Əsas Səhifə > Partiya, Güney Press > “Hədəf Azərbaycandakı ictimai həmrəylik və sabitlik idi”

“Hədəf Azərbaycandakı ictimai həmrəylik və sabitlik idi”


24-07-2021, 08:35
“Hədəf Azərbaycandakı ictimai həmrəylik və sabitlik idi”
Son günlər dünya və Azərbaycan gündəmini bir mövzu zəbt etməkdədir. Bu da İsrailin “NSO Group” şirkəti tərəfindən yaradılmış “Pegasus” casus proqramı vasitəsilə dünya üzrə siyasətçilərin, jurnalistlərin və aktivistlərin telefon danışıqlarının dinlənildiyi barədə yayılan qalmaqallı bəyanatdır.

OCCRP-nin başlatdığı kampaniya ölkəmizdə daha çox etirazla qarşılandı və ilk başdan inamsızlıq daha çox özünü büruzə verdi.

Bir sözlə, telefon dinlənilməsi ilə bağlı başladılan kampaniya Azərbaycanda alınmadı. Cəmiyyətimizdə dövlətə qarşı etimadsızlıq yaradılmasına çalışıldı. Buna Azərbaycandan da dəstək verməyə cəhdlər oldu, amma məqsədlər həyata keçmədi.

Heç şübhəsiz ki, bunun bir səbəbi də miqyasın böyük olması idi. Bilindi ki, bu proqram vasitəsilə bir çox dövlət başçılarının belə telefon danışıqları dinlənilib. Misal olaraq, Fransa prezidenti Emmanuel Makronu göstərə bilərik. İlk vaxtlar belə təqdim edilirdi ki, bu, yalnız Azərbaycanla bağlıdır və hakimiyyət ictimai-siyasi fəal bəzi adamları güdüb, dinləyib, onların özəl həyatının dosyesini hazırlayıb.

Hazırda bu məsələ Azərbaycanda və dünyada hansı mərhələdədir? Bunun sonu necə yekunlaşa bilər? Burada əsas hədəf İsrail dövləti və məlum şirkətdirmi?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Azərbaycanda ictimai rəyin kifayət qədər savadlı olduğunu söylədi: “Hazırda postmodernist cəmiyyətlərdə informasiya manipuliyasiyası vasitəsilə ictimai gündəm təyin etmək xeyli dərəcədə asanlaşıb. Çünki real ictimai münasibətlərin virtual inikası olan sosial şəbəkələr və internet əlçatanlığı bunu mümkün edir. Beləliklə, sosial mediada aktuallaşdırılan istənilən mövzu dərhal real ictimai münasibətlərimizin də gündəmini müəyyən edir. Buna sosial güzgü effekti də deyə bilərik.

Beləliklə qlobal güc mərkəzləri milli dövlətlərin daxili münasibətlərinə müdaxilə edir və öz məqsədlərini bu üsulla reallaşdırırlar. Elə Azərbaycanda telefon dinlənilməsi ilə bağlı OCCRP-nin başlatdığı kampaniya da buna bənzər məqsədlərə xidmət edirdi. Ancaq çox keçmədən bəlli oldu ki, belə kampaniya sinxron və kütləvi şəkildə bir neçə ölkədə aparılır və məqsədli şəkildə təşkil olunub. Ona görə də dərhal aktuallığını itirdi. Bu həm də onunla əlaqədar idi ki, Azərbaycan ictimai rəyi kifayət qədər savadlıdır və belə manipuliyasiyaların fərqindədir. Ədalət naminə deyək ki, dinləndikləri iddia olunan şəxslərin böyük əksəriyyəti də bu mövzunu ciddiyə alıb qlobal imperialist şəbəkənin toruna düşmədi. Bu bir daha bizim cəmiyyətin yüksək intellektual keyfiyyətə sahib olmasının göstəricisidir. Hamıya bəllidir ki, ittihamlarda hədəf Azərbaycandakı ictimai həmrəylik və sabitlik idi. İctimai fəal vətəndaşlarımızı vahid platformada necə deyərlər vahid, identifikasiya kodlaşdırması ilə təşkilatlandırıb onlardan ictimai həmrəyliyimizə qarşı istifadə etmək niyyəti idi. Yəni bununla ölkəmizdə fərdlərin azadlıqlarının və hüquqlarının məhdudlaşdırıldığını iddia etmək istəyirdilər ki, bu da baş tutmadı".

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli də əsl niyyətin həyata keçmədiyini bildirdi: “Təəssüf ki, bu, informasiya savaşının bir hissəsidir və ciddi hədəflərinin olduğu da üzə çıxdı. Əvvəlcə, siyahını yaymaqla hakimiyyətlə siyahıdakı şəxslər arasında, başqa sözlə dövlət-vətəndaşlıq bağlılığında güvənsizlik yaratmağı hədəflədilər ki, bu da alınmadı. İkincisi, ”izlənilən" şəxslərin arasında elələri var ki, adi məntiq belə izah edə bilməz ki, hakimiyyət onu izləyir. Üçüncüsü, şəxsi həyat qanunla da toxunulmazdır. Dördüncüsü, xüsusi xidmət orqanları qeyri-qanuni fəaliyyəti aşkar etmək üçün hüquqi imkanların verdiyi üstünlükdən faydalanaraq hansısa əməliyyat dinləmələri həyata keçirə bilər ki, izlənilmənin məhz bu forması məqbuldur.

Qaldı ki, “Pegasus” proqramı ilə bağlı iddialara, onlar öz real əksini tapmamaqla yanaşı, Fransada da araşdırmalara səbəb oldu, amma ortada fakt yoxdur. Amma “NSO” adlı İsrail şirkətinin yaratmış olduğu “Pegasus” casus proqramı İsrailin özü üçün inanılmaz dərəcədə möhtəşəm üstünlük qazandırmaqdadır. Bu qalmaqal daha çox gizli kəşfiyyat servislərinin qarşıdurmasına bənzəyir. Güman ki, Mossadın gücü və artan uğurları bəzi mərkəzlərdə ciddi həyəcan yaradıb. Amma nəzərə alaq ki, İsrail dəniz xaric, ancaq düşmən ərəb dünyası ilə əhatələnib və bu, onun təbii haqqıdır".
“Yeni Müsavat”

Geri qayıt