Əsas Səhifə > Partiya, Güney Press > “Pandemiya ilə bağlı cərimələrin artırılmasının əleyhinəyəm”

“Pandemiya ilə bağlı cərimələrin artırılmasının əleyhinəyəm”


19-08-2021, 08:03
“Pandemiya ilə bağlı cərimələrin artırılmasının əleyhinəyəm”
Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayında son günlərin rekord göstəricisi- 4 129 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 968 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 20 nəfər isə vəfat edib. Göründüyü kimi, koronavirusa yoluxma sayında artımlar hər keçən gün daha da çoxalır.

Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarlar verəcəyi istisna edilmir. Ehtimal edilir ki, oktyabrın 1-dək vaksinasiyadan keçməyənlərin ictimai yerlərdə karantin qadağasını pozduğu aşkar edilərsə, bir neçə dəfə artıq cərimə edilməsi gözlənilir...

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a son epidemioloji vəziyyətlə bağlı narahat olduğunu deyib: “Hazırda ölkədə yayılan bu pandemiya məni çox narahat edir. Xeyli insan da artıq peyvənd olunub. Vaksinasiya aparılmasına baxmayaraq yenə də tempin artmasını görürük. Təbii ki, bu bizi nəinki narahat etməlidir, həm də hər hansı addım atmağa da sövq edə bilər. Deməzdim ki, vətəndaşlarımız çox məsuliyyətsizdir, maska taxmaq istəmir, qorunmaq istəmir. Düzdür, əməl etməyənlər də var, amma bu, kütləvi deyil. Ola bilsin ki, toylarda, yas yerlərində insanlar, birində qəmdən, birində şadlıqdan vəziyyətə uyğun olaraq maska taxmırlar. Burada təhlükəlı vəziyyət ola bilər. Amma cərimələri artırmaqla insanları məsuliyyətə dəvət etmək və düşünmək ki, cərimələri artıran zaman insanlar buna əməl edəcək, bu yanlış dəyərləndirmədir. Mən hökumət orqanlarını da bu dəyərləndirmədən vaz keçməyə səsləyirəm. Birincisi, yüz, iki yüz manat heç də balaca rəqəm deyil. İnsan var ki, iki yüz manatı bir ay ərzində qazanır. Bu insanın 100 manatını cərimə ilə 500 manat edəndən sonra maska taxacağını düşünmək ağılabatan deyil. Yəni bu çıxış yolu deyil. Ümumiyyətlə, cərimələrin artırılmasının əleyhinəyəm. Sadəcə olaraq düşünürəm ki, təbliğat vasitələrini bir az dəyişmək lazımdır. Bizdə insanları bir tərəfdən qorxudurlar ki, xəstəlikdən öləcəksən, bəziləri də antiarqument qoyur ki, koronavirus yoxdur, yalandır, siyasətdir. Antitəbliğat təbliğatı çox üstələyir. Təbliğatı qorxu yolu ilə yox, başqa formada həyata keçirmək lazımdır. Operativ Qərargah ağıllı, peşəkar mütəxəssisləri, piarla, reklamla məşğul olan şəxsləri, şirkətləri cəlb etsin. Onlarla məsləhətləşin ki, insanlara necə çatdıraq ki, anti-təbliğat bizim təbliğatımızı üstələməsin. Antitəbliğat təbliğatı üstələdiyinə görə hazırda bu problemləri yaşayırıq”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Artıq gördüyünüz kimi, yoluxma sayında xeyli artım müşahidə edilir və vaksinasiya olunanlar da yoluxur. Vaksinasiya əslində yoluxmadan qorumur, yəni belə görünür. Amma xəstəlik yüngül və orta ağırlıqda keçir, ölümcül olmur. Sadəcə, xəstəxana şəraitini əksər hallarda tələb eləmir. Vaksinasiyanın bir üstünlüyü bundan ibarətdir. Yoluxub-sağalanlarda isə təkrar yoluxma halı az qeydə alınır. Bu, vaksinasiyadan daha effektli görünür, yəni təbii immunitet yaranır. Bu da onu deməyə əsas verir ki, karantin tədbirləri gücləndirilməlidir. İri marketlərə giriş maskasız qadağan olunmalıdır və toylar ləğv olunmalıdır, böyük toplantılara, yas məclislərinə də ciddi nəzarət olunmalıdır. Orada maska taxılması tələb edilməlidir. Vaksin olunmayanlara qarşı da müəyyən tədbirlər görülməlidir. Təbii ki, onların hüququnu pozmamaq şərtilə bunu etmək lazımdır”.

İnfeksionist deyib ki, məktəblərdə əyani dərslərin keçirilməsi mümkün olmayacaq: “Təbii ki, əyani təhsilə keçmək məsələsi mümkün olmayacaq. Çünki bizdə 18 yaşdan aşağı şəxslərə peyvənd vurulmasına hələ başlanmayıb, amma başlanılacaq. Bundan əlavə, 15-12 yaşından aşağı uşaqlara peyvənd vurulması məsələsi də hələ ki yoxdur. Bu səbəbdən əyani təhsilin keçirilməsi bu payız mümkün olmayacaq”.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 66 519 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 858 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 932 734, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 526 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 406 267 təşkil edir.

Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda nazirliyin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov isə vətəndaşları xəbərdar edib. O qeyd edib ki, ürək xəstələrinin koronavirusa yoluxandan sonra xəstəliyi digər şəxslərlə müqayisədə 5 qat daha ağır keçirmək riski var: “Dünyadakı statistikaya görə, bu cür xəstələr daha ağır keçirir, daha çox reanimasiyaya düşür. Xəstəliyin ağır keçməsinə səbəblərdən biri də müalicədə istifadə olunan dərmanların yan təsiridir. Ürək xəstələrində virusa yoluxma ilə bağlı simptom olan kimi həkimlə məsləhət etməsini tövsiyə edirik, ilkin etapda həkimə xəbər vermək çox vacibdir. Ürək xəstəliyi olanlarda koronavirusa yoluxma zamanı xəstəlik daha da ağırlaşır”.

Həkim bildirib ki, hətta ürək xəstəliyi olmayanlarda belə virusa yoluxduqda ən çox aritmiyaların yaranması, ürək ritmi pozulması, ürək əzələsinin iltihablaşması, kəskin infarkt riski olur. Onun sözlərinə görə, ürək çatışmazlığı varsa, üzərinə koronavirus gəldikdə tromb riski yaranır və infarkt riski daha da artır: “Ürək-damar xəstələri yüksək risk qrupunda olduğu üçün daha çox vaksin olunmasını istəyirik. Bizə ən çox müraciətlərin sayı da vaksin vurdurub-vurdurmamaqla bağlıdır. Birmənalı olaraq bu cür xəstələr gecikdirmədən vaksin vurdurmalıdır”.


Geri qayıt