Əsas Səhifə > Partiya, Güney Press > “Avropadan qrant alanlar ancaq qadına şiddətdən danışır”

“Avropadan qrant alanlar ancaq qadına şiddətdən danışır”


13-07-2021, 09:12
“Avropadan qrant alanlar ancaq qadına şiddətdən danışır”
Son illərdə məişət zorakılığı, “Qadına şiddətə son” kimi sloqanlara həm sosial şəbəkə seqmetlərində, həm də kütləvi informasiya vasitələrində tez-tez rast gəlirik. Sual olunur ki, nəyə görə məişət zorakılığı deyildikdə yalnız qadına şiddət göz önünə gəlir? Zaman-zaman kişilərin də qadınlar tərəfindən başqa formada şiddət, psixoloji basqıda olduğu haqda xəbərlər olur. Amma nədənsə, qadınların daha çox şiddət görməsi işıqlandırılır, bu barədə xəbərlər daha çox yayımlanır. Bəs görəsən, qadına zorakılığın əsas səbəbləri nədir? Sırf güclü deyil deyə ona şiddət edilir, yoxsa başqa səbəblər də var? Qeyd etmək yerinə düşər ki, zorakılığın müxtəlif növləri var: fiziki, mənəvi, psixoloji, iqtisadi, seksual zorakılıq. Bəs görəsən, Azərbaycanda qadınlar bunların hansı ilə daha çox qarşılaşırlar?

Onu da nəzərə çatdıraq ki, pandemiya dövründə ailə-münaqişəsi zəminində qadınların zorakılığa məruz qalması barədə məlumatlar da yer alıb. Elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAID və BMT-nin İnkişaf Proqramının “Qadınlara və Qızlara Dəstək Olaq” layihəsi çərçivəsində birgə açıqlanan məlumatlarda da qeyd edilib ki, ötən il ərzində bütün dünyada qadınlara və qızlara qarşı məişət zəminində zorakılıq halları barədə daxil olan məlumatlar dəfələrlə artıb, yardım üçün qaynar xətlərə edilən zənglər isə beş dəfəyə qədər artıb: “COVİD-19 və onun təsirləri, o cümlədən bir çox ölkələrdə aylarla davam edən ciddi məhdudiyyətlər qapalı qapılar arxasında gizlənən, çoxlarının ”kölgə pandemiyası" adlandırdığı məişət zorakılığı halları ilə müşayiət olunub.

Dünyada təxminən hər üç qadından biri fiziki və ya cinsi zorakılığın qurbanı olub. Zorakılıq hallarında bu son təlatüm bir daha gender zəminində zorakılıq hallarının qarşısının alınmasında təxirəsalınmaz qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac olduğunu ön plana çəkir.

Azərbaycanda rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1,038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb.

Azərbaycan Hökuməti bu çağırışa rəsmi olaraq təsdiq edilən məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planını işləyib hazırlamaqla cavab verib. Bu planın gələcək illərdə icra edilməsi, milli istiqamətləndirmə mexanizminin və gender zəmnində zorakılıq kimi bəla ilə mübarizə səylərini əlaqələndirmək məqsədilə çoxtərəfli tərəfdaşlıqlar üçün təkmilləşdirilmiş çərçivənin əsasını qoymalıdır".

Hər üç qurumun üzərinə götürdüyü öhdəliyə əsasən, “Qadınlara və Qızlara Dəstək Olaq” adlı yeni dördillik layihə həyata keçirilir: “Bu layihə zorakılıq qurbanlarını təhlükəsiz məkanlar, müdafiə və məsləhətlərin verilməsi xidmətləri ilə, eyni zamanda qadınları səhiyyə, hüquqi yardım və sosial dəstək kimi mühüm xidmətlərə çıxış imkanı ilə təmin edəcək. Növbəti dörd il ərzində layihə çərçivəsində əmək qabiliyyətinin artırılması üzrə təlimlər keçirilməklə və özəl müəssisələrin qurulmasına dəstək göstərilməklə qadınların maliyyə cəhətdən müstəqil olmasına yardım etmək üçün əlavə olaraq müxtəlif tədbirlər həyata keçiriləcək.

Layihə Azərbaycanda yaradılmış Qadın Resurs Mərkəzləri şəbəkəsi ilə sıx əməkdaşlıq edir və mərkəzlərin imkanlarının daha da genişləndirilməsi üçün səy göstərir. Bu mərkəzlər bu günə qədər 6,000-dən çox qadını şəbəkələşmək, fikir mübadiləsi aparmaq və tərəfdaşlıqlar qurmaq üçün təhlükəsiz məkanlarla təmin edib. Qadınlar öz uşaqlarının sağlamlığına, qidalanmasına və təhsilinə daha böyük yatırım etməyə meyilli olduqları üçün onların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində göstərdiyimiz səylər həm də ölkə üçün daha parlaq gələcəyə zəmanət verir. Beləliklə də biz milli sosial stabillik və təhlükəsizlik üçün perspektivləri yaxşılaşdırırıq.

