Əsas Səhifə > Partiya, Güney Press > “Prezident problemə düzgün yanaşır, dəstək verməliyik ki...”

“Prezident problemə düzgün yanaşır, dəstək verməliyik ki...”


16-07-2021, 08:58
“Prezident problemə düzgün yanaşır, dəstək verməliyik ki...”
“Prezident İlham Əliyevin ötən gün Xocasən qəsəbəsində bir qrup şəhid ailəsi və müharibə əlilləri ilə görüşü zamanı “Dağlıq Qarabağ” ifadəsini şərh etməsi, əslində belə bir ifadənin tarix, hüquq və siyasi baxımdan əsasının olmadığını bildirməsi problemin həllinə doğru yanaşmadır. Prezidentin bu fikrinin ciddi əsasları var. Əslində əvvəllər “Dağlıq Qarabağ” deyilən ərazi olmayıb. Bu, süni sürətdə tarixə və gündəmə gətirilən ifadələrdən biridir. Bu fikirlərlə razılaşmayanlar zəhmət çəkib tarixə müraciət etsinlər”.

Bu fikirləri Reyting.az-a Azərbaycanın sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov prezident İlham Əliyevin “Dağlıq Qarabağ” ifadəsi haqqında fikirlərini şərh edərkən deyib.

Professor bu ifadənin yanlış və heç bir əsası olmamasını aydınlaşdırmaq üçün misallar da gətirib: “Ölkənin müəyyən əraziləri məsələn, Mil-Muğan düzü, Şirvan və s. kimi adlandırılır. Bəli, bu kontekstdə Qarabağ adı bölgə kimi keçir. Bu da daha çox özünü dastanlarda göstərir. Qeyd edilir ki, qışı çox zaman Qarabağın aran hissəsində - Muğanda keçirərdilər. Bu mənada bir çox əsərlərdə Qarabağ mahalı ifadəsi işlədilib. Ancaq Qarabağda Dağlıq Qarabağı ayrıca bölgə və ya inzibati ərazi kimi təqdim etmək yanlışdır və siyasi məqsədlər güdür. Bu səbəbdən də belə bir ifadənin işlədilməsi doğru deyil. Hesab edirəm ki, prezident bu məsələdə də haqlıdır və düzgün istiqamət verir”.

Professor Cəlilovun fikrincə, nə qədər ki, Azərbaycanın gerçək tarixi yazılmayıb, Tarix İnstitutunda uzun illər “Beşinci kolon” əyləşib, belə məsələlərdə problemlər olacaq: “Səhv etmirəmsə, İqrar Əliyev az qala 20 il Tarix İnstitutuna rəhbərlik etdi. O, Azərbaycan istisna olmaqla İran və Rusiyaya xidmət göstərdi. İndi onun yetirmələri belə bir konsepsiyanı müdafiə edirlər ki, türklər Azərbaycana min il qabaq gəliblər. Bütün siyasət də bunun üzərində qurulur. Əlbəttə, bu kontekstdə Qarabağ terminin siyasi tutumundan istifadə edənlər olur. Odur ki, gerçək tarix yazılmalıdır. Mən az qala 30 ildir ki, bunu deyirəm. Ancaq yeri gələndə düşmənlərimiz bizim buraxdığımız səhvlərdən istifdə edirlər. Hətta “Azərbaycan” sözünə belə qısqanclıqla yanaşırlar, deyirlər, fars sözüdür. Bu günün özündə Atropatena ifadəsini ortaya qoyub deyirlər ki, bu Azərbaycandır. Halbuki Atropaten Atrabın ölkəsi mənasında işlədilən ifadə kimi tarixə düşüb və bura Cənubi Azərbaycanın bir bölgəsidir. Bəyəm bu gün “Putinin ölkəsi” deməklə Rusiyaya “Putinabad” demək olarmı? Sözsüz ki, yox. Bu səhv ifadələrin nəticəsində Azərbaycanın adı çirkləndirilir. Qarabağ məsələsinə də bu cür baxmaq lazımdır”.

Sabiq nazir hesab edir ki, yer adlarına, toponimlərə həssas yanaşmaq lazımdır:

“Alimlər uzun illər zülm çəkərək onların gerçək üzünü və adını ortaya çıxarıblar. Qiyasəddin Qeybullayev, Yusif Yusifov, Ziya Bünyadov yazıb. Mənim kitablarım başdan-ayağa bu məsələlərlə məşğuldur. Amma bu işlə məşğul olan, həqiqəti ortaya çıxaranlar yoxdur. Çünki bunu etməli olan institutlar uzun illər bizə yad adamların nəzarəti altında olub. Bu mənada dövlət başçısının iradı haqlıdır və mən onu müdafiə edirəm. Hesab edirəm ki, “Dağlıq Qarabağ” ifadəsi yanlışdır və onun işlədilməsindən çoxdandan imtina olunmalıdır.

Yeri gəlmişkən, Qarabağ Alban dövlətinin bir regionu olub. Özü də Qarabağ məlikliyi deyiblər. Amma Dağlıq Qarabağ ifadəsi heç vaxt olmayıb, indi bunu haradan qondarıblar? Mən deyim harada qondarıblar. XVIII əsrdən başlayaraq bu günə qədər davam edən siyasətin siyasi diplomatiyasının nəticəsində ortaya çıxıb. Bunun qarşısında dayanmaq üçün savad və tarix elmini bilmək lazımdır. Təəssüflər ki, biz uzun illər belə diplomatlara malik olmamışıq. İndi prezident ortaya mövqe qoydu. Məncə, biz də bu prosesə dəstək verməliyik ki, əsl həqiqət ortya çıxsın. Başqa yolumuz yoxdur. Bizə problem yaratmaq üçün bilərəkdən gündəmə gətirilən əsassız adlar və ifadələr yox olmalıdır”.


Geri qayıt