Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya artıq Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı siyasətini dəyişməlidir”
“Rusiya artıq Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı siyasətini dəyişməlidir”17-08-2021, 08:13 |
Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsi zamanı bir çox mətləblərə aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq öz tarixi missiyasını başa vurub və bizə müharibə lazım deyil: “Lakin Ermənistan təxribatçı əməllərinə son qoymasa, “Dəmir yumruq” yerindədir”. Prezident müsahibə zamanı Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələyə də toxunub. Deyib ki, Rusiya Ermənistanı silahlandırmağa davam edir və bu? qəbuledilməzdir: “Biz istəyirik ki, Rusiya bizim narahatlığımızı nəzərə alsın. Ermənistana nə qədər silah verilsə də, güc nisbəti dəyişmir. Rusiya 30 il müddətində Ermənistana silah verib. Amma o silahların bir qismi indi Azərbaycanda, Hərbi Qənimətlər Parkındadır. Bölgənin yenidən silahlandırılması prosesində biz təşəbbüskar deyilik”. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya müsahibəsində Rusiyanın Ermənistanı yenidən silahlandırmasını Qarabağda münaqişəni yenidən alovlandırmaq niyyəti ilə əlaqələndirib. Beləliklə: - Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsi zamanı mühüm mesajlar verdi. Bu barədə təəssüratlarınızı eşitmək maraqlı olardı... - Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsi zamanı söylədiyi fikirlər aktual olmaqla yanaşı, ölkəmizin və regionun inkişafı üçün yol xəritəsi sayıla biləcək məqamlardır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi zəfər qazandı. Bu zəfər nəticəsində biz illərdir işğal altında olan torpaqlarımızı azad etdik. Bir daha əmin olduq ki, ermənilər işğal dövründə həmin ərzilərdə terror törədiblər. Həmin əraziləri dağıdaraq xarabalığa çeviriblər. Bölgədə daşı daş üstə qoymayıblar. Müharibə bitsə də, bizim qarşımızda kifayət qədər mühüm məsələlər dayanır. Bunlardan birincisi işğaldan azad olunan ərazilərimizdə infrastrukturu və nəqliyyat qovşağını bərpa etməkdir. 10 noyabr üçtərəfli bəyanatında da bu məqamlar öz əksini tapıb. Təəssüf ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Üçtərəfli bəyanatın ziddinə olaraq müxtəlif təxribatlar törədir. Xüsusən Zəngəzur dəhlizinin bərpasından imtina edir. Sərhəd bölgəsində atəşkəs rejimini pozmağa çalışır. Lakin düşmən unudur ki, onun xilası məhz bu dəhlizin açılmasından, əlaqələrin bərpasınddan keçir. Kimlərsə Ermənistana dəstək və ya hərbi sursat vermək istəyirsə, bu, ilk növbədə ermənilərin öz əleyhinə yönəlib. Hətta bir dövlət olaraq məhvinə gətirib çıxara bilər. Çünki Prezidentin də qeyd etdiyi kimi, bu silah-sursat güc nisbətini dəyişmir. Azərbaycan bölgədə sülh və əmin-amanlığın olmasında maraqlıdır. Bu, Ermənistan üçün böyük imkandır. - Ermənistanın silahlandırılması məsələsindən danışdınız. Prezident ilk dəfə olaraq açıq mətnlə Rusiyanın Ermənistanı silahlandırdığını qeyd etdi... - Rusiya 30 ildir bu siyasəti yürüdür və indiyə qədər milyardlarla dollar vəsaiti Ermənistanın silahlanmasına yönəldib. Və buna görə erməni tərəfindən heç bir pul almayıb. Rəsmi Kreml bunu Ermənistanın müttəfiqi olması ilə izah edir. Lakin Minsk Qrupunun həmsədri olan, Qarabağa sülhməramlı missiya göndərən Rusiya bunu etməməlidir. Moskva düşünürsə ki, bu yolla Azərbaycana təzyiq edə biləcək, yanılır. İlham