Əsas Səhifə > Partiya, Güney Press > "Hakimiyyətdə olanlar da bizlərdəndir"
"Hakimiyyətdə olanlar da bizlərdəndir"10-07-2021, 09:20 |
“Məmurundan tutmuş sıravi vətəndaşına qədər sanki hamımız bir-birimizin qəsdimizə durmuşuq. İmkan olan kimi bir-birimizi acılayırıq, özümüzdən zəif olanı tapdalamağa hazırıq, şər-böhtan atmaqdan zövq alırıq, kimsə dedi deyə, acılamağa imkan verirsə, yoxlamadığımız böhtanı dərhal tirajlayırıq, həyatlarında uğurlu olanlara sanki uğursuzluğumuzun günahkarı kimi baxırıq”. “Yeni Sabah” bildirir ki, bunu hüquqşünas Aslan İsmayılov deib. O, bildirib ki, əgər biz bir-birimizə olan münasibəti tam əks istiqamətə dəyişsək maddi durumumuz bundan qat-qat ağır olsa da yaşayış tərzimiz, psixoloji-mənəvi durumumuz, güzəranımız bu gündən dəfələrlə yaxşı olar. “SSRİ dönəmində maddi durum bu günkündən dəfələrlə pis idi. İnsanlar bir-birinin evinə ehtiyacları olduğundan kartof, soğan almaq üçün gedirdi. Ən yaxşı halda çoxlarının evində ayda bir dəfə ət bişərdi. Paltarlara yamaq vurub gəzərdilər. İnsanlarda bu günkü qədər kin-küdurət, paxıllıq, nifrət olmadığından insanlar bu günkündən daha xoşbəxt idilər. Özü də nə qədər təzadlı səslənsə də kasıb təbəqədə aqressiya daha çoxdur. Dünən əzilənlər sırasında olan bu gün vəzifəyə gedən kimi daha qəddar olur. Bunu elə özüm hər gün görürəm. Sıravi polis serjantında gördüyüm hökmü, ədabazlığı, kobudluğu polis generalında görmürəm. Bəzən az qala bağırmaq istəyirəm ki, nə olar bir həftə bir birimizə qarşı mehriban, dözümlü, anlaqlı olaq. İnanın həyatımız dərhal müsbətə doğru dəyişər. Buradan heç kim mənə ağıl verməsin ki, baş verənlərdə ancaq hakimiyyət günahkardır, təhsil, maariflənmə yoxdur. Maddi durumumuzun, təhsilimizin, səhiyyəmizin, ədalətin hansı səviyyədə olduğunu çoxlarından yaxşı bilirəm. Günahı özümüzdən başqa hamıda görürük. Ancaq yenə də çox şey məhz bizlərdən asılıdır. Hakimiyyətdə olanlar da bizlərdəndir. Vəzifə görən kimi dərhal dəyişirlər. Belələrini yüzlərlə görmüşəm. Dünən qarşımda baş əyənin vəzifəyə gedən kimi məni tapdalamağa hazır olduğunun da şahidi olmuşam. Yaşadığım evə, şəhərin mərkəzində olan ofisimə baxmayın, maddi durumum da çoxlarından fərqlənmir. Bugünkü vəziyyətimizin tək maddi durumla bağlı olmadığına əminəm. İçimizdə sevgi, başqalarının uğuruna sevinmək, bir-birimizə hörmətlə yanaşmaq olsa belə qəddar mühitdə yaşamazdıq. Bu mühiti hamılıqla biz özümüz yaradırıq. Bu gün ölkəmizdə olan psixoloqlar, sosioloqlar bu mövzuda ayrıca araşdırma aparıb, fikirlərini, təkliflərini bölüşsələr çox faydalı olacağına əminəm”. Geri qayıt |