Əsas Səhifə > Partiya, Güney Press > “Bakıda klinikalarda yer qalmayıb”

“Bakıda klinikalarda yer qalmayıb”


18-08-2021, 08:01
“Bakıda klinikalarda yer qalmayıb”
Bildiyiniz kimi, Göyçay rayonunun Qaraməryəm kəndində “Kompleks” adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.

Ümumiyyətlə, son günlər ölkədə yoluxma sayında ciddi artım müşahidə edilir.

Belə ki, ötən gün Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 851 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.Artan yoluxma və ölüm sayı sərt karantinin yenidən bərpa oluna biləcəyini göstərir.

Maraqlıdır ki, sərt karantin həm də lokal xarakter daşıya bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında deputat Musa Quliyev deyib ki, ölkədəki epidemioloji durum getdikcə pisləşir və belə olan halda həm ümumi, həm lokal qapanmaya gedilə bilər:

“Həmin yoluxma artan rayonlarda da sərt karantin ola bilər, eyni zamanda bütün ölkədə də sərt karantinə keçilə bilər. Bu, epidemioloji situasiyadan asılıdır. Epidemioloji situasiya da günü-gündən pisləşmək üzrədir. Yoluxanların sayı artır, reanimasiyada olan xəstələrin sayı çoxalır. Məndə olan məlumata görə, ötən gün Bakıda olan klinikalarda yer olmayıb, bir neçə ağır xəstə yerləşdirilə bilməyib. Belə şeylərlə zarafat etmək olmaz.

“Delta” ştammı da olduqca sürətlə yayılır. Xüsusilə toyların olması, sosial-ictimai obyektlərin açılması ilə bağlı yoluxma da sürətləndi. Görünür, əks-epidemioloji tədbirləri gücləndirmək lazımdır. Deməli, çox ciddi tədbirlər görülməlidir”.

M.Quliyev bildirib ki, sosial şəbəkələrdə vaksinasiya əleyhinə təbliğat aparılır və bununla hüquq-mühafizə orqanları iş aparmalıdır:

“Biz təxminən, 1 ay öncədən həyəcan təbilini çalmağa başlamışıq. Təəssüflər olsun ki, sosial şəbəkdə əks-təbliğat aparılmağa başladı. İnsanlar da görünür, onlara daha çox inanırlar. Vaksinasiya prosesinə nəzarəti artırmaq lazımdır. İnsanlar da qoruyucu tədbirləri həyata keçirməlidirlər.

Vaksinasiyanın sürəti məni qətiyyən qane etmir. İndiyə qədər əhalinin ən azı 50 faizi vaksin edilməli idi. Düşünürəm ki, sosial şəbəkələrdə aparılan əks-təbliğata qarşı hüquq-mühafizə orqanları çox ciddi addımlar atmalıdır. Bu əks-təbliğat insanları ölümə sürükləməkdir ki, hə, siz vaksinasiya olunmayın, gedin, ölün”.

Deputat əlavə edib ki, sərt karantin bir çox sahələrə mənfi təsir etsə də, tədbirlər görülməlidir:

“Biz əslində sərt karantinin tərəfdarı deyildik. Çünki bu, həm iqtisadiyyata, həm sosial həyata, həm insanların psixologiyasına mənfi təsir göstərir. Amma artım artıq 3 000-ə çatırsa, deməli karantin rejiminə keçmək lazım olacaq. Bunun hansı sahələrdən başlayacağını isə Operativ Qərargah bilir. Çünki onların əlində statistika var və bu barədə informasiyaları daha çoxdur. İstənilən halda, biz artıq məhdudiyyətlərə getmək məcburiyyətindəyik”.



Geri qayıt