Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya Ermənistanı ayaqda yox, əsarətdə saxlamaq istəyir”
“Rusiya Ermənistanı ayaqda yox, əsarətdə saxlamaq istəyir”7-07-2021, 09:08 |
“Ermənistan iqtisadiyyatının 90 faizindən çoxu Rusiyanın malı, əmlakıdır. İkincisi, Ermənistan ordusu Rusiyanın nəzarətindədir. Üçüncüsü, Rusiya Ermənistanı Cənubi Qafqazda forpost kimi saxlayır. Çünki bu, Rusiyaya çox lazımdır. Odur ki, Rusiya Ermənistanı heç kimə güzəştə getməz”. Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. A. Əlizadə əlavə edib ki, Ermənistan forpost kimi Rusiyaya Cənubi Qafqazı itirməmək üçün lazımdır: “Rusiya Gürcüstanı faktiki itirib. Azərbaycan demək olar ki, Rusiyanın əlindən çıxıb. Yalnız 44 günlük müharibədən sonra ruslar azacıq şəkildə sülhməramlı qüvvə kimi qayıtdı. Bu halda Cənubi Qafqzda Rusiyanın yeganə dayağı Ermənistandır”. Partiya sədri xatırladıb ki, hazırda Ermənistan cəmiyyətində anti-Rusiya ovqatı mövcuddur. Onun sözlərinə görə, orada Rusiyanı istəməyən qüvvələr var, ancaq onlar hələlik zəifdir: “Ermənilər “ağıllı dana” kimi həm Rusiyadan, həm də Qərbdən əmirlər”. A. Əlizadə razılaşır ki, Qərb Rusiyanı zəiflətmək istəyindədir və bunun bir yolu da Ermənistanla işləməkdir. Siyasətçi buna nümunə kimi Avropa Birliyinin Ermənistana yaxın 5 illik müddətdə 1,5 milyard avro yardım edəcəyini göstərir: “Amma Qərb anlamır ki, 1,5 milyard avro Ermənistan üçün heç nədir. Çünki Rusiyanın orada daha çox sərmayəsi var”. Partiya sədri qeyd edib ki, hazırda Rusiyanın Ermənistanı ayaqda saxlamaq üçün pul xərcləmək, infrastruktur yaratmaq, onu inkişaf etdirmək kimi niyyəti yoxdur. Onun fikrincə, ruslar Ermənistanı ayaqda yox, əsarətdə saxlamaq istəyir: “Ehtimal edirəm ki, yaxın 5 ildə Paşinyan ruslarla yola gedəcək. Paşinyan anlayır ki, Rusiyadan qopsa, onu tez bir zamanda əzəcəklər. Əslində Paşinyanı sıradan çıxara bilərdilər. Sadəcə, Paşinyan müharibənin dayandırılması üçün üçtərəfli saziş imzalamışdı. Onun yerinə kim gəlsəydi üçtərəfli sazişdən imtina edəcəkdi. Bu saziş isə Rusiyaya lazımdır”. Geri qayıt |