Əsas Səhifə > Partiya, Güney Press > "Pakistan və Türkiyə Azərbaycana böyük mənəvi-siyasi dəstək verib"

"Pakistan və Türkiyə Azərbaycana böyük mənəvi-siyasi dəstək verib"


28-07-2021, 08:43
"Pakistan və Türkiyə Azərbaycana böyük mənəvi-siyasi dəstək verib"
Bu sıradan bir hadisə sayılmaz. Artıq üç qardaş ölkə bütün platformalarda öz imkanlarını birləşdirmək niyyətini dünyaya bəyan edirlər. İyulun 27-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü də bu birliyin ən bariz nümayişi sayıla bilər.

Məlumdur ki, Azərbaycan, Pakistan və Türkiyə artıq bir neçə sahədə üçtərəfli formatda əməkdaşlıq edirlər. Belə ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "Haber Qlobal" kanalına verdiyi müsahibədə vurğulayıb ki, bu platforma Pakistanda Azərbaycan parlamentinin spikeri xanım Qafarova tərəfindən təklif edilib.

Artıq Azərbaycan Parlamentinin spikeri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının təsis edilməsi münasibətlərin daha sürətlə irəlilədiyini göstərir. Şübhəszi ki, bu təşəbbüs Azərbaycan prezidentinin tövsiyyəsi ilə irəli sürülüb və hər üç dövlətin başçısının son illərdə yürütdüyü siyasətin ruhuna uyğun bir nəticə kimi anlaşılmalıdır.

Bilindiyi kimi Vətən müharibəsi zamanı Pakistan və Türkiyə Azərbaycana böyük mənəvi-siyasi dəstək verib. Şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları qürurla dalğalanması faktı özlüyündə bu dəstəyə verilən minnətdarlıq cavabı idi.

Gündəliyə əsasən, Bakı Bəyannaməsi qəbul olunub, gələcək koordinasiya üçün əlaqələndirici şəxslər təyin edilib. Həmçinin, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb.

Belə bir tarixi hadisənin iştirakçısı olmaqdan həqiqətən qürur duydum və əminəm ki, yaxın gələcəkdə bu üç dövlətin bölgədə əməkdaşlığı bütün sahələrdə öz ciddi təsirini göstərəcəkdir. Necə deyərlər, artıq "bir millət, iki dövlət"dən "iki millət, üç dövlət"ə doğru irəliləyə bildik. Allah bu qardaşlığımızı, birliyimizi sonadək qətiyyətlə qorumağı bizlərə nəsib etsin!

Fazil Mustafa, Millət vəkili
//moderator.az//


Geri qayıt