Əsas Səhifə > Partiya, Güney Press > “Dağlıq Qarabağ ifadəsini işlədən mərkəzlərə təzyiq etməliyik”
“Dağlıq Qarabağ ifadəsini işlədən mərkəzlərə təzyiq etməliyik”23-07-2021, 16:06 |
“Biz, rəsmi olaraq ərazi bölgüsü aparaq, ümumiyyətlə, Dağlıq Qarabağ deyilən bölgə varsa, bunu ləğv edək. Bundan sonra beynəlxalq qurumlar da daxil olmaqla, kim belə bir əsassız “Dağlıq Qarabağ” ifadəsini işlədəcəksə, buna etirazımızı bildirək”. Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. A. Əlizadə xatırladıb ki, Azərbaycan prezidenti də Dağlıq Qarabağ terminin siyasi leksikondan çıxarıldığını, status məsələsinin bitdiyini deyib: “İndi ortaya sual çıxır ki, faktiki erməni separatizmini dəstəkləyən beynəlxalq güclərin və təşkilatların bu məsələyə yanaşması necə ola bilər? Hesab edirəm ki, onlar belə bir ifadənin işlədilməsində maraqlı olacaqlar. Bəli, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib. Diqqət edirsinizsə, indi heç bir erməni muxtar vilayət haqqında danışmır. İndi ancaq “Dağlıq Qarabağ” ifadəsini işlədirlər. Prezident bu ifadənin gündəmdən çıxarıldığını bəyan edib. Biz qanuni şəkildə vahid Qarabağ inzibati bölgüsünə vurğu etməliyik. Yəni belə ərazi bölügüsü aparılmalıdır. Bundan sonra Azərbaycan həmin beynəlxalq güclərə deməlidir ki, bizdə ümumiyyətlə, belə bir bölgə yoxdur. 30 ildir ki, “Dağlıq Qarabağ problemi”, “Dağlıq Qarabağ münaqişəsi” ifadələri işlədilib. Yəni həmin mərkəzlərin bunu 1 saat içində dəyişdirəcəyi, bu ifadəni işlətməyəcəyi real görünmür. Biz bu ifadəni qanunla hər yerdən götürməliyik. Bundan sonra onlara ciddi etiraz etməli, bizdə belə bir bölgənin olmadığını deməliyik”. Partiya sədri əlavə edib ki, bir sıra ölkə və qurumların indi status məsələsindən danışması erməni sevgisindən irəli gəlir: “Ermənilərə dəstək verirlər. 30 ildir onlar ermənilərə “gözün üstə qaşın var”,- deməyiblər. İndi də bilərəkdən status məsələsini qabartmağa çalışırlar. Ancaq reallıq budur ki, vəziyyət tamamilə dəyişib və bunu Azərbaycan edib. İndi daha güclü olmalı və istəyimizi sona qədər həyata keçirməliyik”. Geri qayıt |