Əsas Səhifə > Partiya, Güney Press > "İnanmıram ki, Şeyx həmin ifadələri razılaşdırmamış desin"

"İnanmıram ki, Şeyx həmin ifadələri razılaşdırmamış desin"


23-07-2021, 10:00
"İnanmıram ki, Şeyx həmin ifadələri razılaşdırmamış desin"
“Azərbaycanın qələbəyə nail olmasında Türkiyənin və İranın böyük zəhməti olub. Bu gün qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də ola bilməzdi”. Bu sözləri QMİ sədri Allahşükür Paşazadə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadla görüşündə deyib. QMİ sədri çıxışında Türkiyə Prezidenti Ərdoğanın adını çəkib, dərhal keçib İranın Ali Dini Liderinə və deyib ki, Ayətullah Xameneyi cənablarının fətvası “qələbəyə gətirib çıxardı”.

Şeyx həmçinin qeyd edib ki, elə məsələlər var, açıqlanmır, deyilmir. Beləliklə, QMİ sədri Allahşükür Paşazadənin bu açıqlamaları xeyli müzakirə yaradıb. Çünki həm 44 günlük müharibə, həm də ondan sonrakı dövrdə İran nömrəli maşınların Ermənistana dəstək üçün Qarabağa yardım aparması haqda videomateriallar, informasiyalar var. Doğrudur, rəsmi Tehran sonradan bütün bu informasiyaları təkzib etdi. Amma hər halda, fakt faktlığında qalır.

Daha bir fakt - dekabrda keçirilən Qələbə Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Laçın” şeirində Araz çayı ilə bağlı olan beyti səsləndirməsi Tehranın qəzəbinə səbəb olmuşdu. Həmin vaxt İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu məsələyə sərt reaksiya vermişdi. Bir müddət sonrakı proseslərdə isə Zəngəzur nəqliyyat dəhlizi haqda Azərbaycanın və Türkiyənin ilk bəyanatlarına İran tərəfdən: “Zəngəzur bizim qırmızı xəttimizdir” kimi cavab gəlmişdi. Bütün bunlardan sonra Şeyxin qeyd olunan ifadələr işlətməsi nədən qaynaqlanır? Şübhə doğurmur ki, Şeyxin İranla bağlı mövqeyi rəsmi Bakı ilə razılaşdırılıb. Bir çox ekspertləpr də vurğulayır ki, Şeyxin İranla münasibətlərinin sıcaq olduğu bilinən faktdır, amma bu cür yaxınlaşma şəxsi istək deyil, Bakının yeni prezidentin hakimiyyətində İranla siyasətdə daha optimal yollar aradığını göstərir.

Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsini üzvü Azər Badamov “Yeni Müsavat”a danışıb. “Türkiyə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması tərəfdarı olduğunu rəsmi şəkildə bəyan edib. Eləcə də 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycanın yanında oldu, ölkəmizə mənəvi siyasi dəstəyini göstərdi” deyə, o bildirib. Deputat əlavə edib ki, məhz Türkiyənin yanımızda olması bizim qələbəmizi daha inamlı etmişdi: “O cümlədən İran da münaqişənin Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində həll olunmasını hər zaman dəstəkləyib. Yəni deyə bilmərik ki, İran Azərbaycanla düşmən münasibətdə olub, Ermənistanı dəstəkləyib. Xeyr, belə bir şey olmayıb. İran Azərbaycanı dəstəkləmişdi və QMİ sədri Allahşükür Paşazadə məlum ifadələri işlədibsə, bu reallıqdır. Bir daha qeyd edirəm ki, rəsmi Tehran Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Müharibə dövründə Ermənistana dəstək məqsədilə İran yardım maşınlarının Qarabağa getməsi kimi videoinformasiyalar yayılırdı. Lakin rəsmi Tehran bunu təkzib etmişdi və bildirmişdi ki, Ermənistana dəstək göstərməyib.

O ki qaldı Rəcəb Tayib Ərdoğanın “Laçın” şeirindən dediyi bəndə və yaxud Zəngəzur məsələsində İranın reaksiya göstərməsinə, ola bilər ki, Türkiyə ilə İran arasında hər hansı bir məsələ və siyasi formatda anlaşılmamazlıq var, amma Azərbaycanın Türkiyə və İranla münasibətləri var və düşünürəm ki, İranın yeni prezidenti bu münasibətlərin genişlənməsinə öz dəstəyini verəcək. Ümumiyyətlə isə 44 günlük Vətən müharibəsi dövründə yanımızda olmuş hər bir dövlət təbii ki, Azərbaycanın dostudur və biz buna dəyər verməliyik".

Ekspert Kənan Rövşənoğlu isə mövzuya bu cür şərh bildirdi:

“İnanmıram ki, Şeyx həmin ifadələri razılaşdırmamış desin. Müharibə vaxtı da biz şahidi olduq ki, rəsmi Bakı İranla əlaqələri yaxşı vəziyyətdə saxlamaq istəyir. Çünki İran Cənubi Qafqaza birbaşa coğrafi sərhədi, tarixi və bağı və ciddi siyasi-iqtisadi təsiri olan ölkədir. Qələbə üçün region ölkələrinin dəstəyini almaq lazım idi. Bakı da bunu etdi. İndi də post-müharibə dövründə, xüsusən də Avropadan Azərbaycana təzyiqlərin olduğu bir zamanda İranınla əlaqələri yaxşı tutmaq Bakı üçün vacibdir. Ona görə də bu cür bəyanatlar normaldır. Müharibə yalnız silahla aparılmır, həm də diplomatiya, siyasət cəbhəsində aparılır. Görünür, İranda əlaqələri yaxşı tutmaq işinə indi Şeyx də cəlb olunub. Mənim müşahidəm və gördüyüm mənzərə belə deyir”.
“Yeni Müsavat”

Geri qayıt