Əsas Səhifə > Partiya, Güney Press > "Qriqoryanın açıqlaması erməni ictimaiyyətini sakitləşdirmək, onların narahatlığını aradan qaldırmaq üçündür"

"Qriqoryanın açıqlaması erməni ictimaiyyətini sakitləşdirmək, onların narahatlığını aradan qaldırmaq üçündür"


1-07-2021, 08:26
"Qriqoryanın açıqlaması erməni ictimaiyyətini sakitləşdirmək, onların narahatlığını aradan qaldırmaq üçündür"
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ortaya yeni iddia atıb. O bildirib ki, Rusiya sülhməramlıları Qarabağı 4,5 il sonra tərk etməyəcəklər. Qriqoryan ona bu zəmanəti rusiyalı həmkarlarının verdiyini söyləyib. Azərbaycan ictimaiyyəti, siyasi dairələri aylardır bu məsələni müzakirə edir. Əksəriyyət rusların 5 ilin tamamında bölgəni tərk edəcəyinə şübhə ilə yanaşsa da, əvvəl-axır Rusiya sülhməramlılarının Qarabağdan gedəcəyi vurğulanır. İstənilən halda Təhlükəsizlik Şurasının baş katibinin sözləri müəyyən məqamları gündəmə gətirir.

Əlbəttə, Qriqoryanın məlum bəyanatı sadəcə erməni ictimaiyyətinə hesablanmış açıqlama da ola bilər. Yaxud, Rusiya rəsmiləri Ermənistan hökumətinin narahatlığını nisbətən azaltmaq üçün onlara bu cür “qarantiya” veriblər.

Qriqoryanın açıqlamasını “Şərq”ə dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı hesab edir ki, Ermənistan hökumətinin rəsmi nümayəndələrinin bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Partiya rəhbəri deyib ki, başda Paşinyan olmaqla, digər erməni rəsmiləri, yüksək rütbəli hərbçilər müharibə dövründə xalqı dəfələrlə aldadıblar:

“İndi rəhbərlikdə olanlar erməni xalqına yalan danışmış şəxslərdir. Uydurmalarla gündəmə gəlmək, xalqın başını qatmaq erməni rəsmilərinin əsas missiyasıdır. Qarabağ məsələsində Ermənistan tərəf deyil. Bütün məsələlər Rusiya-Azərbaycan və Türkiyə dövlət başçılarının arasında həll olunur. Qriqoryanın açıqlaması erməni ictimaiyyətini sakitləşdirmək, onların narahatlığını aradan qaldırmaq üçündür. Rusiya sırf bu məqsədlə erməni siyasilərinə “vəd” verib. Xatırlayırsızsa, müharibədən qabaq KTMT-dən müəyyən açıqlamalar gəlirdi ki, guya, Azərbaycan Ermənistanla müharibəyə başlasa, qurum dərhal müdaxilə edəcək, Gəncəyə qədər gedib çıxacaqlar və s. Bunların heç birinin reallaşmadığını ermənilər gördülər. Rusiya sülhməramlıları ilə bağlı erməni tərəfi manipulyasiya edir. Əgər rəsmi Bakı istəməzsə, 5 il sonra Rusiya sülhməramlıları Qarabağda qala bilməz və qalmamalıdır. Rusiya Azərbaycanın tələbindən boyun qaçırarsa, Moskvaya qarşı da mübarizəmizi davam etdirəcəyik. Bizim üçün işğalçının kimliyinin heç bir fərqi yoxdur”.

T.Abbaslı əlavə edib ki, bir ölkənin Təhlükəsizlik Şurasının katibinin “Rusiya Qarabağdan getməyəcək, bizə söz veriblər” bəyanatının özü göstərir ki, Ermənistan müstəqil dövlət deyil:

“Erməni iqtidarı öz xalqının təşvişini azaltmaq, onların təhlükəsizliyini təmin etmək üçün başqa bir dövlətin ordusuna ümid bəsləyir. Bəs belə halda Ermənistanın ayrıca dövlət olmasına nə ehtiyac var?! Bu bəyanat bir daha sübut edir ki, Ermənistan Rusiyanın federasiyasıdır”.



Geri qayıt