Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanın bu missiyasının qarşısını almaq mümkün deyil"
"Azərbaycanın bu missiyasının qarşısını almaq mümkün deyil"20-08-2021, 09:06 |
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Səməd müəllim, “CNN Türk” kanalına müsahibənin ardınca dövlət başçısı Kəlbəcər və Laçından mühüm mesajlar verdi. Zaman etibarı ilə belə bir mövqenin sərgilənməsi hansı mətləbləri ehtiva edir? - Bu iki mühüm hadisənin bir-biri ilə məntiqi bağlılığı var. “CNN Türk” kanalına müsahibəsində, Kəlbəcər və Laçından cənab Prezident tərəfindən verilmiş açıqlamalar region üçün taktiki inkişaf və gələcəkdə görüləcək işlər haqqında yol xəritəsi idi. Dövlət başçısının bu çıxışlarında bir sıra mühüm məsələlər yer alıb. Çünki son zamanlar ermənilər elə bir ab-hava yaratmağa çalışırdılar ki, guya Böyük Qayıdış planı hər hansı bir formada səngiyib, görülən işlər dayandırılıb, başqa məsələlər gündəmə gəlib, sərhədlərdə gərginlik var və.s. Eyni zamanda delimitasiya məsələlərinin müəyyən olunmasında ciddi problemlər yaranıb kimi provakativ gərgin bir fon yaratmağa çalışılırdı. Dövlət başçısının “CNN Türk”ə müsahibəsi Kəlbəcər və Laçına etdiyi tarixi səfərlər ermənilərin bu yanaşmalarını növbəti dəfə alt-üst etdi. Böyük Qayıdışın ardıcıllıqla, məntiqlə həyata keçirilməsi əyani şəkildə nümayiş olundu. Hər kəs azad olunmuş ərazilərdə tikilən su elektrik stansiyasını, elektrik xətlərini, yolları, tunelləri, heyvandarlığın, arıçılığın inkişafını, o ərazilərdə həyatın bərpasını əyani şəkildə gördü. Bunu yalnız Azərbaycan ictimaiyyəti deyil, bütün dünya seyr etdi. Azərbaycan sülh, əmin-amanlıq istiqamətində bütün lazım olan addımları atır mesajı hamıya çatdırıldı. Nümayiş olundu ki, Azərbaycanın bu missiyasının qarşısını almaq mümkün deyil. - Beynəlxalq ictimaiyyətə ötürülən mesajın əhəmiyyətini necə dəyərləndirirsiniz? - Bu yanaşmalarla beynəlxalq ictimaiyyətə çatdırıldı ki, Azərbaycan sülh yolundadır. Ölkəmiz sülh müqaviləsi bağlamağa hazırdır. Hazırda dövlətimiz öz sərhədlərinin delimitasiya və demarkasiya məsələlərini gündəmində saxlayıb. Azərbaycan azad etdiyi torpaqlarında yenidən həyatın bərpa olunması əsas məsələlərdəndir. Ölkəmiz eyni zamanda bütün qüvvələri də bu prosesdə iştiraka dəvət edir. Təbii ki, dostlar, dost kimi bu prosesdə iştirak edəcək. Düşmən qüvvələr isə prosesləri dərk etməyə dəvət olunur. Çünki bu məsələlərin başqa cür həll yolu yoxdur. - Azərbaycanın siyasi güc müstəvisində sərgilədiyi mövqe hansı prizmalarda qəbul olunur? - Sözsüz ki, dövlət başçısı tərəfindən müsahibələrdə, aparılan söhbətlərdə sərgilənən mövqe Azərbaycanın qüdrətinin göstəricisidir. 44 günlük müharibədə Azərbaycan hərbi güc sərgiləyib torpaqlarını işğaldan azad etmişdisə, bu gün də həmin ərazilərin bərpası, inkişafı ilə bağlı siyasi iradə nümayiş etdirir. Azərbaycanın bu məsələləri reallaşdırmağa hər cür imkanı çatır. Çünki bu məsələlərin bir-birinin ardınca reallaşması olduqca vacib idi. - Ermənistan tərəfindən Azərbaycanı dostları, qonşuları, tərəfdaşları ilə üz-üzə qoymaq cəhdləri vardı. Məqsəd nə idi? - Prezident bütün bunlarla bağlı da öz fikirlərini bildirdi. Qeyd olundu ki, Azərbaycanla Türkiyə qardaşlığı əbədidir. Gələcək nəsillər də bu əlaqələrin, qardaşlığın real nəticələrini gərəcək. Eyni zamanda Rusiya ilə əlaqələrin iki qonşu dövlət və daha sıx münasibətlər müstəvisində inkişafı dilə gətirildi. Həmçinin İranla da Azərbaycanın mehriban qonşuluq və dostluq əlaqələri inkişaf edir. Bu baxımdan belə məsələləri gündəmə gətirənlər bir daha yanıldılar. - Moskvada üçtərəfli görüş baş tutdu. Ermənistanın sülh sazişinə qədər masada müzakirələri davam etdirəcəyi məntiqinə nə qədər inanmaq olar? - Ermənilər nə qədər provakasiyalar, gərginlik yaratmağa çalışsalar da, Nikol Paşinyan nümayəndəsini Moskvaya üçtərəfli danışıqlara göndərdi. Çünki artıq onların başqa yolu yoxdur. Nə qədər sağa-sola, Avropaya, Amerikaya, Moskvaya, Avropa Birliyinə, Avropa Şurasına ağız açsalar da, onlar üçün heç bir işıq yolu görünmədi. Çünki reallıq elə bir situasiya yaradıb ki, masada oturub Azərbaycanla məsələləri həll etməkdən başqa seçim qalmayıb. Bunun başqa alternativi də yoxdur. Səbr, məntiq və dəmir iradə ilə qarşı tərəfə də cənab Prezident tərəfindən məhz bu mesajlar çatdırılmışdı. Geri qayıt |