Əsas Səhifə > Partiya, Güney Press > “Moskvadan maaş alan trollar burada rus xofu yayırlar”
“Moskvadan maaş alan trollar burada rus xofu yayırlar”13-08-2021, 10:46 |
Rəsmi Bakı işğaldan azad edilmiş Qarabağda son günlər baş verən proseslərlə bağlı narahatlığını dilə gətirdi. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş, hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın müddəalarının kobud şəkildə pozulduğu haqqında məlumat yaydı. Bildirildi ki, Bəyanatın 4-cü bəndinə uyğun olaraq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsindən erməni silahlı terrorçuları tam şəkildə çıxarılmayıb. Rusiyaya çağırış edildi ki, Birgə Bəyanatın tələbinə əsasən bölgədəki terrorçu yaraqlılar oradan çıxarılmalıdır. Bakının daha bir narahatlığı isə Qarabağa İrana aid yük maşınlarının gedib-gəlməsi oldu. Bu səbəbdən İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, ərazilərimizə qeyri-qanuni şəkildə daxil olan yük avtomobillərinin hesabı soruşuldu. Etiraz olaraq isə rəsmi Bakının notası səfirə təqdim edildi. Baş verənlərlə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas fikirlərini AYNA ilə bölüşüb. Deyib ki, erməni terrorçuların Qarabağa gətirilməsinə Rusiya sülhməramlıları göz yummur, əksinə özləri o terrorçuları daşıyırlar: - Mən bunu əvvəldən də deyirəm ki, erməniləri Qarabağa, Xankəndiyə, Xocalıya, digər ərazilərimizə daşıyan Rusiya sülhməramlılarıdır. Onların təminatını da ruslar həyata keçirirlər. Sual verirəm: ermənilər Qarabağa hansı maşınlarla gəlirlər? Özüm də cavab verim: rusların avtomobilləri ilə. Məsələ bu qədər sadədir. Ermənistan maşın istehsal edir? Həm də erməni terrorçuları ruslar silahlandırırlar. Siz gördünüz, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın yeni müdafiə nazirinə nə dedi? - Dedi ki, Rusiya üçün Ermənistan ən yaxın müttəfiqdir və bundan sonra da Ermənistana silah tədarükü olacaq. - Vəssalam da. Bunu mən demirəm ki... Şoyqu deyir! Açıq şəkildə Karapetyana dedi ki, “nə qədər silah istəyirsiniz, verəcəyik”. - Belə çıxır ki, Rusiya yeni müharibə istəyir... - Kremlin niyyəti odur ki, Qarabağda, bölgədə hər zaman gərginlik olsun. Müharibə ocağının daim yanmasını istəyirlər. Nəticədə də Azərbaycanda müəyyən işlər görə bilsinlər. İqtisadiyyatımızı zəiflətsinlər, ölkəmizi özlərindən asılı vəziyyətə salsınlar. Bunu uşaq da bilir. Amma bu siyasət uzun çəkə bilməyəcək. Biz İkinci Qarabağ müharibəsində qələbə qazandıq, indi keçmişik digər məsələlərə. Sərhədlərin delimitasiyası, demarkasiyası, Qarabağda quruculuq işləri və s. Təxminən 3-4 il də bu proses davam edəcək. Sonra da sülhməramlılara deyəcəyik ki, çıxıb getsinlər. Getməyəcəklərsə, qovacağıq. Rusiya çox da sinəsinə döyməsin. Beş-on atom bombası var, elə bilir ki, dünyanın ağasıdır. - Amma bizim ictimaiyyətdə Rusiyadan çəkinmək var. Hazırda bəzi adamlar qorxunun təbliğatını aparırlar... - Bəli, qorxu var. Daha doğrusu, qorxunu təbliğ edənlər var. Həmin şəxslər də Rusiyanın trollarıdır. Moskvadan maaşlarını alırlar, sosial şəbəkələrdə də təbliğat aparırlar ki, Rusiya belə edəcək, elə edəcək. Bir başa salsınlar, Rusiya nə edəcək, necə edəcək? Təbii ki, Rusiya dünyanın qüdrətli dövlətidir, güclü dövlətdir. Amma güclüdür deyə hər dövləti təhdid etməlidir, işğal etməlidir? Bir gürcü filmi var, deməli, filmdə iki oğlan rol alır. Biri çox boy-buxunlu, qüvvətlidir, 150 kilo çəkisi var, digəri isə cılızdır, arıqdır, gücsüzdür. Hər gün güclü oğlan arıq oğlanı döyür, harda qabağına çıxırsa, çırpır. Cılız oğlan da gedir məşq edir, güc toplayır. Sonra gəlir bu yekəpəri necə döyürsə, yekəpər qaçır. Demək istəyirəm ki, adamın cılızlığına fikir verməyin, döyüşmək üçün ürək lazımdır. İndi dövlətlər də bu cürdür. Ürək olandan sonra hər kəslə döyüşmək olur. - Müdafiə Nazirliyinin bəyanatında belə cümlə də var: “adekvat tədbirlər görüləcək”. Adekvat tədbir antiterror əməliyyatının keçiriləcəyi mesajı deyil ki? - Adekvat tədbirlər görülməlidir. Müdafiə Nazirliyinin vəzifəsi ərazilərimizi qorumaq, ərazilərimizə təcavüzün qarşısını almaqdır. