Əsas Səhifə > Partiya, Güney Press > "Hələ rəsmi olaraq sərhəd yoxdur axı"
"Hələ rəsmi olaraq sərhəd yoxdur axı"9-07-2021, 08:48 |
“Ermənistan-Azərbaycan sərhədi boyu rusiyalı hərbiçilər yerləşdiriləcək. Daha sonra hər iki ölkənin silahlı qüvvələri bu ərazilərdən çıxarılacaq. Ardınca isə danışıqlara başlanılacaq və müəyyən ərazilərdə düzəlişlər ediləcək”. Bunu Ermənistanın Geğarkunik vilayətinin qubernatoru Gnel Sanosyan iyulun 7-də keçirdiyi mətbuat konfransında deyib. Rusiya “sülhməramlılarından” sonra hələ rəsmiləşməmiş sərhəd bölgəsinə rus hərbiçilərinin yerləşdirilməsi, üstəlik münaqişə tərəfdarlarının silahlı qüvvələrinin bölgədən çıxarılması daha bir təhlükədən - “böyük qardaş”dan xəbər vermirmi? Gnel Sanosyan çıxışında “müəyyən düzəlişlər” deyərkən nəyi nəzərdə tutur? Politoloq Zərdüşt Əlizadə məsələylə bağlı Cebhe.info-nun suallarını cavablandırarkən bildirib ki, Azərbaycan- Ermənistan sərhədində rus hərbiçilərinin yerləşdirilməsi tərəflər arasında bağlanan demilitarizasiya razılaşmasına əsasən həyata keçiriləcək. Politoloqun sözlərinə görə, demilitarizasiya prosesi və sərhədlərin tam şəkildə müəyyənləşməsi prosesi başa çatdıqdan sonra Rusiya sərhəd qoşunları Ermənistan, Azərbaycan sərhəd qoşunları isə öz sərhədini qoruyacaq: “Burada ziddiyyət təşkil edən heç bir şey yoxdur. Müəyyən düzəlişlər məsələsinə gəldikdə, onu demək lazımdır ki, hər şeyi xəritələr və dəlillər həll edəcək”. Zərdüşt Əlizadə qeyd edib ki, atılan bütün addımlara baxmayaraq, qalib ölkə öz siyasi qələbəsini rəsmi sənədlə təsdiq etdiyi, eyni zamanda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi təqdirdə bitə bilər. O, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın son günlərdə cəbhə xəttində atəşkəsi pozması ilə bağlı yaydığı məlumatlara da münasibət bildirib: “1994-cü ildən torpaqlarımız qaytarılana qədər Azərbaycan tərəfi cəbhə xəttində atışma getdiyini əsas gətirərək dünyaya Qarabağ münaqişəsinin hələ də davam etdiyini göstərmək istəyirdi. İndi isə bunu Ermənistan istəyir. Elə Rusiyanın da arzusu budur”. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Erkin Qədirli isə Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşməsini istənilən halda Azərbaycan üçün potensial təhlükə hesab edir. Onun sözlərinə görə, bu məsələ Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında da qeyd olunub. Sənəddə bildirilir ki, respublika ərazisində xarici hərbi qüvvələrin yerləşməsi Azərbaycan üçün təhlükəsizlik riskləri yaradır. Deputatın fikrincə, Gnel Sanosyan “müəyyən düzəliş” ifadəsini, çox güman ki, sözgəlişi səsləndirib: “Hələ rəsmi olaraq sərhəd yoxdur axı. Həmçinin orada bizim də iddialarımız var”. Geri qayıt |