icazə alacaqlar.

Onların bu cəfəng fikirləri daha çox gülüşlə qarşılansa da, müzakirələr doğurmamış da deyil.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında fikirlərini çox sərt şəkildə ifadə etdi: “Azərbaycanın 1921-ci ildə Qars müqaviləsindən sonra sərhədləri daxilində dövlətçiliyini qoruyub saxlamaq baxımından adını çəkdiyim müqavilədən də üstün Şuşa Bəyannaməsi qəbul olundu. Olduqca ciddi, əhəmiyyət kəsb edən tarixi bir sənəddir. İllərdir ki, biz Azərbaycanla Türkiyə arasında müttəfiqlik müqaviləsinin bağlanması arzusunda idik. Bununla bağlı ən müxtəlif platformalarda fikirlərimizi səsləndirmişik. Doğrudur, 1992-ci ildən üzü bəri iki qardaş ölkə arasında əməkdaşlığın yaranması istiqamətində zamanın verdiyi tələblər çərçivəsində çox ciddi addımlar atılıb. Amma bu addımların ən möhtəşəmi 15 iyundakı bəyannamə oldu. Bunun əleyhinə çıxanlara deyərdim ki, Şuşa Bəyannaməsini diqqətlə oxusunlar. Təkcə oxumasınlar, həm də dərk etsinlər, başa düşsünlər, anlasınlar. Bu bəyannamə ilə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə, suverenliyinə zidd olan, bunu təhlükə altına alan üçüncü dövlətin qarşısında Türkiyə dövləti, onun silahlı qüvvələri dayanacaq. Bunu sayın Ərdoğan da açıq şəkildə bəyan edib.

44 günlük müharibə dövründə, eləcə də müharibə ərəfəsində belə bir müqavilə yox idi. Məhz bu səbəbdən qardaş ölkə hərbi potensialını Azərbaycanın yanına gətirmədi. Azərbaycanın heç buna ehtiyacı da olmadı. Təkbətək işğalçını sındırdı. Əgər Rusiya KTMT-nin əsas ölkəsi kimi Ermənistanın yanında olsaydı, türk qardaşlarımız Rusiyanın qarşısında dayanacaqdılar. Bunu bildiyi üçün Putin açıq şəkildə Ermənistanı müdafiə etmədi. Həmin şəxslər artıq bunu anlamalıdırlar. Bütün bunların əleyhinə gedən ermənidən betərdir. Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir. Faşist, bandit, Xocalı faciəsini törədən Köçəryanın yanında yer almaq onlara başucalığı gətirmir. Şuşa Bəyannaməsinin taleyini sosial şəbəkələrdə aşağı-yuxarı mənasız şərhlər həll etmir. Onlar, sadəcə, tariximizə lənətlənmiş ermənilərin, eləcə də fransızların yanında yer alan şarlatanlar kimi daxil olublar. Buna çox təəssüf edirəm. Bir tikə çörəyə, yaxşı həyat tərzinə görə antimilli mövqe tutmaq heç kəsə başucalığı gətirmir. Deyirlər ki, Ərdoğan İlham Əliyevin Putinlə danışmalı olduğunu deyib. Bəli, burada nə var ki? Putin təkcə regionun deyil, dünyanın supergücü olan dövlətlərindən birinə rəhbərlik edir. Bu gün Bayden Putinlə görüşür, Avropa İttifaqı Rusiyanın qarşısından qaçır. Biz regionun ciddi faktoru kimi Rusiyanı dana bilmərik. ”Şimal qonşumuzla əlaqələri kəsək, danışıqlar masasına oturmayaq" kimi fikirlər əslində Azərbaycana qəsd deməkdir. 44 günlük müharibədə Kreml bu və ya digər səbəblərdən neytral qaldı. Burada da cənab İlham Əliyevin uzun illərdən bəri aparmış olduğu diplomatik siyasət mühüm rol oynadı. Onsuz da Rusiya ilə danışıqlarımız gedir. Kreml proseslərin içərisindədir. Müharibənin dayanmasına, Ermənistanın kapitulyasiyasına imza atanlardan biri də Putindir. Heç bir halda bu münasibətləri düşmənçiliyə çevirməli deyilik. Onlar ya bunu anlamırlar, ya da anlayıb belə olmasını istəyirlər. Onun üçün də Şuşa Bəyannaməsinə kölgə salmağa cəhd edirlər. Onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki sözlərinin çəkisi və qüvvəsi yoxdur".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd etdi ki, qələbəyə şərik olmaq istəyənlər çox olur: “Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Ona görə də bizi istəməyənlər qələbəmizə kölgə salmağa, kimlərisə şərik qoşmağa çalışırlar. Bütün bunlar mənasız cəhdlərdir. Heç kim qələbəmizi əlimizdən ala bilməz, ”Mavr işini görüb , heç hara da getmək fikrində deyil". Hər şey də bizim istədiyimiz ssenari ilə davam edir. Paşinyanın yerində qalması da işimizə yarıyacaq. Rusiya amilindən də çəkinməyə ehtiyac yoxdur. Ərdoğan Azərbaycanın Rusiya ilə danışmasını istəyirsə, buna da normal yanaşmalıyıq. “Öz göbəyimizi, əlbəttə, özümüz kəsməliyik”. Azərbaycan regionda real güc faktoruna çevrilib. Bunu Türkiyə də bu açıqlaması ilə təsdiq edir. Rusiya ilə bizim əvəzimizdən niyə başqası, lap elə qardaş Türkiyə danışmalıdır? Böyük Zəfərdən sonra hər kəs başa düşdü ki, dilimiz də, dilçəyimiz də var. Türkiyə qardaş ölkədir. Biz onun gücü ilə hesablaşır, bir yerdə hərəkət edirik. Amma həm də öz sözümüz, yerimiz var. Rusiya da Azərbaycan faktoru ilə hesablaşır. Biz də regionda Rusiyanın təsir imkanlarını nəzərə almalıyıq. Ermənistan özünü tam şəkildə Rusiyanın ixtiyarına verib, iqtisadiyyatı Rusiyanın əlindədir, sərhədlərini rus əsgərləri qoruyur. Biz isə öz ölkəmizin tam sahibi olmaqla müəyyən məsələlərdə Rusiya amili ilə hesablaşırıqsa, bunda heç bir aşağılayıcı və ya təhlükəli məqam yoxdur. Siyasət “düzünəqulu prospekt” deyil, enişli-yoxuşlu prosesdir. Daim irəliyə getmək mümkün deyil. Bəzən daha sürətlə irəliyə getmək üçün bir qədər geriyə çəkilməli də olursan. Türkiyə və Azərbaycan regionda söz sahibidir. Heç kəsdən icazə almağa ehtiyac yoxdur. Əksinə, Rusiya addımlarını Azərbaycan və Türkiyə ilə uyğunlaşdırmağa çalışır. Şimal qonşumuzun sülhməramlıları Azərbaycan və Türkiyənin icazəsi ilə regiona yerləşdirilib. Rusiya söz sahibi olsaydı, Ərdoğanın Şuşaya səfərinə imkan verməzdi, orada Şuşa Bəyannaməsinin imzalanmasına razı olmazdı. Azərbaycan və Türkiyə liderləri Şuşadan bütün dünyaya, o cümlədən Rusiyaya mesajlarını verdilər. Bu mesajın mahiyyəti o idi ki, Şuşa, Xankəndi daxil, Qarabağın, Zəngəzurun sahibi bizik. Putin səsini də çıxara bilmədi, susdu. Susmaq isə razılıq əlamətidir".
“Yeni Müsavat”

Geri qayıt