Əsas Səhifə > Partiya, Güney Press > "Təəssüf ki, bir çox digər sahələrdə olduğu kimi, mətbuatda da “hərşeyşünaslıq” meydan sulayır..."
"Təəssüf ki, bir çox digər sahələrdə olduğu kimi, mətbuatda da “hərşeyşünaslıq” meydan sulayır..."22-07-2021, 10:47 |
“Son onilliklərdə çox çətin yollardan keçmiş Azərbaycan mətbuatı bu gün o qədər də yaxşı vəziyyətdə deyil. Arzu edərdim ki, ilk növbədə jurnalistlərin peşəkarlıq səviyyəsi yüksəldilsin. Və Azərbaycan mətbuatı üçün də elə bir şərait yaradılsın ki, o, doğrudan da müstəqil, azad, sərbəst olsun, maddi, siyasi asılılığı azalsın”. Bunu Milli Mətbuat Günü münasibətilə Moderator.az-a açıqlama verən AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov söyləyib. “Düzdü, dünyanın, demək olar ki, heç bir yerində tamamilə azad, müstəqil media yoxdur. Hər yerdə media vasitələrinin ya iqtisadi, ya siyasi, ya da inzibati cəhətdən hansısa asılılıqları var. Amma mətbuata maksimum dərəcədə azadlıq vermək lazımdır ki, jurnalistlər fikirlərini sərbəst ifadə edə bilsinlər. Bu da cəmiyyətin inkişafına şərait yaradan amillərdəndir. Yəni ən əsası da qəzet, sayt, radio, telekanallara və s. özlərinin qanuni qaydalarla pul qazanmasına imkan verilməlidir ki, onlar nə dövlət, hökumət qurumlarından, nə də ayrı-ayrı adamlardan, şirkətlərdən asılı olsunlar. Yalnız o halda azad, sərbəst mətbuat formalaşa bilər” –açıqlamasının ardında bu fikirləri əlavə edən istiqlalçı deputat jurnalistikada ayrı-ayrı sahələr üzrə ixtisaslaşmanın vacibliyinə xüsusi önəm verdiyini bildirib. “Digər tərəfdən isə ixtisaslaşma, peşəkarlaşma mətbuatın özündən asılıdır. Yəni konkret olaraq siyasi icmala, yaxud iqtisadi icmala və s. meyilli ixtisaslaşmış müxbirlərin sayı artırılmalı, mədəniyyət, idman, elm və digər sahələrdə peşəkar jurnalistika mütəxəssisləri irəli çıxarılmalıdır. Hələlik isə, təəssüf ki, bir çox digər sahələrdə olduğu kimi, mətbuatda da “hərşeyşünaslıq” meydan sulayır. Bildiyi, bilmədiyi hər sahədən danışan siyasilərimiz kimi, jurnalistlərimiz də var. Və bu da hər şeydən öncə keyfiyyəti aşağı salır və cəmiyyətdə mətbuata inamsızlıq yaradır. Ona görə də bir daha mediada peşəkarlığın artırılmasını arzulayardım. Hökumət isə mətbuat işçilərinə ev verməkdənsə, onların reklam bazarı və s. vasitəsilə sərbəst pul qazanmalarına qanuni şərait və imkan yaratmalıdır” –deyə Etibar Məmmədov vurğulayıb. Geri qayıt |