Əsas Səhifə > Partiya, Güney Press > "Kəlbəcərə getmək istəyirəm"

"Kəlbəcərə getmək istəyirəm"


14-07-2021, 08:44
"Kəlbəcərə getmək istəyirəm"
İyulun 9-da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək məzuniyyətdə sayılacaq.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda, Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Deputatlar məzuniyyət müddəti ərzində iki aylıq məzuniyyət pulu alacaqlar.

Cebhe.info mövzu ilə bağlı deputatlar arasında keçirdiyi sorğunu təqdim edir.

*Deputat Ramil Həsən yay tətilində istirahət etməyi düşünmədiyini deyib:

“Mən yay tətilində istirahətə getməyi düşünmürəm. Həddən artıq işlərimiz var”.

*Deputat Aqil Abbas isə öz istirahəti müddətində Kəlbəcərdə və öz kəndlərində keçirməyi planladığını bildirib:

“Məzuniyyət puluna təbii ki, Azərbaycanın rayonlarında olacağam. Kəndimizdə olacağam. Azərbaycanın təbiətini gözəl gəzəcəyəm. Kəlbəcərə getmək istəyirəm. Bizə verilən məzuniyyət pulu normaldır. Verilən pul məzuniyyətə də çatar, artıq da qalar. Qalanın da dosta, qohum-əqrabaya xərcliyə bilərsən”.

*Deputat Elman Nəsirovun sözlərinə görə, istirahətini Şəki və Lerikdə keçirməyi planlayıb:

“Sessiya dövründə parlamentimizdə çox ciddi və əhəmiyyətli qanunlar qəbul etdi. Deputatlarımız da kifayət qədər fəal oldular. Öz missiyalarını yerinə yetirdilər. İyulun 15-dən başlayaraq bizim məzuniyyət dövrümüz başlayır. Keçən il Şəkidə də və Lerikdə də oldum. Bu il də fikrim var ki, istirahət edim. Məzuniyyət pulu hesab edirəm ki, məzuniyyətdə olduğum müddətdə xərclərimin ödənməsinə kifayət edəcək”.

*Millət vəkili Fəzail Ağamalı isə istirahəti müddətincə Azərbaycandan kənara çıxmaq kimi bir planı olmadığını deyib:

“Mən tətilimi Azərbaycanda keçirəcəm. Azərbaycanda bütün iqlim qurşaqları var. Başqa yerə getmək fikrim yoxdur. Çalışacağam ki, ölkəmizdə öz istirahətimi edəm".

*Parlament üzvü Razi Nurullayev isə istirahətdə olsa belə, öz işlərini başında olacağını planlaşdırıb:

“Təbii ki, deputatlara verilən məzuniyyət pulunun məbləğini tamamilə kifayət hesab edirəm. Düşünürəm ki, vacib olan məbləğ deyil. Vacib olan insanın necə istirahət etməsidir. İnsan var 100 manatla da istirahət edə bilir. İnsan da var heç 10 minlə də istirahət edə bilmir. O baxımdan bu insanın özünə münasibətinə bağlı məsələdir. Belə deyim ki, mənim hələ istirahət etmək imkanlarım çox zəifdir. Hətta 1-2 günlük bir yerə gedəndə belə telefonlarla məcbur məşğul oluram. Bu baxımdan harada olub-olmamağımdan aslı olmayaraq, istirahətdə olsam belə yenə də seçiciləriminz məsələsiylə məşğul oluram".

*Deputat Zahid Oruc məzuniyyət dönəmində işləyəcəyini bildirib:

“Hazırda Sosial Tədqiqatlar Mərkəzində işdəyəm. Sizinlə bu şəraitdə danışırıq. Belə də fəaliyyətimə davam edəcəyəm. 2021-ci ilin qeyd etdiyiniz bu tətil dönəmi üçün hansısa xarici bir ölkəyə və ya sanatoriyaya getmək planım yoxdur. Biz hər zaman onda maraqlıyıq ki, parlament üzvləri və yaxud istənilən hakimiyyət qolları təmsilçiləri vətəndaşların sosial gəlirləri arasında bir mütənasiblik olsun. Milli Məclis üzvü kimi bizim tətil zamanı mən işdə olacağam. Bu fonda qısa bayram günləri mövcuddur. Onları təbii ki, nəzərə alırıq. Qarşıdakı dövrdə bir xeyli tədbirlərimiz olacaq”.


Geri qayıt