Əsas Səhifə > Partiya, Güney Press > "İndi gözləyək, Sərdar bəy desin ki, biz yaşlanmışıq, çəkilək, yerimizi gənclərə verək?"

"İndi gözləyək, Sərdar bəy desin ki, biz yaşlanmışıq, çəkilək, yerimizi gənclərə verək?"


23-08-2021, 11:56
"İndi gözləyək, Sərdar bəy desin ki, biz yaşlanmışıq, çəkilək, yerimizi gənclərə verək?"
Bir neçə gün əvvəl Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu saytımıza son illər gənclərin siyasət meydanından uzaq qaçma səbəblərindən danışıb. Qocaman siyasətçi qeyd edib ki, siyasət ancaq yaşlı, oturuşmuş, təcrübəsi olan adamların məşğuliyyət sahəsi ola bilər. “Uşaq nədir, siyasət nədir, dövlət nədir? Ən azı insanın həyat təcrübəsi, müəyyən savadı olmalıdır. Ömründə bir kitab oxumayan adamın xalqın qabağına çıxıb siyasətçi olduğunu deməsi məntiqsizdir. Bu sizin üçün heyvandarlıq deyil ki, mütləq cavan adam işləsin. Siyasət ağıldır, təcrübədir”,-deyə partiya sədri bildirib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, siyasətin yaşla heç bir əlaqəsi yoxdur, əsas olan ağıldır:

“Bir gün biri deyir ki, yaşı 65-dək olan hamı əsgər getməlidir, vətən uğrunda döyüşməlidir, ancaq təəssüf ki, mənim 66 yaşım var. İndi bu məsələyə oxşamasın.

Amma gənc siyasətçi enerjilidir, kreativdir, dünya reallıqlarını daha aydın başa düşür və bir reallıq da var ki, Azərbaycan əhalisinin 50 faizindən çoxu nəinki 50 yaş, hətta 35 yaşın altındadır. Tibb bunu əsaslandırır.

Amma yaşlananda məndən belə bir şeyi soruşsanız, “Nə danışırsınız, siyasət təcrübədir, gərək, təcrübə qazanıb siyasətlə məşğul olasan”,-deyə bilərəm. Yəni hər iki kateqoriyanın dediklərinə haqq qazandırmaq üçün kifayət qədər arqument var.

İndi gözləyək, Sərdar bəy desin ki, biz yaşlanmışıq, çəkilək, yerimizi gənclərə verək? O, bunu deyə bilməz, bəlkə də, deməməlidir.

Şəxsi yanaşmam isə budur ki, siyasət yaşa baxmır. Siyasət insanların rifaha çatdırılması, dövlətin gücləndirilməsi üçün atılan addımların toplusudur. Bunun üçün çalışan gənc də, yaşlı da olar. Atalarımızın yaxşı deyimi var, tam yerinə düşür: Ağıl yaşda deyil, başdadır.

Sərdar bəyin arqumentindən çıxış etsək, ortaya belə bir sual da çıxır ki, niyə siyasətçilərin hamısı 89-da ortaya çıxanlardır? Siyasi arenada meydan hərəkatından çıxmayan bir yaşlı siyasətçi yoxdur. Deməli bu yaşla yox, həmin dövrlə bağlıdır”.

Tural Abbaslı 1989-cu ildən sonra meydana yeni nəsil siyasətçilərin çıxmama səbəblərindən də söz açıb:

“Deyilənlər hakimiyyətə də aiddir. Baxsaq, görərik ki, onların böyük əksəriyyəti 92-93-cü ildə gələnlərdir. Bu da Azərbaycanda siyasi proseslərin inkişaf etməməsinin, siyasi partiyaların düşünülmüş ardıcıl siyasət nəticəsində səhnədə sıxışdırılmasının nəticəsidir. Bu gün hansı partiya Azərbaycanın siyasi səhnəsində kifayət qədər rol oynayır? Heç biri. YAP belə bu gün dövlət idarəçiliyində iştirak eləmir. Nazirlərin böyük əksəriyyəti YAP-ın üzvü deyil.

Siyasi fəaliyyət o qədər sıxışdırılıb ki, heç kim perspektiv, inkişaf olmadığı üçün buraya gəlmək istəmirlər. İkinci bir məsələ də istər iqtidar, istərsə də müxalifətdə köhnələrin yeni meydana çıxanlara müqavimət göstərməsidir. Monopoliyadır. Bunu mən demirəm, çünki mən hələ bir təhər özünə yer edənlərdənəm, şikayət etməli deyiləm. 21-ci ildir siyasi fəaliyyətlə məşğulam.

Bir çox kriteriyalara görə Ağ Partiyanın onların əksəriyyətinin partiyasından irəlidə olmasına və ya lider olaraq tanınmasına baxmayaraq, hətta bizi belə zorla qəbul edirlər və ya bir çox hallarda qəbul etmirlər. Belə bir şəraitdə yeni siyasi fiqurlar ortaya çıxa bilərmi? Varislik deyilən bir şey var, dünyanın bütün ölkələrində nəinki partiyalarda, dövlətçilikdə belə varislik var. Bizdə isə bu yoxdur. Yeni gələnlər özlərindən əvvəlkiləri, köhnələr isə yeniləri mütləq inkar edirlər. Bu, yaxşı ənənə deyil.

Mən də o ənənəni davam etdirmək istəmədiyim üçün təkrar qeyd etmək istəyirəm ki, yaş önəmli deyil, əsas odur faydalı biri olasan, düşünə, situasiyaya adekvat addımlar ata biləsən, yoxsa Sərdar bəylə yeni diskussiya mövzusu açmaq niyyətində deyiləm”.


Geri qayıt