Əsas Səhifə > Partiya, Güney Press > "Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?"

"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?"


7-08-2021, 09:04
"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?"
Son günlər sosial şəbəkələrdə feministlər, bir sıra ictimai fəallar qadın qətllərinin siyasi anlam daşıdığına dair paylaşımlar edirlər.

Onların fikrincə, ailədə zorakılıq halları ilə qarşılaşan qadınların polisə müraciətinin cavabsız qalması, daha doğrusu, polisin bu mövzularda barışdırıcı mövqedən çıxış etməsi hökumətin bu sahədə apardığı siyasətin bir parçasıdır. Bəs görəsən, partiya sədrlərinin bu məsələyə münasibəti necədir? Onlar qadın qətlləri siyasi hesab edirlərimi? Partiyalar qadınların ictimaiyyətdə rolunun artırılmasına dair hansı tədbirlər görür? Günümüzdə qadınlar partiya daxilində necə təmsil olunur?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Cebhe.info-ya deyib ki, qadınların cəmiyyətdə rolu çox mühüm olsa da, bu qətllərin heç biri siyasi deyil.

Partiya sədrinin fikrincə, bu, sadəcə cəmiyyətin mədəni səviyyəsinin aşağı olmasından irəli gələn problemdir:

“Qadınların böyük əksəriyyəti təhsil almaq imkanlarından məhrum olduğuna görə onların iqtisadi azadlıqlarını təmin etmək, öz hüquqlarını qorumaq səviyyəsi xeyli aşağı düşür. Əslində biz Azərbaycanın gələcəyini düşünürüksə, “savadlı ana” modeli istiqamətində islahatlar aparmalıyıq”.

Onun sözlərinə görə, qadınların əksəriyyəti erkən yaşlarında ailə həyatı qurduğundan özlərini “ev qulluqçusu” səviyyəsində görməyə məcbur olurlar:

“Kişilər arasında da təhsil səviyyəsinin aşağı olması, alkoqol istifadəçilərinin artması da sonda qadınların “başında çartlayır””.

Fazil Mustafa bildirib ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: “Ona görə də bu məsələni siyasiləşdirmək əvəzinə, sosiallaşdırmaq lazımdır”. Qadınların partiyalarda yer tutması məsələsinin də çətinliyini vurğulayan Fazil Mustafa söyləyib ki, Azərbaycanda lider qadın olmaq, proseslərin önündə getmək böyük cəsarət tələb edir:

“Ölkədə 50-dən çox partiya olsa da, faktiki olaraq sədri qadın olub proseslərdə aktiv iştirak edən bircə partiya da yoxdur. Bu, o deməkdir ki, cəmiyyətimizdə qadınların sözünü deməsi üçün münbit şərait yoxdur. Düzdür, Azərbaycanda bu sahədə müsbət nümunələr də var. Məsələn, ölkənin Birinci vitse-prezidenti, parlamentin spikeri kifayət qədər yenilikçi, intellektual xanımlardır. Sadəcə cəmiyyət daha çox pis nümunələri önə çəkir”. Sədr söyləyib ki, rəhbəri olduğu partiyanın qadın üzvləri olsa da, heç biri partiyada aparıcı mövqeyə gəlməyə maraq göstərmir: “Müqayisə etsək, qadın üzvlərimizin sayı heç 10%-i keçməz. Bu, çox aşağı göstəricidir. Ən azı, hər partyida ümumi üzvlərin 40%-i qadın olmalıdır. Bu da bizim günahımız deyil”.

Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu isə deyib ki, qadın qətllərini siyasi adlandırmaq axmaqlıqdan başqa bir şey deyil:

“Mahatma Qandinin məşhur bir sözü var. Deyir ki, qeyri-siyasi olanları siyasiləşdirməyə ehtiyac yoxdur. İstənilən qeyri-siyasi hadisənin siyasi nəticələri var. Bu isə məişət zəminində baş verən hadisədir. Dünyanın dörd bir yanında belə zəmində qətllər törədilir. Bir çox yerlərdə kişilər qadınları öldürür”.

Partiya sədri sual edir: “Belə çıxır, dövlət ailələrə göstəriş verir ki, hərə öz arvadını öldürsün?” Onun fikrincə, hakimiyyətin belə bir siyasət apardığını düşünmək gülüncdür: “Kimin başının altından belə axmaq fikirlər çıxır? Mənim başım çıxmır”. Polisin səssizliyi məsələsinə gəlincə, Sərdar Cəlaloğlu söyləyib ki, bu, özündə siyasi yox, sadəcə polisin öz vəzifəsinin öhdəsinin gələ bilməməsi faktını ehtiva edir.

O, ADP-də qadınların həddən artıq az təmsil olunduğunu da diqqətə çatdırıb: “Amma hüquq bərabərliyi hər bir halda təmin olunur. Ümumilikdə Azərbaycanda siyasi sferada bir süstlük hökm sürür. Bu vəziyyət qadınları da əhatə edir. Lakin qadınlar həm də milli mentalitet məsələsinə görə siyasətdə aktiv iştirak edə bilmirlər”.