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu işin öhdəsindən gəldi. Ali Baş Komandanın sərkərdəliyi altında Azərbaycan xalqı, Azərbaycan əsgəri 44 günlük müharibə ilə ərazilərimizi işğaldan azad etdi. Yenə deyirəm, müharibə bilək işi deyil, ürək işidir. İndi hələlik suverenliyimizdən kənar ərazilərimiz qalıb, terrorçular orada cəmləşiblər. Onları da oradan çıxarmaq lazımdır. Mən bilirəm ki, bunun bacaracağıq. - Bir də İranın separatçılara yük daşıması faktı var. Hansı ki, Rəsmi Bakı bununla bağlı İrana nota verdi... - İran 30 ildir ki, separatçılara yük daşıyır. Birinci Qarabağ müharibəsindən sonra İran işğal edilmiş ərazilərimizin talanmasında iştirakçı olub. Bizim Ağdamdakı evimizi də iranlılar söküb aparıblar. Ağdamdan, Zəngilandan, Cəbrayıldan, Füzulidən azərbaycanlıların evlərini iranlılar ermənilərdən 300-500 dollara alırdılar, evlərin əşyalarını, daş-kərpicini, şiferini daşıyıb aparırdılar. Bizim evlərimizin söküntülərindən qurduqları evlərdə necə yaşayırdılar, mənim yorğan-döşəyimdə, çarpayımda müsəlman qardaşlarım necə yatırdılar, anlaya bilmirəm. Özləri bilər, Allahları bilər. Bununla yanaşı, İrandan həmişə Qarabağ separatçılarına yardımlar edilib. İndi də bu yardımları davam etdirirlər. Biz də etirazımızı bildirdik, XİN nota verdi. Növbəti dəfə ultimatum verərik və İrana aid maşınlar ərazilərimizə gələndə partladarıq. Bu, Azərbaycanın hüququdur. - Bunun siyasi yolu yoxdurmu? - Siyasi yolunu edirik, nota veririk, etirazımızı bildiririk. Elə hər dəfə nota verəcəyik, onlar da işlərinə davam edəcəklər? Hesab edirəm ki, Laçın dəhlizində Rusiya sülhməramlıları ilə yanaşı bizim əsgərlər də dayanmalıdırlar, təftiş aparmalıdırlar. Xankəndiyə nə gedir, hansı ölkənin maşını keçir, içində keçən şəxslər kimlərdir? Buna uyğun da tədbir görülməlidir. Düzdür, hazırda dəhlizi havadan müşahidə edirik. Cənab Prezident İlham Əliyev də bildirdi ki, bizim ordan nə daşındığından, kimlərin getdiyindən xəbərimiz var. Hətta keçən avtomobillərin nömrəsinə qədər bizə məlumdur. Demək ki, müşahidə yetmir. Bizim əsgərlərin dəhlizdə postu qurulmalıdır. Yaxud da dəhlizi bağlamalıyıq. Özü də mən həmişə demişəm, Ağdam-Şuşa yolu, Ağdam-Kəlbəcər yolu açılmasa, Laçın dəhlizi bağlanmalıdır. Təsəvvür edin ki, Volskinin vaxtında Ağdam-Şuşa yolu da, Ağdam-Kəlbəcər yolu da açıq idi. İndi sülhməramlıların komandanı Rüstəm Muradovun dövrüdür, amma bu yollar açıq deyil. Mən istəmirəm, İsfəndiyar Vahabzadə kimi danışım. - Yeri gəlmişkən, İsfəndiyar Vahabzadənin Rusiyaya yönəlik fikirlərini təhqir və yolverilməz sayanlar var. Siz necə qiymətləndirirsiniz? - Yaxşı edib deyib, söyüb. Jirinovski kimi təlxək mənim millətimi təhqir edə bilər, amma mən onun özünə laiqli cavabını verməməliyəm? İndi Azərbaycandakı ruspərəstlər, Rusiyanın trolları İsfəndiyarı söyürlər, atası Bəxtiyar Vahabzadəni söyürlər, ağıllarına gələni deyirlər. Qanmırlar ki, Bəxtiyar Vahabzadə bu millət üçün kimdir. Böyük şairimizdir, ziyalımızdır, millətçi bir sənət adamı olub, millət üçün canını güllənin qabağına qoyan adam olub, xalqın maariflənməsində, yetişməsində xidmətləri olub. Bunları həmin trollar da yaxşı bilirlər. Sadəcə Rusiyadakı ağaları tapşırıq verib, pul verib. Başlayıblar o boyda şairə ağızlarına gələni deyirlər. Bəxtiyar müəllim bu baxlq üçün minlərlə gənc yetişdirib ki, onlardan biri də mənəm. Oğlu da diplomatik sahədə Azərbaycana xidmət etmiş adamdır. Rusa, Jirinovskiyə verdiyi cavaba görə adamı niyə təhqir edirlər?! Yenə deyirəm, Rusiyadan maaş alırlar, onların əleyhinə danışanları da qaralayırlar. İqtidarın da, müxalifətin də, Rusiyanın da, İranın da trolları var, onlar bağlı olduqları ünvandan bəlli məbləğ alırlar, maaş kimi. Bunu danmaq lazım deyil. Bunu araşdırmaq isə mənim, sənin yox, Dövlət Təhlükəsizliyi Xidmətinin işidir. Geri qayıt |