Əsas Səhifə > Partiya, Güney Press > “İnsanlar yas mərasimlərinə daha həssasdır, nəinki toylara”
“İnsanlar yas mərasimlərinə daha həssasdır, nəinki toylara”30-06-2021, 08:21 |
İyulun 1-dən etibarən Azərbaycanda toy və nişan məclislərinin keçirilməsinə icazə veriləcək. Lakin yas məclisləri ilə bağlı məsələ müzakirə olunmur və hələ də açıq qalmaqdadır. Məlum məsələdir ki, yası düşənlərə başsağlığına getmək də tarixi ənənəmizdir. Yası da toylar kimi, çoxluq olmadan, problem yaratmadan, bəlli qaydalarla bərpa etmək olarmı? AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “El arasında belə bir söz var - ”Xeyirlə şər qardaşdır". Ümumiyyətlə, Azərbaycan mədəniyyətinə, mental dəyərlərinə əsasən toyla yas heç vaxt ayrılmır. Hətta bayramlar öncəsi “qara bayram” deyə bir adət də var, hansı ki, vəfat edənlər həmin gün xatırlanır və sairə. Operativ Qərargahın yaslarla bağlı qərar qəbul etməməsi absurddur, qəbuledilməzdir. Çünki insanlar yas mərasimlərinə daha həssasdır, nəinki toylara. Məsələn, ola bilər ki, toy mərasimində iştirak edə bilməyəsən, amma bir neçə gün sonra da gedib təbrik etmək olur. Amma yaxınının ən çətin günündə, yas-dəfn mərasimləri zamanı onun yanında olub, dərdini bölüşməlisən. Buna görə də hesab edirəm ki, toylarla bağlı çıxarılan şərtlərdən daha yüngül şərtlərlə yas mərasimlərinin də keçirilməsinə icazə verilməlidir. Toy mərasimlərində kütləvi rəqslər və sairə edilir. Amma yasda bu cür kütləvilik yaşanmır. İnsanlar sadəcə əyləşib bir stəkan çay içib, başsağlığı verib, gedir. Burada əsas prosedur yas sahibinə, yaxını rəhmətə gedən adama təskinlik, başsağlığı verib, onun dərdinə şərik olduğunu nümayiş etdirməkdən ibarətdir. Düşünürəm ki, burada xüsusi icazəyə də ehtiyac yoxdur. Məlum olduğu kimi, yas mərasimlərinin müəyyən ritualları var. Məsələn, xanımlar ağlaşma mərasimi keçirir. Bu zaman qadınlar daha çox salamlaşıb, öpüşürlər. Amma artıq maska rejiminə riayət edilir və bunu ətrafımızdan da görə bilirik. Virus ortaya çıxıb deyə biz bütün həyat tərzimizi dəyişə, yeni adət-ənənələr yarada bilmərik. Ümumiyyətlə, toy və yas mərasimlərinin ləngidilməsi insanlar arasında psixoloji gərginlik, stress, yüklənmə yaradır. Bütün bunların yığılıb qalması sonradan sosial partlayışa səbəb ola bilər. Bu baxımdan xəbərdarlıqlar edib, təlimatlar verməklə yas mərasilmərinin də keçirilməsinə icazə verilməlidir". Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür şərh bildirdi: “Yas mərasimlərinin də keçirilməsinə icazə verilməlidir. Lakin burada diqqət etmək lazımdır ki, qadınlar daha çox yas mərasimlərində bir yerə toplaşır və daha yaxından təmasda olurlar. Burada tələblər kifayət qədər ciddi olmalıdır. Məlum olduğu kimi, hazırda bir çox ölkələrdə koronavirusla bağlı vəziyyət gərginləşməyə başlayır. Bu baxımdan arxayın olmayaq ki, bizdə virusla bağlı vəziyyət səngiyir. Ona görə də yas mərasimlərinin keçirilməsinə icazə verilərsə, tələblər, məhdudiyyətlər daha ciddi olmalıdır. Və biz bu işə yerli icra hakimiyyətinin nümayəndələrini cəlb etməliyik. Onlar yas mərasimlərinin qaydalara uyğun keçirilməsindən məsul olmalıdırlar. Hər bir kənddə icra nümayəndəsi var, həmin nümayəndələr məsələyə nəzarət etməlidirlər. Hesab edirəm ki, daha çox açıq havada yas mərasimlərinin keçirilməsinə üstünlük verilməlidir, nəinki örtülü yerlərdə. Hələlik hava şəraiti buna imkan verir. Qışda isə tələblər sərtləşə bilər. Amma indiki vaxtda qeyd etdiyim kimi, şəhər və kənd yerlərində icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yas mərasimlərini keçirmək olar. Bu məsələdə əsas 3 amilə diqqət etmək lazımdır. Birincisi - maarifləndirmədir. Biz bu amilə daha çox diqqət ayırmalıyıq. İkincisi - stimullaşdırma. Biz yaxşı nümunələri təbliğ etməliyik. Üçüncüsü isə tələblərə riayət edilməlidir. Bu üçündən biri olmadıqda uğur əldə edə bilməyəcəyik". Geri qayıt |