Əsas Səhifə > Partiya, Güney Press > Ermənistan Azərbaycanın təklif etdiyi prinsipləri qəbul edərsə...

Ermənistan Azərbaycanın təklif etdiyi prinsipləri qəbul edərsə...


12-08-2021, 09:21
Ermənistan Azərbaycanın təklif etdiyi prinsipləri qəbul edərsə...
Ermənistan sərbəst siyasət yürütmək bacarığına malik dövlət deyil. Bu dövlət başqalarının diktəsi ilə idarə olunur. Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar da bu ölkəyə havadarlıq edən qüvvələrin niyyətindən irəli gəlir. Məqsəd də ondan ibarətdir ki, sərhəd məsələləri ilə bağlı proseslər qeyri-müəyyən vaxta qədər uzansın.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun yenidən bölgədə rol alması üçün də erməni tərəfi bütün imkanlardan istifadə edir:

“Amma Ermənistanın bu cəhdləri əbəsdir. Çünki hazırda erməni tərəfinin atdığı bütün addımlar çıxılmaz bir yolun nəticəsi kimi dəyərləndirilir. Onlar artıq anlamalıdırlar ki, Azərbaycanla sülh əldə etməkdən başqa yolları qalmayıb”.

Deputat hesab edir ki, erməni tərəfi Azərbaycanın təklif etdiyi prinsipləri qəbul etdiyi halda öz gələcəklərini də təminat altına almış olacaq:

“Çünki iki ölkə arasındakı sülh bölgə üçün də əhəmiyyətlidir. Sülhün, sabitliyin olması bölgədə əməkdaşlığa vacib töhvə olacaq. Burada Ermənistanın da maraqlarının reallaşması mümkündür. Bu ölkə əldə edilmiş razılıq əsasında Azərbaycan və Türkiyə ilə münasibətlərinin tənzimlənməsi fonunda əlavə imkanlar qazana bilər".

Aqil Məmmədova görə, təxribatlarla diqqəti yayındırıb digər qüvvələrin bura cəlb olunması istiqamətində ediləcək cəhdlər də heç bir halda reallaşmayacaq:

“Ermənistan ona təklif edilən bütün şərtləri qəbul etməyərək hərbi təxribatlara davam edəcəyi təqdirdə onun növbəti zərbə alması da real görünür. Həmçinin Fransanın Ermənistana bu və ya digər məsələlərdə şirnikləndirici vədlər verməsi də prosesləri gərginləşdirən amillərdən hesab olunur. Erməni tərəfi də məhz bu vədlər müqabilində öz varlıqlarını göstərməyə çalışır. Edilən bütün təşəbbüslər sülhə, tərəfdaşlığa sabitliyə xidmət etmədiyi halda bu Ermənistan üçün daha acınacaqlı durum yarada bilər”.


Geri qayıt