Əsas Səhifə > Partiya, Güney Press > AXCP sədri Əli Kərimli örtülü, Gültəkin Hacıbəyli isə açıq şəkildə sərsəm iddiaları dəstəklədilər
AXCP sədri Əli Kərimli örtülü, Gültəkin Hacıbəyli isə açıq şəkildə sərsəm iddiaları dəstəklədilər4-08-2021, 08:56 |
Rusiya Liberal Demokrat Partiyasının (RDLP) lideri, Dövlət Dumasının ən böyük üçüncü fraksiyasının rəhbəri Vladimir Jirinovskinin ölkəmizə yönəlik təhdidlərinə cəmiyyətin ən müxtəlif təbəqələrindən reaksiya gəlsə də, müxalifətin iki əsas partiyası olan AXCP və Müsavat prosesi susqunluqla izləmədədir. Hətta AXCP sədri Əli Kərimli örtülü, əsasən partiyasından ibarət olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə açıq şəkildə şovinist deputatın sərsəm iddialarını dəstəklədilər. Bu da sosial mediada ciddi müzakirə doğurub. Bəziləri iddia edirlər ki, Jirinovskinin Azərbaycanla bərabər hakimiyyəti hədəf alması onların marağındadır. Üstəlik, rusiyalı siyasətçinin Amerika prezidenti Co Baydenin Azərbaycandakı hakimiyyət çevrilişi planlarında müxalifətə “yer verməsi”, deyəsən, onları məmnun edib. Həmişə Türkiyənin rolunu xüsusi qeyd edən müxalifətin bu dəfə qardaş ölkənin hədəfə alınması da sərt tənqidlərlə müşahidə olunub. Müxalifət “Baydenin çevriliş planından” məmnundurmu, niyə reaksiya vermir? AĞ Partiya başqanı Tural Abbaslı məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Müxalifət dedikdə biz Azərbaycanın ən böyük müxalif partiyalarından biri, bəlkə də birincisiyik. Jirinovskinin dediklərinə ən kəskin formada mövqe bildirmişik ki, heç bir xarici dövlətin siyasətçisi, yaxud təmsilçisi Azərbaycanın daxili işlərinə qarışa, ölkəmizə barmaq silkələyə bilməz. Bu istər iqtidar, istərsə də, müxalifət düşərgəsindən olsun. Kimliyindən asılı olmayaraq, belə fikirlər səsləndirən istənilən şəxs Azərbaycan tərəfdən təpkisini almalıdır. Jirinovskiyə də bununla bağlı təpkimiz ortadadır. Azərbaycanda biz elə bir cəmiyyət, dövlət qurmalıyıq ki, ölkəmizdə iqtidarları, müxalifətləri nə Rusiya, nə də Amerika müəyyən etməsin. Bunu xalqımızın özü müəyyən etməlidir. Bu istiqamətdə də AĞ Partiya üzərinə düşənləri haqqı ilə yerinə yetirir. Digər partiyaların bu məsələ ilə bağlı mövqeyi, fikir səsləndirib-səsləndirməməsi bizi qətiyyən maraqlandırmır. Bu mövzu ilə bağlı heç onları izləmirik. Kiminsə fəaliyyətinə qiymət vermirik və vermək də fikrimiz yoxdur. AĞ Partiya ancaq öz işi ilə məşğuldur. Öz fikir və bəyanatlarımıza cavabdehik. Bu baxımdan digərləri barədə mövqe bildirməyi məqbul hesab etmirik”. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev hakimiyyət dəyişikliyinin bir yolunu qəbul edir: “Çevrilişlərin əleyhinəyəm. Ümumiyyətlə, başqa ölkələrin kiminsə, xüsusilə Azərbaycanın daxili işlərinə qarışmasının əleyhinəyəm. Bayden seçiləndə bildirmişdim ki, indi ABŞ yenə də ”rəngli" inqilablara start verəcək. O ki qaldı bu bəyanatlara, bəzi müxalifət nümayəndələrinşt susması onu göstərir ki, bunlar “Beşinci kolon” nümayəndələridir. Həmin dairələrlə əlaqələri var. Mən hakimiyyəti dəyişməyin bir yolunu qəbul edirəm. Bu seçki yoludur. Başqa yollar, “rəngli inqilablar” dövlətə, xalqa qarşıdır". AMİP Mərkəzi Şurasının sədri Rəşad Aydın Müsavat və AXCP-yə əsas müxalif partiyalar statusu verilməsinin qəti əleyhinədir: “Əvvəla, onu qeyd edim ki, Qərbin ”çevriliş planı" iddiaları Jirinovskinin sərsəmləmələrindən başqa bir şey deyil. Odur ki, müvafiq reaksiya bu və ya digər dövlətin Azərbaycanda guya çevriliş hazırlaması ilə bağlı deyil, hər dəfə Azərbaycan və Türkiyə əleyhinə bəyanatları, eləcə də bütün keçmiş postsovet ölkələrinin ünvanına səsləndirdiyi məsuliyyətsiz və təxribat xarakterli ifadələri ilə tanınan Jirinovskinin açıqlamalarına olmalı idi və oldu da. Sizin də qeyd etdiyiniz kimi, cəmiyyətin müxtəlif təbəqələrindən, o cümlədən də ayrı-ayrı müxalifət təmsilçilərindən müvafiq reaksiyalar oldu. AMİP olaraq biz də hesab etdik ki, Jirinovskini Kremlin təlxəyi adlandırıb, onun dediklərinə əhəmiyyət verməmək düzgün yol deyil. Belə ki, bütün çağırışlarda Rusiya Dövlət Dumasının üzvü olan, parlamentdə sayına görə üçüncü ən böyük fraksiyanın rəhbəri olan, dəfələrlə seçkilərdə prezidentliyə namizədliyi qeydə alınmış və eləcə də Rusiya prezidentinin yanında Dövlət Şurasının üzvü olan bir şəxsin Azərbaycan və Türkiyə əleyhinə dediklərinə mütləq cavab verilməli idi. Elə bu səbəbdən də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya müvafiq notanın təqdim olunmasını düzgün hesab edirəm. Düşünürəm ki, bu nota rəsmi Moskvaya Jirinovski və onun kimi düşünənlərin ağzının yumulması ilə bağlı bir çağırışdır. Müxalifət içərisindən hansısa partiyaların susqunluq nümayiş etdirməsini isə ümumi müxalifətin adına bağlamaq lazım deyil və onlara müxalifətin iki əsas partiyası titulunu verməyinizi də məqbul hesab etmirəm. Jirinovskinin açıqlamalarından məmnun qalıb-qalmadıqlarına isə onların özləri cavab versə daha yaxşı olar. Milli İstiqlal Partiyası üçün məqbul olan tək hakimiyyət dəyişikliyi ayrı-ayrı xarici qüvvələrin planları əsasında deyil, Azərbaycan xalqının iradəsi ilə həyata keçəcək hakimiyyət dəyişikliyidir". “Yeni Müsavat” Geri qayıt |