COVİD-19 pandemiyası və Dağlıq Qarabağ münaqişəsi nəticəsində qadınlar və qızlar üçün əlavə həssas məqamların, psixoloji travmalara gətirib çıxaran stress hallarının yaranmasına səbəb olub. Gender əsaslı zorakılığın gizlədilməsinə həmişəlik son qoymaq üçün qadınların səsini eşitmək və gücləndirmək indi əvvəlkindən daha vacibdir. Sosial mediada aparılan #MeToo (“Mən də”) adlı kampaniyadan da göründüyü kimi, zorakılıq hallarına dair statistikanın işıqlandırılması və bu məsələyə ciddi yanaşma bu istiqamətdə fəaliyyətə təkan vermənin təsirli bir yoludur. Real dəyişikliyə nail olmaq üçün biz qadınların hekayələrini danışmalı, onların dediklərini dinləməli və onlara inanmalıyıq".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə mövzu ilə bağlı fərqli mövqe sərgiləyib. O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yalnız qadınlar deyil, kişilər də təpkilərə, zorakılığa məruz qalır: “Bəli, bilirik ki, qadına qarşı zorakılıq var. Amma qadın kimi deyə bilərəm ki, 80 yaşım var və 50 ildir ailəliyəm. Həyat yoldaşımla aramızda sözümüz də olub, söhbətimiz də olub, küsülü olduğumuz vaxtlar da olub. Pulumuz olan-olmayan vaxtlar da olub. İçkili şəkildə evə gəldiyi vaxtlar da olub. Amma bir dəfə də olsun aramızda dava olmayıb. Niyə? Çünki mən səsimi qaldırmamışam. Birini inkar edəndə, ikincisinə güzəştə getmişəm. Qadın güzəştə getməyi bacarmalıdır. Çünki hər bir ailədə, hətta zadəgan ailəsində də söz-söhbət ola bilər. Amma çox şey qadından asılıdır. Düzdür, elə kişilər var ki, onların əməllərinin qarşısı alınmalıdır. Amma əksər hallarda qadınların özləri düşdüyü vəziyyətdən çıxmağı bacarmalıdır. Hesab edirəm ki, Azərbaycanda kişilərin 1 faizi zorakılığa meyllidir. Axı bizim ailələrdə doğrudan da qadına əl qaldırmaq əskik əməl sayılıb. Əsrin əvvəlindən belə hallar olmayıb. Bizim nağıllarımızda, adətlərimizdə da kişilərin qadınını, uşağını döyüb çölə atması barədə yazılmayıb, olmayıb. Bilirsiniz, zorakılıqla bağlı Avropadan pullar, qrantlar ayrılır, bəziləri Avropadan pul almağa öyrənib. Ona görə əksəriyyət qadına zorakılıqdan danışır. Təkrar edirəm, mən demirəm zorakılıq yoxdur, var. Amma indi küçədə qalan uşaqların qayğısına daha çox qalmaq lazımdır. Küçədə dilənçilik edirlər, hansısa mafiya o uşaqları küçələrə salıb. Bunu araşdırmaq lazımdır. O uşaqları internata vermək lazımdır. Kimi dindirirsən qadına qarşı zorakılıqdan danışır. Əslində bizdə zorakılıqla bağlı faktlar Avropaya nisbətən 20 dəfə azdır. Bu günədək ailəmdə, ətrafımda, dostlarımın ailəsində zorakılıq görməmişəm”.

Bu arada iki gündür ki, sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən azərbaycanlı blogerin “qadınları zorlayın” çağırışı böyük söz-söhbətə səbəb olub. Onun bu hərəkəti qadınlara qarşı zorakılığa dəvət kimi qiymətləndirilib.

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bununla bağlı etiraz edib, o, məsələ ilə bağlı İctimai Şuraya müraciət etdiyini qeyd edib: “Bununla bağlı davamlı iş aparacağam. Təkcə bu bloger deyil, bəzi hallarda qadınlar da özlərinə reytinq qazanmaq üçün çağırışlar edirlər. Ən çox da sosial şəbəkədə. Təkcə çağırış edənlər deyil, həm də onlara dəstək verənlərin də cəzalanması, iqtisadi sanksiyaların, cərimələrin tətbiq edilməsi tələbini qoyacam. Kimlərsə özünə reytinq qazanmaq, populyar olmaq istəyirsə, məhz qadınlara qarşı zorakılığa çağırış edir. Bu nə deməkdir? Ölkədə qarşıdurma yaratmaq istəyir, yoxsa zorakılığın və ölüm faktlarının sayını artırmaq istəyirlər? Biri çıxıb deyir ki, bütün qadınlar xəyanət edir, ərdə ola-ola başqa kişilərdən uşaq doğurlar və s. Bu baxımdan Ailə, Qadın, Uşaq problemləri Komitəsinin İctimai Şurasında məsələni gündəlikdə qoymuşam. Ayın 15-i görüşdür. Və bunun hüququ tərəfləri ilə bağlı təkliflərin hazırlanması istiqamətində çağırışlar edəcəyik ki, hökumət hansısa sanksiyaların qəbuluna qərar versin”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən həmin blogerlə bağlı araşdırmalara başlayıb.
“Yeni Müsavat”

Geri qayıt