Əsas Səhifə > Partiya, Güney Press > "İrəvandakı İran səfirinin Azərbaycan sərhədlərinə qədər gəlib çıxmasına təəccüblü yanaşmamalıyıq"
"İrəvandakı İran səfirinin Azərbaycan sərhədlərinə qədər gəlib çıxmasına təəccüblü yanaşmamalıyıq"6-08-2021, 08:24 |
“İran dəfələrlə Azərbaycan və Ermənistana öz münasibətini ifadə edib. İranın sabiq prezidenti Ruhani deyirdi ki, biz ermənilərlə eyni millətik, dinimiz fərqlidir. Qarabağın işğalı dövründə İran Ermənistanla əməkdaşlıq etməyi zəruri sayıb. Rəsmi olmasa da, qeyri-rəsmi olaraq bunu Azərbaycanın İsraillə əməkdaşlığına alternativ kimi görüb. Bu baxımdan biz erməni-İran münasibətlərinə, İrəvandakı İran səfirinin Azərbaycan sərhədlərinə qədər gəlib çıxmasına təəccüblü yanaşmamalıyıq”. Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İranın Ermənistandakı səfirinin dövlət sərhəddimizə qədər gəlməsi və “Ermənistanın sərhəd bütövlüyünə” can yandırmasından danışarkən deyib. Partiya sədrinin fikrincə, İranın Ermənistandakı səfirinin bu hərəkətlərinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şüyxülislam Allahşükür Paşazadənin cavab verməsi yaxşı olardı: “Şeyx bu davranışı yozmalı və bunun nə demək olduğunu izah etməlidir. Çünki Şeyx hesab edirdi ki, Ayətullahın verdiyi bəyanat Qarabağın işğaldan azad edilməsinə səbəb olub. İndi də izahat versin görək ki, fətva verilmədən İran səfirinin Ermənistan-Azərbaycan sərhədlərinə gəlməsi hansı mənanı daşıyır”. S. Cəlaloğlu əlavə edib ki, bu addıma ilk növbədə Şeyx qiymət verməlidir: “Şeyx düşünür ki, torpaqlarımızın işğaldan azad edilməsində İranın Ali Dini lideri Seyid Əli Xamnəinin verdiyi fətva xüsusi rol oynayıb. Guya həmin fətva olmasaydı torpaqlar işğaldan azad olunmazdı. İndi İran səfirinin fətva vermədən İrəvandakı davranışları, sərhədə gələrək Azərbaycana baxmasına qiymət verməlidir. Məncə, Paşazadə buna qiymət verə bilməz. Niyə? Çünki yalan danışır. İran Qarabağ məsələsində heç vaxt Azərbaycanın yanında olmayıb, Ermənistanla əməkdaşlığını daima davam etdirib”. ADP sədri sonda vurğulayıb ki, İranın davranışlarını anlayır: “İran seçimini edib, ermənilərlə yaxınlıq edir. Biz buna nə deyə bilərik? Bu, İranın öz seçimi, öz işidir”. Geri qayıt |