Əsas Səhifə > Partiya, Güney Press > “Azadlıq arzusunda olan xalqların Qərbə ümidi yoxdur”

“Azadlıq arzusunda olan xalqların Qərbə ümidi yoxdur”


20-07-2021, 08:08
“Azadlıq arzusunda olan xalqların Qərbə ümidi yoxdur”
ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Angela Merkel “Vaşinqton Bəyannaməsi” adlı sənəd imzalayıblar. Ağ Ev bəyannamənin mətnini yayımlayıb: “Münasibətlərimizin əsası demokratik prinsiplərə, dəyərlərə və institutlara ümumi sadiqlikdir”, - bəyannamədə deyilir.

Vaşinqton və Berlin “açıq dünya”nı müdafiə etməyi öhdələrinə götürür: “Bütün dünyada bütün millətlər öz siyasi quruluşlarını müəyyənləşdirməklə xarici müdaxilədən, məcburiyyətdən və ya xarici dövlətlərin dominantlığından azad olmalıdır. Hesab edirik ki, bu texnologiyalar repressiyaları deyil, azadlığı dəstəkləməlidir”.

Bu arada Belarusda keçirilən prezident seçkilərində müxalifətin namizədi olmuş Svetlana Tixanovskaya Litvada ABŞ rəsmiləri ilə görüşlər keçirəcək. ABŞ Dövlət katibinin köməkçisi Stiven Biqanla baş tutacaq görüşdə Belarus böhranı ilə bağlı müzakirələr aparılıacaq.

Bəzi ekspertlər hesab edirlər ki, ABŞ və Qərbin demokratiya çağırışları imitasiyadır və onlar bu yolla öz iqtisadi və regional maraqlarını həyata keçirməyə çalışırlar.

Politoloq Zərdüşt Əlizadə AYNA-ya şərhində deyib ki, ABŞ və Qərbin demokratiya çağırışları nəticəsiz qalacaq: “Son prezident seçkilərində Tramp və tərəfdarları seçkilərin saxtalaşdırıldığını bəyan etdilər. Bu ABŞ-ın nüfuzuna çox ciddi zərbə oldu. Bundan sonra ABŞ-ın demokratiya tələbləri də aktuallığını itirdi. Hansı regionda ABŞ üçün münbit şərait yetişir və iqtisadi imkanlarını həyata keçirmək fürsəti yaranırdısa, o ərazidə demokratiya tələbləri işə düşürdü. Qərbin dəstəyi ilə inqilabın baş verdiyi ölkələrdə insanlar nəinki azadlıq əldə etdilər, əksinə, çox ciddi problemlərlə üz-üzə qaldılar. Bu gün azadlıq arzusunda olan xalqların artıq Qərbə də ümidi yoxdur”.

Analitikin sözlərinə görə, ABŞ-la Almaniya arasında imzalanan sənəd kağız üzərində qalacaq: “İndiyə qədər bu səpkili sənədləri, bəyanatları çox görmüşük. Demək olar ki, heç biri işlək olmayıb. Demokratiya Qərb üçün “silahdır” və bu silahdan öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. O ki qaldı imzalanan bəyannaməyə, bu, sıradan bir sənəddir. Şübhəsiz ki, heç bir dəyişikliyə səbəb olmayacaq. ABŞ-la Almaniya bir tərəfdən birgə bəyannamə imzalayır, digər tərəfdən “Şimal axını-2” boru kəməri məsələsində razılığa gələ bilmir. Bu ziddiyətli məqamda onların dünyaya sahib çıxacaqlarını iddia etmələri gülüncdür”.

Əlizadə əlavə edib ki, ABŞ-ın Belarus məsələsində nəyəsə nail olacağı mümkün deyil: “Belarusda real şəraitin yetişdiyi, əhalinin kütləvi şəkildə nümayişlərə çıxdığı bir dövrdə heç nəyə nail olmadılar. Lukaşenkonu o zaman yola sala bilmədilərsə, bundan sonra bunu necə edəcəklər?! Tixanovkayanın ABŞ rəsmiləri ilə görüşü mənasız təmaslardır və ciddi nəticələr gözləməyə dəyməz”.
AYNA-nın digər həmsöhbəti, Avropa təhsilli politoloq Turab Rzayev isə fərqli düşünür. Onun qənəatinə görə, bu, normal təşəbbüsdür: “Lakin əsas məsələ bəyannamənin imzalanması yox, onun necə icra edilməsidir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, adətən bu kimi məsələlərə ikili standartlardan yanaşılır. Bir regionda xalqlara öz müqəddəratını təyin etmək hüquqi istənilsə də, digər regionda buna göz yumulur”.

“Demokratiya məsələsində də belədir. Bəzi dövlətlərdə demokratiya tələbləri israrlı və ardıcıl olsa da, ondan daha bərbad vəziyyətdə ölkələrə “yaşıl işıq” yandırılır. Bu mənada “Vaşinqton Bəyannaməsi”ndən də gözləntilər yüksək deyil. Düzdür, normal təşəbbüsdür, nəzəri cəhətdən hər şey idealdır, amma icra mexanizmi mövcud deyil”, - deyə müsahibimi vurğulayıb.

ABŞ-la Almaniya arasında olan fikir ayrılıqlarından danışan siyasi şərhçinin fikrincə, “Şimal axını-2” məsələsində ümumi razılıq əldə olunub: “Almaniya ərazisindən keçən “Şimal axını-2” boru kəmərinin inşasına milyardlarla dollar vəsait sərf olunub. İndiki halda kəmərin tamamlanma işləri gedir. Belə bir vəziyyətdə “Şimal axını-2” kəmərinin dayandırılması mümkün deyil. Görünür, ABŞ da bununla razılaşıb və əvəzində müəyyən güzəştlər əldə edib. Təbii ki, böyük siyasətdə müəyyən qurbanlar olur. Baxmayaraq ki, “Şimal axını-2” Ukrayna üçün böyük təhdiddir, bu məsələdə ümumi razılıq əldə olunub”.

Tixanovskayanın ABŞ rəsmiləri ilə görüşünü şərh edən Rzayevin bildirdiyinə görə, ABŞ-ın məqsədi Belarusda hakimiyyət dəyişikliyinə nail olmaq yox, Rusiyanın enerjisini parçalamaq idi: “Görünən odur ki, ABŞ uzunmüddətli siyasət yürütməyə üstünlük verir. Bu siyasət iqtisadi sanksiyalar yolu ilə Rusiyanı daxildən zəiflətmək, onu regional problemlərə cəlb etməklə qüvvəsini parçalamaqdır. Belarusda nisbi sakitlik olsa da, bu məsələ bitməyib və gələcəkdə yenidən qabaracağı istisna edilmir”.


Geri qayıt