Əsas Səhifə > Partiya, Güney Press > “Sülhməramlılar ermənilərə “yengəlik” edirlər”

“Sülhməramlılar ermənilərə “yengəlik” edirlər”


26-07-2021, 14:57
“Sülhməramlılar ermənilərə “yengəlik” edirlər”
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri cavab tədbirləri görüblər.

Rəsmi İrəvan, deyəsən, qan çıxamayan yerdən zorla qan çıxarmaq niyyətindədir...

Millət vəkili Aqil Abbas “Sherg.az”a açıqlamasında provokasiyaların məqsədi barədə danışdı: “Düşmən bizim səbrimizi tükətmək istəyir. Gözləyir ki, Ermənistanın dünyada tanınılan sərhədlərini keçək. Və bu zaman KTMT-ni, ABŞ-ı, Fransanı məsələyə cəlb etmək istəyir. Nəticədə isə “Dağlıq Qarabağ”ı tanıtmağa çalışacaqlar. Lakin “ac toyuq yuxusunda darı görər” deyiblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, status artıq yoxdur, cəhənnəmə gedib”.

A.Abbasın fikrincə, Ermənistan nəyəsə nail ola bilməyəcək:

“Düşmən ölkədə hazırda vahid rəhbərlik yoxdur. Bu da proseslərə təsir edir. Sülhməramlılar isə ermənilərə “yengəlik” edirlər. Dövlət başçısı nəyi nə vaxt necə etmək lazım olduğunu özü yaxşı bilir. Lakin, məncə, belə davam etsə, anti-terror əməliyyatları başlayacaq. Hər halda “Dəmir yumruq” yerindədir. Sülhməramlıların təxribatlara göz yumması və ermənilərin “şıltaqlığı” onlara baha başa gələcək”.


Geri qayıt