Əliyevin də dediyi kimi, bu gün həmin silahlar Bakıda Hərbi Qənimətlər Parkında nümayiş olunur. Təbii ki, bunu həm Rusiya, həm də Ermənistanda başa düşürlər. Ermənistan yenidən silaha əl atmalı olacaqsa, bu halda öz müqəddəratını təhlükə altına atacaq. Düşünürəm ki, Rusiya nəhayət bundan sonra barışdırıcı tərəf olmağı bacarmalıdır. İstər Azərbaycana, istər Ermənistana, istərsə də Gürcüstana münasibətdə bu uğursuz siyasətindən birmənalı imtina etməlidir. Prezidentin müsahibəsi zamanı səsləndirdiyi daha bir önəmli məqam Rusiyanın Ermənistanın müttəfiqi, Azərbaycanın isə qonşusu olması ilə bağlı söylədikləri oldu. Müsahibə zamanı çox ciddi xəbərdarlıqlar oldu və hər kəs bundan lazımi nəticə çıxarmalıdır. - Belə iddialar var idi ki, Paşinyan Qərbə bağlı siyasət yürüdür və Rusiya onu dəstəkləməyəcək. Bununla bağlı iddiaların həqiqət yükü varmı? - Hansısa dövlət başçısının Qərbə bağlılığı ilə deyilənlər həqiqəti əks etdirmir. Eyni zamanda, digər qüvvələrlə bağlı söylənilənlər də buna aiddir. Ermənistan Rusiyanın forpostudur və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu, belə də davam edəcək. Bunu doğuran səbəblər isə həm müxtəlifdir, həm də ciddi. Köçəryan və Sərkisyan dövründə baş verən hərbi cinayətlərə, işğalçılıq fəaliyyətinə etiraz olaraq erməni xalqı yenidən Paşinyana dəstək verdi. Paşinyan məğlub ölkənin rəhbəri olaraq yenidən iqtidarda qala bildisə, bu, artıq o deməkdir ki, erməni xalqı müharibə istəmir, sülhdən yanadır və bu mövqeyini son seçkilərdə aydın şəkildə ortaya qoydu. Bu gün Paşinyan üçün şans var ki, erməni ictimaiyyətinin etimadını doğrultsun. Üçtərəfli bəyanatın hər bir bəndini yerinə yetirərək, ölkəsindən istifadə edən qüvvələrlə yollarını ayıra bilər. Ermənistanın müstəqil dövlət kimi mövcudluğu ərazi iddialarına son qoymaqdan, nəqliyyat infrastrukturunu bərpa etməkdən və sülh müqaviləsi imzalamaqdan keçir. Düşünürəm ki, yekunda bunu başa düşərək, öz mənfur siyasətlərindən əl çəkəcəklər. - Daha bir ehtimal isə ondan ibarətdir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqdan imtina edib və bundan sonra Rusiya ölkəmizə qarşı təzyiqləri artırıb... - Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqına üzvlüyü praktik olaraq mümkün deyil. Bilirsiniz ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz heç bir hərbi bloka daxil olmaq fikrində deyil. Azərbaycan nə NATO-ya, nə də KTMT-yə üzv olacaq. Bizim bir ölkə olaraq özümüzü qorumaq üçün kifayət qədər imkanlarımız var. Bu mənada hər hansı blokda olmağa ehtiyacımız yoxdur. Bunu Rusiyada da gözəl anlayırlar. Cənubi Qafqazda real təsir imkanlarına malik, potensial əməkdaşlığa hazır olan yeganə ölkə Azərbaycandır. Bu mənada onların KTMT üzərindən Azərbaycana təzyiq etməsi və bu yolla nəticə əldə edəcəyi utopiyadan başqa bir şey deyil. - Qarabağda antiterror əməliyyatı başlaya bilərmi? Yenidən müharibə riski qalırmı? - Azərbaycan sülhün tərəfindədir və yenidən müharibənin başlamasında maraqlı deyil. Lakin Ermənistan 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan müddəaları kobud sürətdə pozmaqda davam edərsə, bunun baş verməsi istisna olunmur. Bu xüsusda qısamüddətli antiterror əməliyyatının da başlaması mümkündür. Bu gün Ermənistanın nə hərbi, nə də iqtisadi gücü var ki, döyüş meydanında Azərbaycanla üz-üzə gəlsin. “Dəmir yumruq” öz yerindədir və yollarını azsalar, yenidən başlarına dəyəcək. Geri qayıt |