Əsas Səhifə > Partiya, Güney Press > "Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var"
"Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var"8-07-2021, 08:33 |
Azərbaycanda rayonların yeni iqtisadi bölgüsü haqqında Fərman imzalanıb. Prezident İlham Əliyevin imzaladığı Fərmanda Şərqi Zəngəzur iqtisadi rayonunun da yaradıldığı bildirilir. Fərmana əsasən, iqtisadi rayonun tərkibinə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Məlum olduğu kimi, bu torpaqlar müharibə nəticəsində ciddi dağıntılara məruz qalıb, infrastruktur xeyli ziyan görüb. 44 günlük müharibə nəticəsində işğaldan azad olunan torpaqlarda iqtisadi inkişafın artırılması istiqamətində görüləcək işlər artıq reallaşır. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında sənədin Zəngəzur ərazisinin iqtisadi inkişafının yüksəldilməsinə xidmət məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması yalnız Azərbaycan üçün deyil, həm də dünya üçün Zəngəzurun vaxtilə parçalanması faktını yaddaşlarda təzələyir, eyni zamanda ərazinin bütövlüyünün vacibliyi özündə ehtiva edir: “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Ümid edirəm ki, gələcəkdə Qərbi Zəngəzura daxil olan Qafan, Mehri, Gorus və Sisyan rayonları da Şərqi Zəngəzura birləşəcək və Zəngəzurun iqtisadi inkişafı ilə bağlı Prezident yeni fərman imzalayacaq”. Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edib ki, Şərqi Zəngəzur termini Qərbi Zəngəzurun vaxtilə ermənilər tərəfindən işğalı faktına işarə vursa da, bu ərazinin geri qaytarılması Azərbaycanın xarici siyasətinə ziddir: “O torpaqlar bizim olsa belə, siyasi iddia irəli sürmürük”. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması müqavilədə nəzərdə tutulduğundan, bu addımın atılması reallığa əsaslanır. Fazil Mustafa onu da deyib ki, işğaldan yeni azad olunmuş torpaqların iqtisadi inkişafını təmin etmək üçün belə bir modelin seçilməsi məqsədə uyğundur. Onun fikrincə, Ələt Azad İqtisadi Zonasının yaradılmasından sonra belə bir addımın atılması gözlənilən idi. “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı Qadir İbrahimlinin sözlərinə görə, Zəngəzur dəhlizinin bərpa olunması Naxçıvanın Azərbaycanın digər bölgələri ilə birləşməsi deməkdir. Bu addımın həm Azərbaycan, həm Türkiyə, həm də regional baxımdan əhəmiyyətli olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, böyük dağıntılara məruz qaldığından işğaldan azad olunan ərazilərin iqtisadi cəhətdən bərpası xeyli vaxt və vəsait tələb edir: “Söhbət milyonlardan yox, milyardlardan gedir. Amma Azərbaycan layihənin reallaşmasından çox qazanacaq”. Siyasətçi Azər Qasımlı isə hesab edir ki, ölkədə ümumilikdə iqtisadi islahatlara ehtiyac var: “Azərbaycanın işğal edilməmiş, yəni hazırda təhlükəsiz yaşadığımız bölgələrdə belə iqtisadi islahatlara ehtiyac var. O ki qaldı yeni işğaldan azad edilmiş bölgələrdə”. Büdcədən külli miqdarda vəsaitin ayrılacağını vurğulayan politoloq deyib ki, tikinti sektoru vasitəsilə müvəqqəti və ucuz iş yerləri açılsa da, bu, işsizlik probleminin də həllində ciddi rol oynamayacaq. Azər Qasımlının fikrincə, Qarabağ problemi tam həll olunmalı, rus hərbi kontingenti oradan son nəfərədək çıxarılmalı, Dağlıq Qarabağda separatçı rejimin fəaliyyətinə son qoyulmalıdır: “Yatırım üçün gərək Azərbaycanla Ermənistan arasında razılaşmalar olsun. Hər şeydən əvvəl isə həm iqtisadi, həm də siyasi sahədə ədaləti təmin etmək lazımdır”. Geri qayıt |