Ağ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, bu məsələ ümumiyyətlə, şişirdilir. Onun fikrincə, insan qətlindən, zorakılıqdan danışmaq lazımdır:

“Basqını cinsiyyətə, irqə, milliyətə, dinə görə bölmək mənasızdır. Son günlərdə qadın qətlləri artdığı kimi, kişi qətllərinin də sayı artıb. Bunun statistikasını aparan varmı? Siyasi qətl siyasi motivin olduğu qətldir. Məsələn, Elmar Hüseynovun qətli siyasi idi. Məişət zəminində törədilən qətllər isə siyasi deyil. Sadəcə olaraq cəmiyyətə Avropadakı bəzi cərəyanların təsiri var”.

“Bəs polisin məsələyə səssiz qalması iddiasına nə deyirsiniz?” sualına gəlincə, partiya sədri qeyd edib ki, polisin hər hansı bir şikayətə onu məhz qadın edib deyə baxmaması inandırıcı görünmür: “Mən elə bir halla qarşılaşmamışam ki, polis qadına “get, ərin gəlsin” desin. Əgər belə bir hal varsa, bizə həmin polis idarəsinin adını desinlər. Biz də xüsusi şəkildə tələb edək. Əgər polis şikayətə məsuliyyətsiz yanaşıbsa, bu, həmin idarənin günahıdır”.

Tural Abbaslı Ağ Partiyada qadınların təmsilçiliyinə də toxunub: “Bəlkə də Azərbaycanda qadınların ən çox müraciət etdiyi partiyalardan biriyik. Amma onların siyasi sferada aktivliyi özlərindən aslıdır. Biz zorla hamını aktiv siyasi fəaliyyətə cəlb edə bilmərik axı”. O, sonda hələlik Ağ Partiya daxilində xanımların fəaliyyətindən şikayətçi olmadığını söyləyib: “Hər şey cəmiyyətdə necədirsə, bizdə də ona adekvatdır”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə feministlərin səsləndirdikləri sloqanları məntiqəuyğunsuz hesab edir. O sual edir:

“Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir? Dövlət hər bir ailəyə polismi ayırmalıdır? Onda deyilməyəcəkmi ki, ölkə polis rejimi ilə idarə olunur?”

Ağasif Şakiroğlu bildirib ki, səsləndirilən fikirlər məqsədyönlüdür:

“Dövlət nə zamandan qatil subyekti olub? Anlamıram. Absurd fikirlərdir. Dövlət qatildirsə, deməli, dövlətə qulluq edən milli ordunun zabitləri də qatildir. Yanğınsöndürmədə xidmət edən əməkdaş da qatildir. Bu, yalnız dövlətə, Azərbaycanın dövlətçiliyinə qarşı hücumdur”.

Partiya sədrinin qənaətincə, feminist xanımlar qadınların öz hüquqlarını bilməsi istiqamətində maarifləndirmə işləri ilə məşğul olsalar, daha faydalı iş görmüş olarlar: “Dövlətin qanunları var. Qanun qarşısında isə hər kəs bərabərdir. Düzdür, xanım polisə müraciət edib. Polis nə etməli idi? Həmin şəxsi törətmədiyi cinayətə görə həbs etməli idi? Təbii ki, yox. Ola bilsin ki, polis onların barışacaqlarını düşünüb. Hər bir ailədə münaqişə olur. Nə bilsin ki, onun əri qətl törədəcək?”

Ağasif Şakiroğlu söyləyib ki, zorakılıq hadisəsi olduqada məhkəməyə müraciət edilməli idi:

“Polis adam boşayan deyil. Mən dünənki aksiyanı da əvvəldən sona qədər izlədim. Xəzər rayon polis bölməsi əməkdaşlarının verdiyi rəsmi açıqlamaya görə, öncə faktla bağlı araşdırma apararaq işi məhkəməyə yollayıblar. Məhkəmə də ailəyə barışıq üçün möhlət verib”. Onun fikrincə, problemin siyasiləşdirilməsi məsələnin həlli yolu deyil, əksinə, düşünüb ən optimal variantları tapmaq lazımdır.

GAP sədri təmsil olunduğu partiyada qadınların aktiv siyasi fəaliyyət göstərdiklərini deyib: “Partiyamızın İdarə Heyətinin üçdə biri, Ali Məclsinin təxminən 40%-i xanımlardan ibarətdir. Gənclər Komitəsinin İdarə Heyətinin 11 üzvündən 5-i xanımdır. Gələcək Azərbaycan Partiyası bəlkə də, Azərbaycanda yeganə partiyalardan biridir ki, gender bərabərliyi tam təmin olunur. Onlarla üzvümüz isə eyni zamanda müxtəlif ictimai birliklərin QHT-lərində ictimai fəaliyyətlə məşğuldurlar”.
Cebhe.info



Geri qayıt