Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistanın təbliğatına təəssüf ki, uduzmuşduq..."

"Ermənistanın təbliğatına təəssüf ki, uduzmuşduq..."


20-07-2021, 15:27
"Ermənistanın təbliğatına təəssüf ki, uduzmuşduq..."
İşğal, terror deyəndə ilk olaraq Ermənistan yada düşür. Ermənistanın terroru dövlət siyasətinə çevirmiş ölkə kimi tanınır. Rəsmi İrəvanın hərbi cinayətlərinin artıq sübuta ehityacı yoxdur.

Azərbaycan 44 günə Ermənistanın uzun illər formalaşdırdığı “məğlubedilməzlik mifini” dağıtdı, işğala son qoyaraq öz torpaqlarını azad etdi.

Bununla da Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlər gün üzünə çıxdı. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər.

Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil, sadəcə xarabalıqları qalıb. Füzuli kimi şəhər yer üzündən silinib. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər, kəndlər də ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir.

Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırması məlum faktdır və bütün etibarlı mənbələr tərəfindən təsdiq olunub. Amma təəssüf ki, hələ də erməni cinayətləri dünya tərəfindən lazımı qiymətini almır. Ermənistan cinayətlərinə görə mühakimə olunmur, sanksiyalara məruz qalmır.

Məsələ ilə bağlı AĞ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, erməni faişizminə dünya hələ də lazım olan reaksiyanı vermir:

“Etiraf etməliyik ki, müharibəyə qədər Qarabağ və onun ətrafında gedən proseslərlə bağlı Azərbaycan olaraq Ermənistanın təbliğatına təəssüf ki, uduzmuşduq. Təbliğat, lobbiçilik, dispor məsələsində erməni lobbisindən xeyli geri qalmışdıq. Dünya ictimaiyyətinin də fikri təəssüf ki, ermənilərdən yana olub.

Ermənilər hətta o qədər həyasızlaşmışdılar ki, Xocalıda törətdikləri soyqırımın foto, videogörüntülərini güya azərbaycanlılar etmiş kimi təqdim edirdilər. 30 ilə yaxın müddətdə belə bir ictimai rəy formalaşdırmışdılar. Amma indi torpaqları azad etmişik və orada erməni faşizminin izləri- evlər, tarixi abidələr, qəbirlər, meşələrin dağıdılması, təbii sərvətlərin talan edilməsi faktiki olaraq üzə çıxıb.

Bunun artıq foto-videogörüntüləri, yəni sübutları var. Buna rəğmən, yenə də dünya ictimaiyyəti lazım olan reaksiyanı vermir. Əslində, bizim dünya güclərindən ədalət gözləməyimizin özü də bir qədər saflıqdır. Çünki böyük güclər haqq-ədalətin deyil, öz maraqlarının tərəfində olur. Ona görə də onların nə zaman vicdana gələcəyini, haqq-ədaləti görüb Azərbaycanın yanında duracağını gözləməməliyik.

Sıfırdan diaspor işini təşkil etməliyik, Xarici İşlər Nazirliyi bu istiqamətdə ümumi proqram qəbul etməlidir. Bu, qısamüddətli deyil, uzunmüddətli fəaliyyət planını özünə əks etdirən konkret proqram olmalıdır. Bundan sonra artıq həqiqətləri dünyada o dərəcədə yaymalı, təlqin etməliyik ki, bunu inkar etməyin özü dünya tərəfindən ayıb sayılsın”.

Partiya sədri əlavə edib ki, bu məsələdə xalq və dövlət olaraq üzərimizə böyük iş düşür:

“Diplomatları, media nümayəndələrini, ictimai xadimləri, müasir medianı nəzərə alaraq videobloqerləri, yazarları dövlət öz hesabına gətirməli, işğaldan azad olunmuş ərazilərə aparmalı, gəzdirməlidir. Biz üzərimizə düşən etməliyik ki, dünya da bizim ədalətli mövqeyimizdən çıxış etsin.

Oturub gözləsək ki, dünya bunu özü görsün, bu olmayacaq. Bu məsələdə xalq, dövlət olaraq üzərimizə böyük iş düşür. Ən əsası isə Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlər Komitəsinin üzərinə çox böyük iş düşür, çünki bu, məhz bu qurumların əsas fəaliyyət istiqamətidir. Milli Məclisdə parlamentlərarası dostluq komitələri var, onlar da fəaliyyətini gücləndirməli, bu istiqamətdə addımlar atmalıdır”.

Geri qayıt